İstifade etdiyiniz yağlar təhlükəsizdirmi?

Ticarət mərkəzlərində keyfiyyətsiz yağların satılması ilə bağlı istehlakçı narazılığına tez-tez rast gəlinir. Əksər ekspertlər hesab edirlər ki, Azərbaycanda satışda kifayət qədər keyfiyyətsiz yağlar var və bu məhsullar insan orqanizmi üçün potensial təhlükə mənbəyidir.

Yeri gəlmişkən, bu yaxınlarda parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli isə bildirib ki, aparılan apaşdırmalarla ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli hal aşkarlanmayıb. O qeyd edib ki, istər idxal edilən, istərsə də ölkə ərazisində istehsal olunan yağlar üzərində dövlət nəzarəti həyata keçirilir: “Ona görə də istənilən ekspertizaya getməyə, hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışırlar. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.

Q.Təhməzli vurğulayıb ki, transyağın iribuynuzlu heyvanın orqanizmində göstəricisi 2 faizdir: “Dünyada və Azərbaycanda bu, 2 faizlik əmsalla ölçülür. Bəzi ekspertlər bu göstəricinin yüksək olduğu deyirlər. Trans yağ anlayışı elə bir anlayışdır ki, kənardan heç qatılmır. Hətta bu yaxınlarda antibiotiklərin dönərdə olması ilə bağlı yaramaz fikirlərlə də rastlaşdım. Bu cür insanlara açıq şəkildə deyirəm ki, ölkədə istənilən ticarət şəbəkələrində satılan yağların ekspertizinasını həyata keçirmək üçün Avropanın aparıcı ölkələrində ekspertizaya eləməyə hazıram”.

Maraqlıdır, görəsən, bazarlarda vəziyyət dəyişibmi? Marketlərdə satılan yağların keyfiyyətinə etibar etmək olarmı?

Mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov  bildirib ki, bazarda vəziyyət dəyişməyib: “Mən dəfələrlə bəyan etmişəm ki, bazarlarda xüsusilə, nehrə yağı adı altında satılan və guya süddən hazırlanmış digər yağlar təbii yağlar deyil. Bu gün bazarlarda satılan yağlar beynəlxalq standartlara cavab vermir. Eləcə də insan sağlamlığı üçün təhlükəlidir. Bildirim ki, təkcə mən belə bir fikirdə deyiləm. Parlamentdə keçirilən ictimai dinləmələrdə mən də iştirak edirdim. Həmin dinləmələrdə millət vəkili Əhliman Əmiraslanov da bildirdi ki, trans yağlar müxtəlif xəstəliklərin əmələ gəlməsində əsas rola malikdir. Biz bu problemi ört-basdır edə bilmərik. Əgər yediyimiz qidalar, o cümlədən istifadə etdiyimiz yağlar keyfiyyətlidirsə, niyə xəstəliklərin sayı artır? Bunu düşünmək lazımdır".

Mütəxəssis vurğulayıb ki, ölkəmizdə müstəqil laboratoriyalar da çox məhdud saydadır: “Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin labarotoriyaları istehlakçıların mallarını çox baha qiymətə test edir. Verdikləri cavablar isə istehlakçıları qane etmir. Çünki yağın süd turşuları barədə qısaca məlumat verilir. Daha ətraflı məlumat verilmir ki, bu yağ palma, yoxsa təbii kərə yağıdır. Hesab edirəm ki, ölkədə müstəqil laboratoriyaların sayı da artırılmalıdır”.

Mövzu ilə bağlı Liberal İqtisadiyyatçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli isə deyib ki, Azərbaycanda mağaza və market vitrinlərində hər qiymətə yağ tapmaq olar: “Yağın qiyməti 4-25 manat arasında dəyişir. Yağların qiyməti onların mənşəyindən xəbər verir. Bunun adı kərə yağıdırsa və bu inək südündən alınırsa ən azı 1 kiloqram kərə yağının maya dəyəri 15 manat olmalıdır. Üstünə də sahibkarın gəlirini qoyanda bu kərə yağı ən azı 18-20 manata satılmalıdır ki, bundan sahibkar da mənfəət götürsün. Belə olan halda, marketdə 4 manata qoyulan kərə yağının mənşəyi haradandır? 15 manata bu yağı hazırlayıb 4 manata satmaq mümkün deyil. Deməli, kərə yağı heyvan mənşəli, yəni doymuş yağ deyil. Həmin yağların 90 faizi palma çəyirdəyindən hazırlanan texniki yağlardır. Dünyada, palma çəyirdəyindən hazırlanan yağlardan qida məhsulu kimi yox, yalnız sənayedə istifadə olunur. Misal üçün, əvvəllər sabun istehsalında piydən istifadə edirdilər indi palma yağından istifadə olunur. Amma Azərbaycanda bunu qida məhsulu kimi istifadə edirlər. Onu da qeyd edim ki, palmanın özündən alınan yağ normal yağdır. Amma palmanın çəyirdəyindən alınan yağ zərərlidir”.

Ekspert Azərbaycanda marqarin və palma yağlarının daha çox istifadə edildiyini vurğulayıb: "Marqarin və palma yağları Azərbaycan əhalisinin yediyi yağın 80 faizini təşkil edir. Bu yağlar iri molekula malik olduğundan, bağırsaqlarda uzun müddət sovrulmur. Bağırsaq süzgəcləri sıradan çıxarmayana kimi o, irimolekullu yağlar bağırsaqdan qana keçmir. Orqanizm o süzgəci aradan qaldırır ki, o irimolekullu yağlar qana keçsin və doymuş yağ ehtiyacını aradan qaldırsın. O da orqanizmə keçən kimi, qan vasitəsilə hüceyrələrə daşınır və hüceyrələrdəki sitoplazmalarda qalır, amma hüceyrənin içərisinə nüfuz edə bilmir, yəni həzm olunmur. Həzm olunmasının qarşısını alan amillərdən biri, irimolekullu olması, digəri isə həmin yağların yüksək temperaturda əridilməsidir. Yəni orqanizmdə, tutaq ki, 36 dərəcə isti varsa, həmin yağların temperauturu 40 dərəcədir. Bu da yağları ehtiyata yönəldir. Orqanizmdə ehtiyat yığılır və insanda piylənmə yaranmasına səbəb olur. Bu piylənmənin deposu da qaraciyərdir. Digər bir adı da qaraciyərin yağlanmasıdır. Bu proses qaraciyəri kiçildir və funksiyasını pozur. Uzun müddət boyu bu yağların orqanizmdə istifadə edilməsi sonucunda qaraciyərin yağlanması, əksər hallarda xərçəngə yol açır”.