İranda "Cahan-e sənət" qəzeti bağlandı

 

İranda çıxan və islahatçılara yaxınlığı ilə tanınan "Cahan-e sənət" qəzetinin fəaliyyəti dayandırılıb. Buna səbəb, qəzetdə tanınmış tənqidçi və universitet müəllimi Sadiq Zibakəlamın İzə şəhərində öldürülən 10 yaşlı Kiyan Pirfələklə bağlı yazısının dərc edilməsi olub.

İran məhkəmə sisteminə yaxın "Mizan" qəzeti noyabrın 21-də Mətbuata Nəzarət Şurasının iclasında "Cahan-e sənət" qəzetinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı qərar qəbul edildiyini yazıb.

Xatırladaq ki, noyabrın 16-da Xuzistan əyalətinin İzə şəhərində hökumət qüvvələrinin açdığı atəş nəticəsində bir neçə dinc vətəndaş, o cümlədən Kiyan Pirfələk adlı 10 yaşlı oğlan həyatını itirib.