Türkiyənin "Haber Global" kanalı Azərbaycanın meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə verdiyi dəstəklə bağlı material hazırlayıb.
Lim10.az xəbər verir ki, materialda Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilən amfibiya təyyarəsindən bəhs edilir.
Qeyd olunub ki, Türkiyənin günlərlə davam edən meşə yanğınları ilə mübarizəsinə Azərbaycan da öz dəstəyini əsirgəməyib:
"Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilən Be-200 amfibiya təyyarəsi, gəldiyi ilk gündən etibarən, İzmir və Muğla bölgələrində yanğınla mübarizəyə ciddi dəstək verir. Bu təyyarə 12 ton su tutumu ilə yanğının nəzarətə götürülməsində əhəmiyyətli rol oynayır və gəldiyi gündən bəri yanan əraziyə 114 ton su boşaldıb.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tam hazır vəziyyətdə gözləyir. Türkiyə tərəfi köməyə ehtiyac duyarsa, həmin şəxsi heyət yanğının söndürülməsinə cəlb olunacaq".
Materialda, son yanğınların intensivləşdiyi gün iki ölkə başçısının telefon danışığına da toxunulub və bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə göndərilən yanğınsöndürmə təyyarəsi hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.
"Haber Global": Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir