Yanlış oxunan region: Yaxın Şərqin təhlükəli paradoksu

Yaxın Şərq kənardan baxıldıqda bir çox aktorlar üçün asan həzm olunan, idarə edilə bilən və qısa müddətli güc nümayişi ilə nəzarət altına alına biləcək region kimi görünə bilər. Lakin tarix dəfələrlə sübut edib ki, bu yanaşma illüziyadan başqa bir şey deyil. Yaxın Şərq son dərəcə həssas, mürəkkəb və çoxqatlı bir coğrafiyadır. Burada atılan hər addım yalnız cari hərbi və siyasi nəticələr doğurmur, eyni zamanda uzunmüddətli zəncirvari reaksiyalar yaradır.

Bu regionda güc tətbiqi və “idarəolunan xaos” üzərindən qurulan strategiyalar qısa müddətdə taktiki üstünlüklər qazandırsa da, orta və uzun perspektivdə davamlı sabitlik deyil, əksinə xroniki qeyri-sabitlik və daimi təhlükəsizlik riski formalaşdırır. Tarixi təcrübə göstərir ki, Yaxın Şərqdə heç bir xarici və regional aktor prosesləri tam nəzarətdə saxlaya bilmir. Bir müddət sonra hadisələr planlaşdırılan ssenaridən çıxır və nəzarətsiz qarşıdurmalara çevrilir.
Məhz bu səbəbdən hazırkı proseslərin inkişaf trayektoriyası uğurlu nəticələrdən daha çox, bütün tərəflər üçün itkilərlə yekunlaşa biləcək təhlükəli mərhələyə işarə edir. Qısamüddətli siyasi dividendlər naminə atılan addımlar uzunmüddətli perspektivdə dövlətlərin zəifləməsi, regionun daha da parçalanması və yeni radikal dalğaların ortaya çıxması ilə nəticələnə bilər. Bu isə sonda yalnız bir tərəfin deyil, prosesdə iştirak edən bütün aktorların uduzduğu ssenarini gündəmə gətirir.

Yaxın Şərqdə əsas problem ondan ibarətdir ki, bu regionu sadələşdirilmiş güc balansı ilə izah etmək mümkün deyil. Burada tarix, etnik və məzhəbi xəttlər, regional ambisiyalar və qlobal maraqlar bir-birinə qarışaraq son dərəcə partlayıcı bir mühit yaradır. Bu mühitdə yanlış hesablanmış hər addım təkcə lokal deyil, regional və hətta qlobal miqyasda ağır nəticələr doğura bilər.

Mürtəza