Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Tramp 2017-ci ildə yüksək vədlərlə hakimiyyətə gələndən cəmi iki il sonra COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına vurduğu təsirlər Demokratlar Partiyasının hakimiyyətə gəlməsində əsas rol oynayan amillərdən biri oldu. Düzdür, pandemiya Trampla əlaqəli deyildi, lakin Demokratlar Respublikaçıların bəşəri problemin öhdəsindən gəlməkdə aciz olduğunu əsas gətirərək mühüm avantaj əldə etdilər və 2021-ci ildə onların nümayəndəsi Cozef Bayden hakimiyyətə gəldi.
Lakin Baydenin hakimiyyəti dövründə Demokratlar da özlərini doğrultmadılar və xüsusən də onların Respublikaçılara yönələn iqtisadi geriləmə ilə bağlı ittihamları əks-effekt verdi. Çünki son statistikaya görə, Baydenin dörd illik prezidentliyi dövründə ABŞ-də işsizliyin səviyyəsi dörd faizdən yüksək göstərilir. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. Birləşmiş Ştatların Əmək Statistikası Bürosunun hesabatına görə, bu dövrdə ABŞ 114 000 yeni iş yeri əlavə edib. Bu, 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir. Bir sözlə, Demokratlar dövründə ABŞ-də işsizlik yüksələn xətlə özünü nümayiş etdirib. Amerikalı analitiklər də bildirirlər ki, işsizlik nisbətinin artması nəinki işləmək istəyən insanların iş tapa bilməməsinə gətirib çıxarıb, hətta əmək fəaliyyəti ilə məşğul olan insanların da işini itirməsinə səbəb olub.
Mövzunu Lim10.az-a dəyərləndirən siyasi şərhçi Elmir Səftərovun sözlərinə görə, COVID-19 pandemiyası dünya iqtisadiyyatına ciddi zərərlər vurdu və bu da qlobal iqtisadi böhranla nəticələndi:
"Əvvəlki bir çox böhranlardan fərqli olaraq, pandemiya böyük dövlətlərdə də ciddi iqtisadi-siyasi narazılıqlarla qarşılandı. Hətta ölkədaxili seçkilərdə hakimiyyətdə olan liderin əleyhinə təbliğat üçün ciddi rıçaqlar da yaratdı. Bu baxımdan, bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkisi diqqətləri daha çox cəlb edir və orada cərəyan edən iqtisadi böhranın, inflyasiyanın, nəticədə isə yaranan işsizliyin prezidentin kimliyinin müəyyən edilməsinə nə dərəcədə təsir edib-etməyəcəyi mühüm rol oynaya bilər.
Böyük dəstəkçiləri olan Demokratlar və Respublikaçılar partiyalarının namizədləri Donald Tramp və Kamala Harris sosial rifahı daha da yaxşılaşdıracaqları ilə bağlı bacarıqlarının olmasına insanları inandırmağa çalışırlar. Bu baxımdan da həm Respublikaçılar, həm də Demokratlar hakimiyyətdə olduqları müddətdə iqtisadiyyatın müəyyən sahələrində güclü performanslara işarə edirlər".
İcmalçının sözlərinə görə, maraqlı bir məqam isə pandemiyanın tüğyan etdiyi 2020-ci ili nəzərə almasaq, Cozef Baydenin dövründə ABŞ-də illik artım tempinin Donald Trampın hakimiyyəti illərindən daha yaxşı qiymətləndirilməsidir.
"Baydenin səlahiyyət müddəti Trampla müqayisədə daha yüksək inflyasiya ilə keçsə də, buna səbəb olan bir çox amillər, məsələn, COVID-19 ilə əlaqədar iqtisadi vəziyyətin nəzarətdən çıxması idi. Fikir versək, görərik ki, Co Bayden prezidentliyə namizədliyini geri götürənə qədər Donald Tramp ciddi üstünlüyə sahib idi və bu getdikcə dərinləşirdi. Lakin Kamala Harris seçki marafonuna qoşulandan sonra hər şey dəyişdi və bu gün o, sabiq prezidenti, aparılan sorğulara əsasən, təqribən 5 faizə yaxın qabaqlayır. Gəlinən nəticə budur ki, amerikalılar seçkidə namizədlərin nüfuzlarına daha çox diqqət yetirirlər. Çünki hakimiyyətə gələcək şəxs dövlətin mövcud siyasi xəttində ciddi dəyişikliklər etməyəcək. Ona görə də onun imici seçicilər arasında daha çox əhəmiyyətə malik olur. Ən azından, namizədlərin çıxışları da bunu deməyə əsas verir", - deyə E.Səftərov vurğulayıb.
Müsahibimizin sözlərinə görə, Birləşmiş Ştatların dövlət siyasətinin müəyyən struktur elementləri var ki, onlar zaman keçdikcə sıradan çıxır:
"Məsələn, amerikalılar yeni tələblərlə çıxış edirlər ki, bu da prezidentliyə namizədlər qarşısında müəyyən öhdəliklər yaradır. Belə ki, ABŞ cəmiyyətində əvvəlkindən daha çox qütbləşmə mövcuddur. Nümunə kimi prezidentlik iddiasında olan namizədlərin Yaxın Şərqdə və Ukraynada müharibələrin dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə və daxili auditoriyaya ünvanlanan çıxışlarını və bundan fərqli maraqlar güddüklərini götərmək olar. Çünki Qəzzada 40 minə yaxın mülki şəxsin öldürülməsi fonunda ABŞ-nin İsrailə verdiyi güclü dəstəyə görə artan qəzəb bir çox ərəbəsilli vətəndaşları və müsəlman seçiciləri seçkidən uzaq durmağa sövq edir. Onlar anlayırlar ki, İsrailə verilən dəstək barəsində Respublikaçılar və Demokratlar arasında ciddi fərq yoxdur və bu iki partiyanın namizədlərindən biri prezident seçiləcək. Buna görə də artıq ərəbəsilli və müsəlman amerikalıların Co Bayden administrasiyasına müharibənin dayandırılması ilə bağlı ümidi qalmayıb".
"Donald Trampın isə 2018-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıdığı məlumdur. Son iclaslarında Kamala Harrisin etirazlardan sonra "Qəzzada savaşın dayandırılması üçün gecə-gündüz çalışırıq" sözləri, rəqibi Donald Trampın isə "Yaxın Şərqə sülh gətirəcəyik və İsraili ciddi şəkildə dəstəkləyəcəyik" ifadələri bir-birinə zidd anlayışlardır. Bu da ABŞ-də müəyyən qrup vətəndaşı bu iki şəxsdən birini seçməkdə çıxılmaz vəziyyətə salır", - deyə Səftərov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib