İran dostumuzdur, yoxsa düşmənimiz?
Səxavət Əlisoy
Birinci hissə
Eyni dinə, eyni məzhəbə, demək mümkün ki, eyni kültürə sahib, 700 kilometrə qədər sərhəddi olan iki qonşu dövlət əslində çox yaxın münasibətdə olmalıdır. İran əhalisinin təxminən 40 faizinin Azərbaycan türkü olduğunu bura əlavə edəndə söhbət dostluqdan deyil, qardaşlıqdan getməli. Təəssüf ki, belə deyil.
Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra zaman-zaman münasibətlərdə ciddi gərginliklər yaşanıb.
İran və Azərbaycan arasında yaşanan ərginliyin səbəbləri nələrdir?
Bu səbəbləri ümumiləşdirərək, belə sıralamaq olar:
1. Azərbaycandan əsən millətçilik və türkçülük küləkləri
2. Xəzər dənizinin bölgüsü
3. Azərbaycanın Qərbə meylliyi
4. Azərbycanın ABŞ və İsraillə pozitiv münasibətlər
5. Azərbaycanın Neft kontraktları
6. İranın Ermənistanla sıx əməkdaşlığı
7. Qarabağ savaşlarında İranın Ermənistanı dəstəkləməsi…
Bir az tarixə ekskursiya edək. 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıdı İran. Bu bir diplomatik prosedur elementi. BMT-yə üzv olan dövlətlər ard-arda Azərbaycanı müstəqil dövlət kimi tanımağa başladı 1991-ci ildən. İran da onlardan biri.
İranın Azərbaycanın müstəqilliyini tanımasının içində nə vardı? Buna bir nəzər salaq.
Bəri başdan yazıram, İran Azərbaycanın müstəqil olmasını, üstəgəl dünyəvi dövlət olmasını 30 il əvvəl də həzm edə bilməyib, bu gün də həzm etmir, gələcəkdə də həzm etməyəcək.
İran hər zaman Azərbaycana əyalətlərindən biri kimi baxıb və bu gün də baxmaqda davam edir. İranın Azərbaycanın müstəqilliyini tanımasının mərkəzində əhalimizin yüzdə səksəninin şiə olması, ondan da önəmlisi özlərinin ifadə etdiyi kimi Türkmənçay və Gülüstan müqavilələrinin müddət bitimindən sonra Azərbaycanı öz ərazisinə qatmaq istəyi dayanırdı.
Əminəm ki, bu məqaləni oxuyanlar təsdiq edər, zır cahillərini demirəm, bir az ağıla sahib İranlı hər zaman Azərbaycana yuxarıdan aşağı baxır. Bu ölkəyə 1991-dən bəri bəlkə də 20 dəfə getdim. Söhbət etdiyim 10 nəfərdən 9-unun Azərbaycana İranın bir əyaləti kimi yanaşdığını gördüm.
1970-ci illərin sonunda hakimiyyətə gəlmiş molla rejimi birmənalı olaraq türk nüfuzunu ikinci növ vətəndaş kimi görür. Farslar təkcə Azərbaycan türklərinə deyil, torpaqlarında yaşayan bütün xalqlara-kürdlərə, ərəblərə, türkmənlərə və digərlərinə də eynən bizə baxdıqları kimi baxmaqdadır.
Məhz buna görə fars şovinizminin fəsadlarına həyatın hər sahəsində rast gəlmək mümkündür. Bu şovinizmin ən qorxunc və iyrənc tərəfi odur ki, xalqlar ana dilində oxuyub yazmaqdan məhrum olub. Sovet İttifaqı kimi anormal rejimdə belə xalqlar öz ana dilində təhsil alır, kargüzarlıq dövlət idarələrində hər xalqın dilində aparılırdı.
Yalnız fars dilinin rəsmi dövlət dili olması İranda yaşayan xalqların mədəni səviyyəsinin yüksəlməsinə mane oldu, ana dilində danışa bilməyən geniş bir kütlənin formalaşması baş verdi və nəticədə fars kültürünə assimlyasiya geniş vüsət aldı.
Bu gün İranda, xüsusən Tehranda, Xorasanda, Məşhəddə və digər şəhərlərdə yaşayan minlərlə, yüz minlərlə deyil, milyonlarla Azərbaycan türkünün ana dilini, kültürünü, daha dürüstü gen yaddaşını unudaraq farslaşması ortada.
Ali məqamlarda oturan neçə-neçə manqurt Azərbaycanlı türklər var. Assimlyasiya o qədər sirayət edib ki, Azərbaycan türkcəsində danışmağı aşağılıq hesab edən bir kəsim dövlət vəzifəlisi mövcuddur İranda.
Zatən burnunun ucundan uzağı görməyən, mənsub olduğu xalqa dəyər verməyən, ömrünü sərvət toplamaq və hərəmxana böyütmək məqsədi ilə yaşamış hökmdarların axmaqlığı üzündən bir xalq yüz illərdir manqurt kimi yaşamaqda davam edir. Əgər o hökmdarların birinin belə başında millət və dövlət sevdası olsaydı, bu gün İranın dövlət dili həm də Azərbaycan dili olardı…
Mətləbə qayıdaq. İran bizim gerçəkdən dostumuzmu?
İl 1992. 7 May. Tehran. Azərbaycan dövlət adamları İran Prezidenti Rəfsəncani ilə görüşür. İran guya Azərbaycan-Ermənistan münaqişəsinə vasitəçilik edir. Danışıqlar getdiyi zaman Şuşa ermənilər tərəfindən işğal olunur.
Birinci Qarabağ müharibəsi zamanı (1992-1994) ard-arda torpaqlarımız işğal olundu. 12 may 1994-cü il Bişkekdə imzalanan Atəşkəs sazişinə qədər İran Azərbaycan torpaqlarının işğalına biganə qaldı. Bunun adına necə “qardaşlıq” demək mümkündür?
İl 1993. Öz türkçü və millətçi fikirləri ilə Əbülfəz Elçibəy İranı ciddi narahat edirdi. İran üçün Azərbaycanda demokratik və dünyəvi bir dövlətin təşəkkül tapması arzuolunan deyildi. Ə.Elçibəyin siyasi tezislərinin günlərin birində İranı ayağa qaldırmaq təhlükəsi var idi. Odur ki, İran Ə. Elçibəyin hakimiyyətdən getməsi üçün Kreml ilə bərabər hərəkət edirdi. Əslində İran Heydər Əliyevin də hakimiyyətə gəlişindən narazı idi. İran üçün ən sərfəlisi İranpərəst bir siyasətçinin iqtidara gəlməsi idi. Tehranın ən böyük səhvi o idi ki, Azərbaycanda “ikinci Xomeyni” axtarırdı. Azərbaycanda “ikinci Xomeyni” tapmaq mümkün deyildi. Nədən ki, 70 illik Sovetlər Birliyi dönəmində dini liderin formalaşması absurd bir şey idi. Digər tərəfdən Azərbaycanda toplum zehniyyətçə demokratiyanı, dünyəviliyi və müasirliyi qəbul etmiş bir toplum idi. Bu zehniyyət heç bir zaman hər hansı bir dini məzhəbin idarəçiliyini qəbul etməzdi. İran ən yaxşı halda Azərbaycanın bir neçə yaşayış məntəqəsini öz ideoloji təsiri altına sala bildi ki, bu təsirin də qarşısı bir neçə ildən sonra Azərbaycan dövləti tərəfindən neytrallaşdırıldı.
İranın unutduğu bir nəsnə də vardı. ABŞ və Böyük Britaniya artıq Bakıda idi. Azərbaycan neft və qazı üçün planlar çoxdan cızılmışdı. Bu planda İran yox idi.
Əsrin müqaviləsindən kənarda qalmaq İranın geosiyasi məğlubiyyəti idi. Bu məğlubiyyətlə razılaşmayan İran Bakı-Tiblis-Ceyhan xəttinin çəkilməsinin əleyhinə çıxdı. Bu xətti Tehran “NATO xətti” olaraq dəyərləndirdi.
Tehranı başa düşmək elə də çətin deyil. Özünün əyalətlərindən biri hesab etdiyi Azərbaycan bir tərəfdən dünyəvi dövlət olduğunu elan etdi, digər tərəfdən Neft müqavilələrində onu oyundankənar vəziyyətdə qoydu. Tehranı ən çox narazı salan isə “böyük şeytan” adı verdiyi ABŞ-la və daha sonra İsraillə Azərbaycanın isti münasibəti oldu.
Bu sözlərimi əsla unutmayın, əgər Azərbaycan nefti olmasaydı, 1991-ci ildən sonra torpaqlarımız İran və Rusiya tərəfindən təkrar işğal ediləcəkdi. Başqa sözlə, bir molla tapıb Azərbaycanın başına qoyacaqdılar. Neftimizin müstəqil dövlət olaraq var olmamızda ən böyük önəmi budur.
İranın bir məsələdə haqqını vermək gərək. Qaçqın soydaşlarımıza çadır və ərzaq yardımı etdi İran. Bu durumda olanlara hansı dövlət yardım etmir ki? Yenə də sağ olsunlar. Amma İranın Ermənistana etdiyi yardımları da xatırlamaq gərək. Tarixə müraciə edək.
İl 1999. 02 Avqust. Heydər Əliyevin Bakıda prezident sarayında İranın Şərqi Azərbaycan Əyalətinin Ostandarı Yahya Məhəmmədzadəni qəbul edərkən söhbətindən: “…Bizim bir ümumi narazılığımız vardır. Uzun illərdir deyirik ki, məsələn, İranla Ermənistan arasında çox sıx iqtisadi əməkdaşlıq vardır. Biz bunu deyirik, ancaq İran tərəfindən bizim bu arzularımız yerinə yetirilmir. Çünki deyirlər ki, biz iqtisadi əlaqələr keçiririk, filan edirik. Ancaq iş də burasındadır ki, məsələn, Ermənistanın prezidenti var idi - Levon Ter-Petrosyan. O, il yarım bundan qabaq istefa verdi. O, bir neçə dəfə demişdi ki, əgər İrandan iqtisadi əlaqələrlə gələn şeylər iki gün kəsilsə, Yerevan boğular. Bax, bunu o özü demişdi. Yəni bu iqtisadi əlaqələr, şübhəsiz ki, İran üçün faydalıdır. Çünki ticarət etməlidir, öz mallarını satmalıdır. Ancaq bizimlə qardaşlıq nöqteyi-nəzərindən, bizim ölkəmizə təcavüz edən bir ölkə ilə iqtisadi sahədə bu qədər əməkdaşlıq etmək, - mən açıq danışıram, indi ola bilər, kimsə incisin, ya inciməsin, - bu, bizi incidir.”
ATƏT-in Minsk qrupu kimi İran da Qarabağ probleminin həllində maraqlı deyildi. İranın əsas əndişəsi o idi ki, Qarabağ problemii bitdikdən sonra Bakıdan Cənubi Azərbaycan küləyi əsməyə başlayacaq. Qarabağ probleminin varlığı İrana ekonomik aspektdən faydalı idi. Çünki blokadada olan Ermənistan büsbütün İranın iqtisadi nəzarətində qalacaqdı.
2-ci Qarabağ savaşında İranın öncə bitərəf qalmasını xatırlayın. Yalnız Azərbaycan ordusu savaşın finişinə yaxınlaşanda Tehranın “Azərbaycanın öz ərazisinin bütövlüyünü təmin etmək haqqı olduğunu” bəyan etdiyini də xatırlayın.
Azərbaycan ordusunun zəfər yürüşünə İranın öz ərazisində necə əngəl olduğunu da kimsə unutmayıb yəqin ki.
2-ci Qarabağ müharibəsindən sonra İranın yenidən oyundan kənar vəziyyətdə qalması, Türkiyənin proseslərə aktiv müdaxiləsi Tehranın Azərbaycana qarşı qəzəbini bir az da artırdı.
İranın dövlət yetkililəri Azərbaycanı təhdid etməyə qalxdı. İki il əvvəl İran Azərbaycan sərhəddində hərbi manevrlərə start verdi.
Tehrandakı Azərbaycan səfirliyində terror aktı münasibətlərin hansı səviyyədə olduğunu göstərdi.
Dost dostla təhdid dilində danışarmı? Dost dostun səfirliyində terror aktı gerçəkləşdirərmi?
Qarabağ savaşının birinci hissəsi bitib. Ermənistanla soyuq savaş isə hələ bir müddət davam edəcək. Açınacaqlı odur ki, İran da Azərbaycana qarşı soyuq savaşa qoşulub
Şiə İranın xristian Ermənistanla “qardaşlığı” Tehranın bir strategiyası. Bunu anlayırıq. Tehranda da Azərbaycanı düzgün oxuyurlar. Yaxşı bilirlər ki, Azərbaycan nə ABŞ, nə də İsraillə müttəfiqliyini pozmağa qərar verəcək. Bu iki supergücün isə İranla öz hesabları var. Nədir o hesablar?
Davamı olacaq
“Təşəbbüs” Vətəndaş Platforması. IX məqalə