İrəvanın növbəti məntiqsiz dirənişi: Primitiv və qeyri-peşəkar arqumentlər

İstənilən münaqişə tərəfi olan dövlətlər kimi, Azərbaycanla Ermənistan arasında da bitmiş müharibənin məntiqi yekunu - sülh müqaviləsi olmalıdır. Müqavilənin imzalanması özündə fərqli şərtləri ehtiva edir və bunlardan ən vacibi tərəflərin bir-birilərinə qarşı ərazi iddialarından rəsmən imtina etmələridir. 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin bir sutkalıq hərbi əməliyyatlarında məğlub olan Ermənistan savaşı uduzsa da, sülhü qazanmaq iqtidarında olmadığını da nümayiş etdirir. Postmüharibə dövrünün tələblərinin icrasından boyun qaçıran, ancaq zamanla onları qəbul etməyə məcbur olan, daha doğrusu, məcbur edilən rəsmi İrəvan Bakıya qarşı 30 illik ərazi aqressiyasına son qoymaq üçün yekun addımını atmalıdır. Söhbət Ermənistan konstitusiyasındakı Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından gedir. İrəvan baş nazirin, parlament sədrinin və XİN rəhbərinin dili ilə konstitusiyanın müvafiq maddələrinin dəyişilməsi və ləğvinin müzakirə predmeti ola bilməyəcəyini bəyan edir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Primitiv və qeyri-peşəkar arqumentlər

Ola bilər ki, Paşinyan şəxsi bəyanatlarını Ermənistan üçün konstitusiyanın maddələrindən daha çəkili hesab edir. Amma bu yanaşma nəinki beynəlxalq münasibətlər sistemi və dövlətlərarası əlaqələrdə keçərli deyil, heç Ermənistan dövləti və xalqı üçün də legitim sayıla bilməz. İrəvan rəsmilərinin kifayət qədər primitiv və qeyri-peşəkar arqumentlərinə görə, konstitusiya bir dövlətin daxili həyatını tənzimləyən ali hüquqi aktdır və heç bir digər dövlət, yaxud kənar qüvvə erməni xalqını sənəddə dəyişikliklər etməyə məcbur edə bilməz. Diplomatik təmaslarda dirəniş göstərmək və ya maraqlara uyğun müddəalar uğrunda mübarizə aparmaq dünya qədər qədim tarixə malikdir. Ancaq bu prosesin bir qızıl amili var: məntiq. Ermənistanın son 30 ildə dəyişən dörd hökumətinin tutduğu xətt - himayədarlarının dəstəyi ilə məntiqə zidd iddialarını maksimum müddətə uzatmaq olub. Bu manipulyasiya dövrünə Azərbaycan ordusu 2020-ci və 2023-cü illərdə nöqtə qoydu. Ancaq belə görünür ki, erməni xalqı və dövləti əl atdıqları ənənəvi yolun tükəndiyini hələ də yaxşı dərk etmirlər.

Beynəlxalq presedent də var, amma...

Mövzuya yekun vurmaq üçün qeyd etmək olar ki, bir dövlətin konstitusiyasını oxşar səbəblərə görə dəyişikliyə uğraması presedenti var və bunu ötən həftə Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp dilə gətirdi. Söhbət 1998-ci ildə Britaniya parlamentinin qəbul etdiyi aktla 1920-ci ilin İrlandiya hökuməti haqqında və 1973-cü ilin Şimali İrlandiya konstitusiya haqqında qanunların ləğvindən gedir. Bu aktla İrlandiya konstitusiyasından Şimali İrlandiyaya qarşı ərazi iddialarını əks etdirən maddələr çıxarıldı. Necə deyərlər, beynəlxalq presedent var.

Bakının dəmir məntiqi

Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsi ilə bağlı səsləndirdiyi son bəyanatında Paşinyan hökumətinin qarşısında sərt və konkret tələb qoydu: konstitusiyadakı Azərbaycanla Türkiyəyə birbaşa ərazi iddialarını ehtiva edən maddələr aradan qaldırılmalıdır. Rəsmi Bakının mövqeyi dəmir arqumentlərə söykənir. Necə olur ki, Ermənistan lideri dəfələrlə ərazi bütövlüyümüzü tanıdıqlarını bəyan edir, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdiklərini deyir, ancaq bunun əksi olan konstitusion maddələri aradan qaldırmaqdan imtina edir? Paşinyanın buqələmun siyasi gedişləri çoxdur və buna artıq hamı alışıb, ancaq bu, çox güman ki, onun ən qabarıq məntiq zəifliyidir.


Belə təəssürat yaranır ki, sanki erməni rəsmiləri konstitusiyanı uydurma tarixi kitabları ilə ya dəyişik salıblar, ya da problemin ciddiyyətinə vara bilmirlər. Türkiyə ilə danışıqlarda Paşinyanın məsul nümayəndəsi Ruben Rubinyan rəsmi Ankaranın ikitərəfli münasibətlərin qurulması prosesində könülsüz olmasından şikayətlənir. Ermənistan rəsmilərinə bunu necə izah etmək olar ki, bu "könülsüzlüy"ün səbəbi sizin konstitusion səviyyədə Türkiyənin ərazilərinə göz dikməyinizdir? Belə çıxır ki, Azərbaycan döyüş meydanında ağzını ovduğu Ermənistana indi də beynəlxalq hüquqdan dərs keçməlidir?

İstisna deyil ki, Paşinyanın problemlə bağlı mövqeyi daxili siyasi çağırışlardan irəli gəlir. Müxalifətin təzyiqləri getdikcə artır, kilsə ilə açıq konfrontasiya daxili siyasi mübarizədə yeni cəbhənin açılmasına səbəb olur. Bu baxımdan qeyri-populyar qərarların yeri və vaxtı deyil. Ancaq sizin problem elə sizindir. Vaxtın gözləməmək kimi xüsusiyyəti var.

Yarımçıq sülh müharibə deməkdir

Vaxt kimi Azərbaycan da gözləmək niyyətində deyil. Bu həftə Azərbaycan ərazisində dislokasiya olmuş Rusiya sülhməramlıları ölkəmizi tamamilə tərk etdilər. Onların baza kimi istifadə etdikləri Xocalı hava limanında üçrəngli bayrağımız qaldırıldı. Rəsmi Bakı sürətlə işğaldan azad edilmiş ərazilərini bərpa edir. İndi sıra İrəvanındır: real ərazi iddialarının Ermənistan üçün nə ilə yekunlaşdığını hamı gördü. Sənəddə qalan iddialar erməni xalqı üçün bundan da ağrılı ola bilər. Onlar həll edilmədən əldə edilən sülh daimi ola bilməz. Tam sülhün olmaması müharibənin bitməməsi deməkdir. Son üç ildə Ermənistanı himayə edən və əslində onu uçuruma yuvarlayan dövlətlər də gördülər ki, Azərbaycanın iradəsi əyilməzdir. Edilən təzyiq cəhdləri bizi yolumuzdan döndərmək iqtidarında deyil.