Çörəyin bahalaşması hökumətlə inhisarçıların birgə qərarıdır
500 qramlıq çörək neçəyə başa gəlir?
Son zamanlar ölkədə unun və çörəyin qiymətinin bahalaşmasını onun maya dəyərinin bahalaşması ilə əlaqələndirirlər. Lakin biz ortaya iddia qoyuruq ki, hazırda unun və çörəyin qiymətinin bahalaşmasının əsas səbəbi buğda idxalı ilə məşğul olan 26 şirkətin (əslində bu şirkətlər də bir mərkəzdən idarə edilir, yeni bir şirkətin törəməsi sayıla bilər) hökumətin xeyir-duası ilə ərsəyə gələn sindiqat (gizli) razılasmasıdır.
Yadınızdadırsa, bu ilin əvvəlində Azərbaycan iri un və çörək istehsalçılarır çörəyin qiymətinin bahalaşmasını elan edəndə, həmin müraciətin mətnində vurğulanmışdır ki, qarşıdakı yarım il ərzində, yəni iyul ayına qədər çörəyin və unun qiyməti bahalaşmayacaq. Onlar "verdikləri sözə" əməl etdilər, hələ qiymət artımını bir ay yarım gecikdirdilər. Yəni bu o deməkdir ki, hazırkı qiymət artımı ilin əvvəlindən nəzərdə tutulmuş planın bir hissəsidir. Növbəti yarım ildə biz eyni mənzərni yenidən müşahidə edəcəyimizə heç şübhəniz olmasın.
Burada həm idxalçı şirkətlər, həm də hökumət qazanır. İdxalçı şirkətlər qiymət artımından qazanır, hökumət isə bu ilin əvvəlindən hər bir ton idxal buğdasına görə ödədiyi 20 manatlıq subsidiyanı ödəməkdən azad olub. Bu izdivacdan həmişəki kimi, yenə itirən yalnız istehlakçılar -, vətəndaşlardır. Çünki sahibkarın əlavə mənfəətini bahalaşma yolu ilə vətəndaşın cibindən çıxarırlar.
Yuxarıdakı iddiamızı əsaslandırmaq üçün kiçik hesablama apararaq 500 qramlıq çörəyin maya dəyərini müəyyənləşdirək. Xaricdən alınan rus buğdasının bir tonu 578 manata (340 dollar) başa gəlir. Bir ton buğdadan 800 kq un, 200 kq isə kəpək çıxır. Həmin kəpəyin satışından 50 manat vəsait geri qayıdır. 10 manat dəyirman şaadi (üyutmə haqqı) çıxılır, 40 manat gəlir əldə etdiyimizdən, buğdanın 1 tonunun qiymətindən 30 manat çıxıb, bir tona görə 10 manat daşıma xərci əlavə edirik. Bir ton buğdadan çıxan unun maya dəyəri olan 548 manatı 800 kq una böləndə unun 1 kq-ı 68,5 qəpiyə düşür. Deməli 500 q.-lıq çörək bişirmək üçün 400 q. un lazım olur ki, bu da 27,4 qəpik təşkil edir. Hər bir çörəyin bişirilmə və digər inqridentlərinin xərcini də əlavə etsək bir çörəyin maya dəyəri 30 qəpik təşkil edir. Həmin çörək hazırda 55 qəpiyə satılır və sahibkarın bir çörəkdən xalis mənfəəti 25 qəpiyə bərabər olur. Dünənə qədər bu mənfəət 20 qəpik təşkil edirdisə, bu gün heç bir xərc maddəsi artmadan bir çörəkdə sahibkarın xalis mənfəəti 5 qəpik artırıldı. Bu məsələnin ikinci tərəfi.
Bahalaşmadan 2 həftə əvvəl Bakıda və bölgələrdə sahibkarlar mağazadan unu anbarlara yığaraq, satışı dayandırdılar ki, qiymətlər bahalaşacaq. Çökək bahalaşandan bir gün əvvəl isə Bakıda və bölgələrdə süni yaradılmış un qıtlığı ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı mütəxəssisi ilə müzakirəsiz oldu. Xidmət mütəxəssisi ilə ortaq rəyə gəldik ki, əslində dünyada ərzağın ucuzlaşdığı bir vaxtda ölkədə unun və çörəyin bahalaşması mümkün deyil. Sadəcə bu sahibkarların qənaətidir. Mütəxəssis əmin etdi ki, bu gün iri un və çörək istehsalçıları ilə xidmət mütəxəssislərinin görüşü keçiriləcək və problem həllini tapacaq. Doğrudan da həmin gün mənimlə məsələni müzakirə edən mütəxəssisin qeyd etdiyi görüş keçrilib və razılaşıblar ki, qiymətlər dünənki qaydada, Azərbaycan mediasının təbirincə desək, "tənzimlənsin", yəni bahalaşdı.
Akif Nədirli