Eşşəklərin sayı niyə azalıb? - Maraqlı SƏBƏB
Son 1 il əzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub. Məlumata görə, eşşəklərin böyük hissəsinin - 10174-nün yaşı 3 və daha çoxdur.
Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.
Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub.
Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var.
Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur.
Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.
Bəs, bir ildə eşşəklərin sayı niyə bu qədər azalıb?
Mövzu ilə bağlı News365.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dağ kəndlərində yük daşımaq üçün eşşəkdən hər zaman istifadə edilib:
“Bu gün də belə hallar var. Amma əvvəlki qədər tələbat yoxdur. Çünki, sivilizasiya ucqar kəndlərə də gedib çıxıb. Ona görə də eşşəkdən yük daşıma halları azalıb. Amma az da ola eşşəkdən istifadə edilir. Məsələn, statistikaya baxsaq görərik ki, ən çox eşşək dağ rayonlarındadır. Bilirsiniz ki, son illərdə kəndlərə qaz və su xəttləri çəkilib. Bu da insanların qayğılarını xeyli azaldıb. Bununla belə bəzi bölgələrdə bu heyvanın xidmətində insanlar hələ də maraqlıdır”.
Akif Nəsirli hesab edir ki, tələbat azaldıqca insanlar eşşək saxlamaqda maraqlı deyillər:
“Ona görə də eşşəklər son vaxtlar daha çox satılır. Bundan istifadə edən işbazlar da eşşəyi ucuz qiymətə alıb kəsir, ətini də mal əti adı ilə satırlar. Təsadüfi deyil ki, dönərxanalarda at, eşşək ətindən istifadə edilməsi barədə çox sayda məlumatlar yayılıb. Bütün hallarda eşşəklərin baş sayının azalmasının tək səbəbi bu heyvanın xidmətində insanların daha az maraqlı olmasıdır”.
İlhamə Qiyas