Ciddi narazılıqlara son: Növbə sayğaclara çatdı

Bundan sonra qaz sayğaclarının yoxlanılması və müayini olunması başqa dövlət qurumu tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğaclarının müayinəsini həyata keçirdiyi laboratoriya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb. Sözügedən qurumun əməkdaşı Nəzrin Mirzəzadə yerli mətbuata açıqlamasında bildirib ki, ölkədə qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir. 

Məlumat üçün qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyinin laboratoriyada məişət və sənayedə istifadə olunan ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyin və təsdiq edilməsi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra edilir. Həmçinin, qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir. Maraqlıdır, niyə məhz qaz sayğacların yoxlanılması Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb? İşıq və su sayğaclarına da nəzarətin bu quruma verilməsi gözlənilir? Qaz sayğaclarının yoxlanılması və müayinə olunması digər dövlət qurumunun nəzarətinə verildikdən sonra kommunal binalarda və bağ massivlərində köhnə sayğacların yeni sayğaclarla kütləvi əvəzlənməsi gözlənilə bilər? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az” -a şərhində qeyd edib ki, istənilən sayğacın yoxlanılması və müayinə olunması müstəqil təşkilat tərəfindən həyata keçirilməlidir: 

““Azərqaz”-ın sayğaclarının keyfiyyəti ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar var.

Yəqin ona görə birinci prosesi “Azərqaz”-dan başlamağa qərara gəliblər. 

“Azərişıq” və “Azərsu”-nun sayğacları da eyni aqibətlə üzləşəcək. 

“Azərqaz” İstehsal Birliyi həm öz sayğaclarından istifadə edib xidmət haqqı yığır, həm də sayğacların müayinəsini özü həyata keçirir. Bu düzgün deyil. Sayğacların yoxlanılması və müayinəsi başqa qurum və təşkilat tərəfindən həyata keçməlidir. Ona görə ki, qurum heç vaxt öz səhvini etiraf etməz və etməyəcək də. Şəxsən özüm qaz sayğaclarının monitorinqində iştirak etmişəm. “Azərqaz”-ın işçilərinə sual vermişəm ki, yoxlamalar nəticəsində sayğacların nasaz olduğu üzə çıxıbmı? Onlar belə cavab verdilər ki, guya indiyə qədər yoxlanan sağacların heç birində problem aşkarlanmayıb, vətəndaşların da sayğaclardan heç bir narazılığı yoxdur. Bunun özü onu göstərir ki, “Azərqaz” öz səhvlərini ictimailləşdirməkdə maraqlı deyil. Hesab edirəm ki, istər “Azərqaz”, istərsə “Azərsu”, istərsə də “Azərişıq” öz sayğaclarının keyfiyyəti və təhlükəsizliyi müstəqil qurumlar tərəfindən yoxlanılmalıdır”. 

Kommunal binalar və bağ massivlərində qaz sayğaclarının yenisi ilə əvəzlənməsi ehtimalına gəlincə, A.Nəsirli vurğulayıb ki, sayğacların dəyişdirilməsi hər zaman dövlət qurumları üçün arzuolunan məsələ olub: 

“Bunun üçün müəyyən qədər vəsait ayrılır və həmin vəsait üzrə korrupsiya imkanları geniş olur. Xüsusilə qeyd edim ki, son iki il ərzində həyət evlərində smart tipli qaz sayğacları mexaniki qaz sayğacları ilə əvəz olunur. Halbuki həmin sayğacların istismar müddəti iyirmi yeddi ildir. 

2012 və ya 2013-ci ildə binalar, həyət evləri və bağ massivlərində smart tipli qaz sayğaclarının quraşdırılmasına başlanıb, 2018-ci ildə bu proses tamamlanıb. Amma 2022-ci ildən başlayaraq bir çox yerlərdə, xüsusilə həyət evlərində smart qaz sayğacları mexaniki qaz sayğacları ilə əvəzlənir. Bu, onu deməyə əsas verir ki, yenidən qaz pulunun yığılması problemi ortaya çıxacaq. Bu məsələ çox ciddidir və bu, uzun müddət ərzində tam olaraq öz həllini tapmayacaq. Sayğacların Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarətinə verilməsi də məsələni həll etməyəcək. Problem o zaman həll oluna bilər ki, “Azərqaz” İstehsal Birliyi özəlləşdirilsin. Təbbi ki, özəlləşdirilərkən həmin birliyin səhmləri müxtəlif sahibkarlara satılmalıdır. Yəni qaz bazarında ciddi rəqabət olmalıdır”. 

O ki qaldı yaxın zamanda qaz qiymətlərində artım məsələsinə, A.Nəsirli bunun dövlətin qərarından asılı olduğunu bildirib: 

“Qazın qiyməti dövlətin tənzimlədyi qiymətlər siyahısındadır. Bu işlə Tarif Şurası məşğul olur. Bu qurum qiymət ilə bağlı hansı qərarı verəcək, bunu zaman göstərəcək”. 

Yunis Abdullayev