Qarabağı 30 ilə azad etdik, bəs neçə ilə tikəcəyik?
Akif Nəsirli
"Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər".
Yəqin ki, bu xəbəri hamı sevinclə qarşıladı, əsasən də Kəngərlidən və Xıdırlıdan məcburi köçkün düşmüş vətəndaşlarımız. Əlbəttə, sevindirici hadisədi, vəhşı ermənilərin dağıtdığı kəndlərimiz bərpa edilir, yenidən qurulur, özü də dövlət hesabına...
Amma burda bir düşündürücü məqam var. Artıq torpaqlarımızın azad edilməsindən 2 il keçdi. Bu müddət ərzində biz yalnız bir ağıllı kənd - Ağalını tikib, ora 50-60 ailə köçürə bilmişik. Üçüncü ilin başlanğıcında isə Ağdamın iki kəndinin təməlini qoymuşuq. Yəqin ki, bu kəndlər də 2-3 ilə hazır olar. Şanlı Ordumuz 44 günlük müharibədə mindən çox yaşayış məntəqəsini azad edib. Tutaq ki, bu yasayış məntəqələrinin bir çoxu birkəşdiriləcək və onların sayı 400-ə enəcək. Ağalı kəndi 2 ilə tikildi, bundan sonra biz hər il bir kənd və ya bir şəhər tüksək (dövlət büdcesinin gücü hər il bir kənd tikməyə belə çatmır), azad edilmiş ərazilərimizin əsaslı bərpası üçün bizə 400 il, yəni 4 əsir vaxt lazım gələcək. Deməli, biz dövlət olaraq nəyisə düz eləmirik, işğaldan azad edilmiş ərazilərin bərpası proqramında hansısa yanaşma düzgün qoyulmayıb.
Bəli, bu doğrudan da belədi, biz hər il dövlət büdcəsinin tən yarısını belə bu istiqamətə yönəltsək (hərçənd ki, bu mümkün deyil), yenə bizə onilliklər lazım gələcək. Bəs səmərəli yol hansıdır?
Fikrimizcə, işğaldan azad edilmiş ərazilərin bərpası prosesində dövlətin əsas vəzifəsi aşağıdakılardan ibarətdir: 1) ərazinin mümkün qədər qısa müddətdə minada təmizlənməsi; 2) yol, elektrik, rabitə kominikasiyalatının, qaz və su təminatı infrastrukturunun qurulması; 3) azad edilmiş ərazidə torpaq islahatının həyata keçirilməsi - hüququ çatan hər bir məcburi köçkün ailəsinə pay torpağı və həyətyanı sahənin verilməsi; 4) hər bir məcburi köçkün ailəsinə köçkün düşdüyü vaxt malik olduğu ailə tərkibinin sayına uyğun olaraq ev tikmək üçün pul kompensasiyasının verilməsi: 5) sakinlərin apardığı tikintinin plana uyğun olmasına nəzarət etmək və məskunlaşmış ərazilərdə məktəb, xəstəxana və digər dövlət infrastrukturlarının formalaşdırılması; 6) bu ərazidə azad iqtisadi zonanın yaradılması - xarici və daxili biznes üçün cəlbediciliyini təmin edilməsi.
Bununla yanası sözügedən ərazilərdə fərdi təsəbbüslə mənzil tikmək istəyən digər vətəndaşlarımıza da imkan yaradılmalıdır.
Hesab edirik ki, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi bu yanaşma üzrə aparılsa, həm dövlətin xərcləri azalar, həm də bərpa prosesi qısa müddətdə - cəmi 10-15 ilə əsasən başa çatar.