Dünyada 32, Azərbaycanda 54 saat: Maaş isə…
Kopenhagen bələdiyyəsi aprelin 1-dən öz əməkdaşları üçün dördgünlük iş həftəsi rejimi tətbiq edir.
İlin sonunadək davam edəcək eksperimentdə bələdiyyənin 6 administrasiyasının 14 işçi vəzifəsi üzrə əməkdaşları iştirak edirlər. Eksperiment başa çatdıqdan sonra qısaldılmış iş həftəsi rejimi rəsmi qaydada təsdiq olunacaq. Azərbaycanda iş rejimi ilə bağlı "Cebhe.info"-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dünya inkişat etdikcə insan kapitalına daha çox dəyər verilir, kapitalın özünü bərpa etməsi üçün daha geniş imkanlar yaradılır:
"Ona görə də son 2 ildə dünyada 32 saatlıq iş həftəsinə keçid müşahidə olunur. Əvvəllər həftədə 40 saatlıq iş həftəsindən söhbət gedirdisə, indi həftədə 32 saatlıq iş həftəsi aktualdır. Bu məsələ insanların öz əmək qabiluyyətini bərpa etmək, onu inkişaf etdirmək imkanlarını genişləndirir. Azərbaycanda isə insan kapitalı daha geniş şəkildə istismar edilir. Məsələn, günümüzdə əksər özəl şirkətlərdə insanları 6 gün, 9-12 saat işlədirlər.
Elə işçilər var ki, onlar həftədə 70 saat işləyirlər. Amma məsələ burasındadır ki, 70 saat işləyənlər Avropa işçisindən dəfələrlə az məvacib alırlar".
O qeyd edib ki, Azərbaycanda əmək bölgüsü düzgün aparılmayıb və aparılmır:
"Ölkəmizdək iqtisadi model, yəni bazar iqtisadiyyatı heç də bu iqtisadiyyatın nəzəri əsaslarına uyğun olaraq tətbiq edilmir. Bazar iqtisadiyyatının normal şəkildə tətbiq edilməsi iqtisadiyyatda bütün məsələləri nizama salır. Amma biz bunu tətbiq edə bilmirik. Ən azı bazar iqtisadiyyatının əsas prinsiplərinə zidd olaraq ölkə iqtisadiyyatının böyük hissəsi inhisardadır, rəqabət mühiti yoxdur. Rəqabət mühiti olmayan yerdə inhisarçılar həm satış üçün bazarda qiymətləri, həm də işçilərə onların əməyinin dəyərini diqtə edirlər. Həm də inhisarçı iqtisadiyyatda iş yerləri məhdud olur, bu da inhisarçı iqtisadiyyatın xarakterindən biridir. İş yeri də məhdud olduğuna görə işçi iş yerini itirməkdən qorxur, bu səbəbdən də sahibkar hansı şərtləri qoyursa, işçi də o şərtlərlə işləməyə, əməyini satmağa məcbur olur. Bu gün ən yaxşı halda ölkədə işçilər 6 gün, 9 saat işləyir. Baxmayaraq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işçi həftədə 40 saat işləməlidir, amma özəl şirkətlərdə həftəlik iş saatı ən yaxşı halda 54 saat olur. Bu, işçiləri həftədə 14 saat çox işləməyə məcbur edir. Amma dövlət qurumlarında həftədə 5 gün, gündə 8 saatlıq iş rejimi var. İşçi bundan çox işlədikdə, onun əməyi ikiqat dəyərləndirilir".
Ləman İsmayıl