İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özünü neçə sığortalayır?!

Həmişə maraqlı yazıları ilə diqqət çəkən, Cabbar Məmmədov yenə ənənəsinə sadiq qalaraq redaksiyamıza olduqca aktual bir mövzuda araşdırma yazı göndərib. C.Məmmədov öz yazısında heç kimin diqqət vermədiyi “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında”  mövcud qanunvericiliyin digər qanunlarla ziddiyyət təşkil etməsini konkret faktlarla ortaya qoyur. C.Məmmədov bu uyğunsuzluğun əksər hallarda qanunsuzluğa aparıb çıxardığını da araşdırıb, bunun aradan qaldırılması məqsədilə müraciət şəklində bir çox qurumların rəhbərlərinə sorğu da göndərib. Yazının olduqca aktual olduğunu və geniş maraq döğuracağını nəzərə alıb, onu olduğu kimi “Təzadlar”ın oxucularına da təqdim edirik:

XÜSUSİ QEYD: ...Tədbir görülməsi üçün bu yazı “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13 maddəsinin tələblərinə uyğun olaraq barələrində şikayət olunan, şübhə olan, ittiham irəli sürülən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə göndərilə bilməz!

 Əvvəlcədən qeyd edim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin nəticəsi olaraq bu gün Azərbaycanın hər bir vətəndaşı tibbi sığortalıdır. Zahirən müsbət hal kimi görünsə də, əslində, bir çox sahədə olduğu kimi, burada da vacib olan elə zəruri məqamlar “iqnor” edilib ki, nəticədə mürəkkəb bir sistem ortaya çıxıb. Bu da özlüyündə korrupsiyanın olmasına müəyyən şübhələr yaradır. Problem burasındadır ki, ölkənin tibbi sığorta bazarında çoxdan fəaliyyət göstərən onlarla tibbi sığorta şirkəti mövcud olduğu halda (“Paşa Sığorta”, “Ağroup”, “Axa Mbask”, “Atəşgah sığorta”, “Ata sığorta” və s.), bu agentlik ölkənin bütün böyük şirkətlərini məcbur edir ki, öz işçilərini, ancaq bir sığorta şirkətində sığortalamalıdırlar. Bu sığorta şirkətinin də ölkədə çox yüksək bir ranqlı şəxslə bağlı olması barədə mətbuatda çox yazılıb, çox deyilib...

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti...

Qeyd edim ki, “məcbur edir” dedikdə, bunu qanunvericilik, Prezident tərəfindən imzalanmış Əsasnamələr və s. vasitəsilə etdikləri nəzərdə tutulur. Baxmayaraq ki, bu hal AR-nın bir çox qanunvericilik aktları ilə açıq-aşkar ziddir. Buna baxmayaraq, həmin Agentlik adı gedən xidmətləri tender, müsabiqə və kotirovka üsulu ilə bazardan almaqdan qəti imtina edir, tək mənbə üsulu ilə işləməkdə qəti israrlı olduğunu birmənalı olaraq bəyan edir. Nəticədə isə, uduzan ölkə həkimləri, ölkə əhalisi və ölkə iqtisadiyyatı olur.

Ölkə həkimlərinin bu sığorta sistemindən narazılığını istənilən dövlət xəstəxanasının həkimi ilə söhbətdən öyrənə bilərsiniz. 

Yeri gəlmişkən, tezadlar.az saytının 18 may 2023-cü il tarixli buraxılışında bu barədə maraqlı yazı dərc olunmuşdur. Həmin yazıdan kiçik bir hissəni yenidən təqdim edirik:   

“Tanınmış Professor Aidə Qasımova da bu problemə maraqlı yanaşma ilə diqqəti çəkir. Sitat:”...Müəllim həmkarım deyir ki, icbari tibbi sığortaya verdiyi pul boş-boşuna sığorta şirkətinin kisəsinə gedir. Çünki onun həmişə müraciət etdiyi klinika sığorta ilə işləmir, dövlət klinikalarında isə növbə baş yarır. “Özüm də bilmirəm ki, mən hər ay nəyə görə sığorta şirkətinə 86 azn ödəyirəm? Əgər pulu mən ödəyirəmsə, niyə istədiyim klinikaya gedə bilmərəm?” Həkim rəfiqəm isə şikayətlənib deyir ki, xəstənin kassaya ödədiyi puldan ona cəmi bir-iki faiz, adətən 2-3 manat pul düşür. Ödənişin böyük hissəsi sığorta şirkətinin hesabına gedir. Orada xəstə şikayətçidir, burada həkim, ortada qazanan isə sığorta şirkətləridir. Sivil dünyada işçi öz sığorta hesabının sahibidir və istədiyi klinikada müayinə və müalicə oluna bilər. O istəsə, hətta ailə üzvlərini də öz sığorta kartı ilə müalicə etdirə bilər. Həkimlərə gəlincə, onlar ən yüksək maaşı alırlar. Məs. ABŞ-da bu rəqəm ildə təxminən 160 000 -- 200 000 dollardır. Tibbi sığorta adı ilə insanların cibinə girmək... Vallah, ayıbdır...”.

Bunun əksinə olaraq özəl sığorta şirkətləri ilə işləyən heç bir həkimdən bu narazılığı eşidə bilməzsiniz...

***

...Ölkə əhalisinin isə bu sığorta sistemindən narazılığını sadə bir statistika ilə müəyyən edə bilərsiniz: Yuxarıda dediyim kimi, ölkə əhalisinin hamısı bu gün dövlət tərəfindən sığortalanıb. Amma buna baxmayaraq, öz hesabına özəl tibb müəssisələrində müalicə alanların sayı azalmır ki, azalmır. Məntiqlə eyni xəstəliyin müalicəsi dövlət hesabına pulsuz mümkün olduğu halda, vətəndaşların özəl klinikalarda öz hesabına müalicəsinin statistikası aşağı düşməli idi. Amma bu baş vermirsə və sığortadan əvvəlki durumla indikinin arasında heç bir fərq əmələ gəlməyibsə - deməli, bu sığorta modeli ölkəyə heç bir yenlik gətirməyib. Hər şey necə var idisə, eləcə də yerində qalıb. Sadəcə, formal olaraq sığorta sistemidir, əslində isə, kimlərinsə marağına xidmət edir. Əhalinin bu modeldən tam narazı olduğunu istənilən dövlət xəstəxanasının qarşısında növbə gözləyən pasientlərlə ayaqüstü söhbətdən də aydın görmək olar. Bu modelin ölkə iqtisadiyyatına və tibb sektoruna ağır zərbə vurması dedikdə o məna çıxır ki, bu model Agentliyin Tibbi Sığorta bazarında monopol bir Tibbi Sığorta Şirkəti yaradıb. Ölkənin bütün əhalisinin mütləq olaraq yalnız tək bu sığorta şirkətində icbari tibbi sığorta olunmasını qanunvericilik səviyyəsində təsbit edirlər. Həmin sığorta şirkətinin isə adını heç kimə demək istəmirlər. Niyə? Yəni, istər dövlət büdcəsindən ayrılan, istərsə də əhalidən və işəgötürən müəssisələrdən toplanan icbari tibbi sığorta haqları yalnız bir sığorta şirkətinə ödənilməlidir. Bütün ölkə əhalisi özünü, müəssisələr öz əməkdaşlarını, ancaq bu sığorta şirkətində icbari sığortalaya bilər, hansının ki, arxasında, qeyd etdiyimiz kimi  çox yüksək ranqlı bir məmurun dayanması barədə mətbuatda çox yazılıb.

Bütün bu problemlər İcbari Tibbi Sığorta Agentliyinin öz fəaliyyətində AR-nın Qanunlarını kobud surətdə pozması səbəbindən baş verib. Mən aşağıda bu qanun pozuntularının bəzilərini təqdim edirəm. Bunların bilməməzlikdən, yoxsa, qəsdən, maraqsız olaraq, yaxud hansısa maraqlardan irəli gələrək, pozulduğunu müəyyən etməksə, bir başqa qurumların səlahiyyətindədir. Mən isə hələlik Agentliyin fəaliyyətində AR-nın hansı qanunlarının kobud şəkildə pozulması faktlarını sadalayıram.

Beləliklə, bu Agentliyin yaratdığı Tibbi Sığorta sisteminin əsas mərhələləri bunlardır:

1) Dövlət büdcəsindən ayrılan, əhalidən və müəssisələrdən toplanan tibbi sığorta vergiləri bir vahid mənbədə toplanır (buna heç bir etiraz ola bilməz, doğrudur);

2) Bundan sonra həmin vəsait həmin Agentliyin yaratdığı Monopol bir sığorta şirkətinə transfer edilir və bütün ölkə əhalisi, ancaq bu şirkət tərəfindən sığortalanır.

PROBLEM VƏ ELƏ MƏNİM BU ƏRİZƏMİN (ƏSAS MÜDDƏASI DA MƏHZ BU MONOPOL SIĞORTA ŞİRKƏTİ İLƏ, ONUN YARADILMASININ, FƏALİYYƏTİNİN QANUN POZUNTUSU OLMASI İLƏ BAĞLIDIR...).

3) Bundan sonra həmin Sığorta şirkəti xəstəxanalarla işləyir!

Problem bundadır ki, Azərbaycanda indiyə qədər də tibbi sığorta fəaliyyəti ilə məşğul olan onlarla  sığorta şirkəti mövcud olub: (“Paşa Sığorta”, “Agroup”, “Axa Mbask”, “Atəşgah sığorta”, “Ata sığorta” və s. Həmçinin indiyə qədər müxtəlif müəssisələr öz işçilərini məhz bunlar vasitəsilə sığortalayırdılar: SOCAR, BP, FHN və s. Hazırkı halda isə, qanunvericilik səviyyəsində bütün müəssisələr məcbur edilir ki, öz işçilərini, ancaq İcbari Tibbi Sığorta Agentliyi ilə TƏBİB-in birgə yaratdığı (və arxasında da kimlərinsə dayandığı) həmin sığorta şirkətində sığortalamalıdırlar, başqalarında yox. Amma bu sahəyə aid qanunlar elə siyasətcil yazılıb ki, orada birbaşa deyilmir ki, başqa sığorta şirkətlərində işçiləri sığortalamaq olmaz. Xeyr! Sadəcə, yazılıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün müəssisələr öz işçiləri üçün icbari tibbi sığortanı yalnız (məcburi olaraq! Qanun qəbul etdiriblər bu barədə) bizim sığorta şirkətimizdən almalıdırlar.

Ondan sonra 2-ci tibbi sığorta almaq istəyən olsa, sərbəst şəkildə bazarda mövcud olan tibbi sığorta şirkətlərindən ala bilərlər. Özünüz düşünün: hansı müəssisə əməkdaşını iki yerdə sığortalayar? Kimə lazımdı iki sığortaya pul ayırmaq? İcbari Tibbi Sığorta Agentliyinin modelində heç kimə “Ya özəl, ya bizimki” seçimi qoyulmur. “Mütləq qaydada bizdə, ondan sonra istəsəniz həm də başqasında!” Prinsip bu cürdür. Bu isə bazarda Monopoliya yaratmaq və aşağıdakı qanunların kobud şəkildə pozulması deməkdir.

  1. I) “ANTİ-İNHİSAR FƏALİYYƏTİ HAQQINDA” AR QANUNU:

“Maddə 5:

5.3) İdarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi (POZUNTU: İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB əllərində olan səlahiyyətlərdən və o cümlədən, qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Tibbi Sığorta bazarında mövcud olan digər sığorta şirkətlərini dövlətin Tibbi Sığorta proqramından kənarda saxlayırlar -  RED.);

5.5) Fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması (POZUNTU: İcbari Tibbi Sığorta Agentliyinin yaratdığı TƏBİB və onunla bağlı olan Tibbi Sığorta Şirkəti indiyə qədər mövcud olan özəl tibbi sığorta şirkətlərini dövlətin bu proqramından kənar qoymaqla bu bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olur - Red.);

5.6) Əsassız olaraq ayrı-ayrı təsərrüfat subyektlərinə onları eyni bazarın başqa subyektlərinə nisbətən üstün vəziyyətə gətirib çıxaran vergi, kredit güzəştlərinin və başqa güzəştlərin verilməsi (POZUNTU: İcbari Tibbi Sığorta Agentliyinin yaratdığı TƏBİB və onunla bağlı olan Tibbi Sığorta Şirkəti indiyə qədər mövcud olan özəl tibbi sığorta şirkətləri ilə müqayisədə vergi, kredit güzəştlərinə və başqa güzəştlərə malikdir - Red.);

5.7) Kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması (POZUNTU: Dövlət tərəfindən səhiyyəyə ayrılan və əhalidən, müəssisələrdən toplanan tibbi sığorta haqları, ancaq bir sığorta şirkətinə yönləndirilir. Tibbi sığorta xidməti ilə məşğul olan digər şirkətlər bu bazara buraxılmır.Red.);

5.10) Azrentabelli və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan və sahədaxili rəqabətə ziyan vuran maliyyə güzəştlərinin və digər güzəştlərin verilməsi (POZUNTU: Özəl Sığorta şirkətlərinin Tibbi Sığorta bazarında iştirakı məhdudlaşdırılır. Ölkənin digər xəstəxanaları ilə müqayisədə TƏBİB-in balansında olan  xəstəxanalara əsassız üstünlük verilir, prioritetlər müəyyən edilir.Red.);

Maddə 6. Sahə inhisarçılığı

6.5) rəqabətin məhdudlaşdırılması ilə nəticələnən təşkilati idarəetmə strukturlarının, yaxud holdinq şirkətlərinin yaradılması (POZUNTU: İndiyə qədər tibbi sığorta bazarında 10-dan artıq Tibbi Sığorta xidməti göstərən Sığorta Şirkəti mövcud olduğu halda İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-lə bağlı olan İcbari Tibbi Sığortanı həyata keçirən Sığorta şirkətinin yaradılması və ona rəqib sığorta şirkətlərlə müqayisədə xüsusi imtiyazlar verilməsi - bu qanunun təsir dairəsinə düşür - Red.);

Maddə 11. Təbii inhisarçılıq

11.1) Bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar mövqeyindən sui-istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir (POZUNTU: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB faktiki olaraq Təbii İnhisarçıdırlar, lakin üzərlərində xüsusi formalı antiinhisar nəzarəti həyata keçirilmir - Red.)”.

Qanunlararası süni ziddiyyətlər və barışmazlıqlar...

 “Tibbi sığorta haqqında” qanun “Dövlət satınalmaları haqqında”, “Anti-inhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” AR qanunları ilə tam ziddiyyət təşkil edir. “Tibbi sığorta haqqında” AR-nın qanununda yazılır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB heç bir tender keçirmədən istənilən şirkətlə əməkdaşlıq edə bilər. Amma yuxarıda göstərilən digər qanunlarda isə tendersiz heç bir əməliyyat keçirməyə icazə verilmir! Bu tərs-mütənasibliyi necə başa düşək? Belə çıxır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB üçün bir qanun, digərləri üçün isə başqa qanun mövcuddur?

 Belə də hərc-mərclik olarmı? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yol verdiyi bütün qanunsuzluqlar məhz onlar üçün ayrıca bir qanunun yazılmasından qaynaqlanır. Milli Məclis elə qanun qəbul etməlidir ki, hamı bu qanunla işləsin. Hər kəsin əyninə-başına uyğun qanun qəbul etmək olmaz! Tezliklə Milli Məclis bu ziddiyyəti aradan qaldırmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB  üçün ayrıca qanun qəbul edilməsinin cəzasını sadə insanlar çəkir. Bu quruma məxsus və adı gizli saxlanılan sığorta şirkəti isə qaz vurub, qazan doldurmağındadır. Bu qanunsuzluğa nəhayət, son qoyulmalıdır...

- Bəs həkimlərimizin məvacibi niyə yerində sayır, artmır?

(Davamı var)

Qarşı tərəfin də mövqeyini dinləyib dərc etməyə hazırıq.

Hazırladı və təqdim etdi: 

Elçin MƏMMƏDLİ