Fransız politoloq: "Pavel Durovun saxlanılması Fransanın diktaturaya çevrilməsinin simvoludur"

"Telegram"ın yaradıcısı Pavel Durovun saxlanılması Fransanın diktaturaya çevrilməsinin simvoludur".

Lim10.az xəbər verir ki, bunu "İzvestiya"ya fransız politoloq Bertran Şoller deyib.

Onun fikrincə, sahibkarla bağlı vəziyyət İlon Mask, Mark Zukerberq və öz fikri uğrunda mübarizə aparan hər kəs üçün yaxşı nümunə olacaq.

"Bu, baş verən hər şeyə görə sosial şəbəkələri məsuliyyətə cəlb etmək cəhdidir", - politoloq bildirib.

Şoller onu da əlavə edib ki, Durovu söz azadlığını müdafiə edən şəxs hesab edir və bugünkü Avropa buna görə ona nifrət edir.

"İndi Durov bir neçə yüksəkrütbəli məmurun qarşısına çıxacaq və ona başa salacaqlar ki, əgər o, sövdələşməyə razı olmasa, o zaman "Telegram" Avropada qadağan ediləcək, özü isə bütün həyatını zindanda keçirəcək. Bu dəhşətli şantajdır, Fransanın diktaturaya çevrilməsinin simvoludur", - politoloq qeyd edib.

Xatırladaq ki, Pavel Durovun Parisin "Le Burje" hava limanında saxlanması barədə avqustun 24-ü axşam saatlarında məlum olub. O, narkotiklərin yayılması, uşaqlara qarşı cinayətlər, çirkli pulların yuyulması və dələduzluq da daxil olmaqla bir sıra cinayətlərlə bağlı ittihamlarla üzləşə bilər.