Robert Fitso: “Avropa İttifaqında ikili standartlar mövcuddur”
“Avropa İttifaqı ilə bağlı bir fikir söyləyəcəyəm, məncə orada bunu bəyənməyəcəklər. Avropa İttifaqı özünə aşiqdir. Özünü dünyada ən yaxşı yer olduğuna və başqalarına dərs vermək haqqına sahib olduğuna inandırıb”.
Bu sözləri Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibəsi zamanı bildirib:
“Amma digər ölkələr bizdən daha yaxşı ola bilər. Bəzən mənə elə gəlir ki, Avropa İttifaqında imkanlar getdikcə azalır. Avropa İttifaqında nəyin normal, nəyin anormal olmasını öyrənmək üçün mübarizə aparırıq. Bu yaxınlarda Strasburqda Avropa Parlamentinə seçkilər olacaq. Ancaq seçki kampaniyasında kimin ən yaxşı sosial və iqtisadi şərait yaradacağı haqqında söhbət getmir. Məni bağışlayın, bu kampaniyada bəzi yerlərdə 2 və ya 3 ayaqyolu olması müzakirə edilir, transgenderlərdən bəhs olunur. Bu mövzular indi orada - Avropada dəbdədir. Amma cəmiyyətə heç bir irəliləyiş gətirmir. Avropa İttifaqı çox ambisiyalı olmağa başlayıb və bu da bizim üçün zərərlidir. Gəlin, yaşıl enerji məsələsinə baxaq. Bu, Avropa İttifaqı sənayesinə açıq şəkildə ziyan vuracaq. Biz 2035-ci ildə artıq yanacaqla işləyən avtomobillər istehsal etməyəcəyimizə söz verdik. Müharibə və Ukrayna üçün çox pul xərcləyirik. Biz bunu Avropa İttifaqı üçün xərcləyə bilərik. Əsəblər tarıma çəkilir, çünki suveren və müstəqil fikirlərə hörmət itməkdədir. Boyun əysəniz sizi rahat buraxacaqlar, heç bir problem olmayacaq. Amma suveren fikrinizi bildirsəniz, problemlər yaşayacaqsınız.
Bu gün sizin Prezidentlə danışarkən mən qarşımda dünyanın gedişatını tam anlayan bir şəxsi gördüm. Gələcək əməkdaşlığımızın daha da inkişafı üçün bazanın olması məni həqiqətən sevindirir”.
Avropa İttifaqının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə özünü necə aparması barədə sualı cavablandıran Baş nazir Robert Fitso qeyd edib ki, bu cür münasibət Avropa İttifaqının imicini aşağı salır:
“Bu, ikili standartlardır, çünki Avropa İttifaqında bunlar var. Ukraynadakı müharibəyə gəlincə, Avropa İttifaqının çərçivəsində tez bir zamanda bəzi sanksiyalar tətbiq etmək üçün razılığa gələ bilirik. Amma Qəzzaya gəlincə, razılığa gələ bilmirik. Çünki Avropa İttifaqının öz xarici siyasəti mövcud deyil və Atlantik okeanın o biri sahilinə üz tutur, oraya baxır və ABŞ-nin nə edəcəyini gözləyirik.