Prezident İlham Əliyev Türkmənistanda keçirilən sammitdə çıxış edib

Prezidentin sammitdəki çıxışından tezislər:

◾️Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.

Ötən il Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırdı. 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

◾️Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək və əməkdaşlıq edir.

◾️2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb.

◾️Azərbaycan Türkiyə iqtisadiyyatına təxminən 20 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına təxminən 14 milyard dollar sərmayə qoyub.

◾️Bu il Türkmənistanla ticarət 5 dəfə artıb. Bu, rekord göstəricidir.

◾️Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə bağlı bütün iri layihələri həyata keçirib. Nəticədə Azərbaycan mühüm tranzit ölkəyə çevrilib.

◾️2022-ci ilin 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit yük axınının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.

◾️Hazırda biz Zəngəzur dəhlizinin açılışı ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətlərinin çəkilməsi işlərinin 40 faizi, avtomobil yolunun tikintisi üzrə isə 70 faizi yerinə yetirilib. Bütün işlər 2024-cü ildə başa çatdırılacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaradılacaq.

◾️2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu açdıq. Bu layihəyə əlavə olaraq 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti indiki 1 milyon tondan 5 milyon tona çatdırılacaq.

◾️Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir.

◾️Azərbaycanda 8 beynəlxalq hava limanı var. Türkiyə prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərdə tikilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında iştirak edib. 2024-cü ildə ölkəmiz işğaldan azad edilmiş Laçında doqquzuncu beynəlxalq hava limanının açılışını planlaşdırır.

◾️2020-ci ilin sonunda 44 günlük Vətən Müharibəsində qazanılan qələbə nəticəsində torpaqlarımız 30 illik Ermənistanın işğalından azad edildi. Qarabağ münaqişəsi həll olundu və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkanlar yaratdı.

◾️Hazırda dünya yeni çağırış və təhdidlərlə üz-üzədir və bu səbəbdən də digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir