"Əsrlər boyu ehtiyac içində yaşayan xalqların mentalitetində itaətkarlıq yuva salır"
Səxavət Əlisoy: "Dövlətin başı Ermənistanla münasibətlərin nizamlanmasına qarışdığı bir dövürdə Kreml ilə ikinci, İranla üçüncü "cəbhə" açmağa lüzum yox"
Bu günkü müsahibimiz ictimai-siyasi xadim, ixtisasca həkim olsa da, cəmiyyətin daha çox siyasətçi kimi tanıdığı Səxavət Əlisoydur
Səxavət bəy, bir deyim var, "özündən bəri bax" - bəlkə özümüzdən başlayaq. Son zamanlar alovlu postlar paylaşırsınız, nə baş verib və ya baş verəcək? Səbəb nədi?
- Mən heç vaxt "alovlu" bir şey yazmadım.
20 il əvvəl necə yazırdımsa, indi də elə yazıram.
Sadəcə, yaşadığım cəmiyyətdə baş verən anormallıqlara münasibətimi sərgiləyirəm.
Bəzi dostlar kimi "özümü nədən pis edim" prinsipi ilə yaşamıram.
Təbiətcə haqsızlığı qəbul edə bilmədiyimdən təkəbbürün, haqsızın, ədalətsizin qarşısına çıxıram.
Belə münasibət təbii ki, yaltaqların, riyakarların xoşuna getmir.
Mənim həyat devizim dürüstlük, obyektivlik və ləyaqət. Yaxınlarda 47 il əvvəl birinci kursda eyni qrupda oxuduğum dostlarla görüşdüm.
Deyirdilər ki, 47 il əvvəl necə tanıyırdıqsa, indi də eləsən. Yəni, xaraktercə dəyişməmişəm və bu barədə düşünmək istəmirəm.
Yalanın yox həqiqətin, nadürüstün yox dürüstün, haqsızın yox, haqlının, zalımın yox, məzlumun, harının yox, fağırın yanında olmağıma rəğmən çox-çox ikiüzlü, çoxüzlü, riyakar, saxtakar, qarınotaran "dost" mənimlə yollarını ayırmaq məcburiyyətində qaldı.
O "dost" itkilərinə zərrə qədər təəssüf etmirəm.
Yaxud, siyasi proseslərə obyektiv münasibət bildirirəm, adamın xətasını bəzi arvadağızlar kimi arxada yox, birbaşa gözünün içinə deyirəm və "düşmən" sayısı çoxalır.
Nadürüst, gözükölgəli, partiya üzvlərinin ianəsi ilə arvad-uşağını saxlayan, xaricdəki ağalarının tullantıları hesabına qarnını doyuran Siyasi Təriqət İmamlarından bəziləri ləbbeyk deyənlərinə xüsusi tapşırıq verib ki, FB-də yazdıqlarımı bəyənmək olmaz.
25 il tanıdıqlarım var təsadüfən rastlaşanda danışırlar.
Ki, sədrimiz səni "persona non qrata" elan edib.
Belə cılız Siyasi Təriqət İmamlarının ətrafında olan o miskin qulbeçələrə "deqradant" deyəndə hoppanıb-düşürlər. Şəxsiyyətinə az da olsa hörməti olan cılız birini özünə Lider sayarmı?
Az da olsa məni tanıyırsan, bu yaşa çatdım kimsənin qarşısında əyilmədim, kimsənin cibində gözüm olmadı, kimsəyə əl açmadım.
Səhiyyədə 10 ilə yaxın baş həkim işlədim, çox zəngin ola bilərdim.
Rüşvətlə yaşamağı nakişilik saydım, bu gün də sayıram. Ehtiyac içində yaşadığım zamanlar oldu, telefonumda zəngin, vəzifəli dostlarımın adları var, birinə belə zəng edib ağız açmadım.
Nədən ki, nəfsimin fövqündə oldum hər zaman.
Get, məni tanıyanlara bu dediklərimi oxu.
Biri belə ağzımdan çıxanlarda zərrə qədər yanlışlıq olduğunu dilə gətirməz.
Mənim xarakterimdə olmağın tək bir zərəri var.
Qazancdan və yüksək vəzifədən məhrumluq. Vəssalam! Qalan hər şey gözəldir.
Qürurla yaşamağın ayrı bir ləzzəti var.
Bu ölkədə dürüst olmaq çox zor bir iş.
Amma dürüst adamlar var və çoxdur.
Sadəcə, dürüstlər nadürüstlər qədər birləşə bilmədiyinə görə nadürüstlər meydan sulamaqda.
Azərbaycanda demək olar ki, əksəriyyət həyat və yasayışından narazıdır. Bu narazılıq nədən təmərküzləşərək iqtidar qarşısında gücə çevrilə bilmir?
- Əsrlər boyu ehtiyac içində yaşayan xalqların mentalitetində itaətkarlıq yuva salır.
Adamlar düşünür ki, çörək var yeməyə, geyinməyə paltar var və şükr etmək lazımdır buna.
Bəsit bir misal göstərim.
50 il əvvəl sıradan bir Azərbaycanlının səhər yeməyinə göz önünə gətir.
Şirin çar, pendir, bəzi evlərdə yağ, yumurta da olardı.
Və yeməkdən əvvəl "bismillah", yeməkdən sonra "çox şükür" deyilərdi. Vəssalam.
50 il sonra səhər nə yeyirik? Cüzi əlavələr var, qalanın 50 il əvvəl olduğu kimi deyilmi?
İndi ingilisin səhər süfrəsində ən azı 5-6 adda yeyəcəklər olur. Nədən?
Ona görə ki, ingilis kölə-qul kimi yaşamayıb.
Onun dövləti olub və o dövlət vətəndaşının rifahı üçün çalışıb, vətəndaşı qorxu altında yaşatmayıb.
Bizim içimizdəsə bir qorxu hakimdir.
Get, 200 manat pensiya alandan xəbər al necə yaşadığını.
Bu miqdar pula adam kimi yaşamağın mümkün olmadığını de, ən azı yüzdə əllisi cavab verəcək ki, buna da şükür, verməsələr nə edəcəyik.
Diqqət edin zehniyyətə.
Adam hətta düşünür ki, dövlət bu pensiyanı verməyə də bilər.
Belə zehniyyət sahibi bir deyil, yüz deyil, milyonlarladır.
Bu adamlar bir araya gəlib gücə çevrilə bilərmi? Əsla yox!
Bu zümrəninin dərd-sərini, problemlərini dilə gətirmək üçün siyasi qurumlar olmalı, onların önünə düşüb hökumətə təsir etməyi bacarmalıdır.
Sivil dövlətlərdə bu funksiyanı müxalif partiyalar uğurla yerinə yetirir.
Vətəndaşın rifahı naminə hökuməti gərəkən addımlar atmağa vadar edir.
Bizdə isə, müxalif partiyaların əksəriyyətinin əsas fəaliyyəti sədrin və sədrin ətrafındakı bir ovuc adamın gün-güzəranını yaxşılaşdırmağa yönəlib
Səxavət bəy, sizin harada, nə işlə məşgul olmağınızdan asılı olmayaraq, sizi həmişə müxalifətçi kimi tanımışam. Ona görə də bu düşərgə barədə soruşmaq istəyirəm: Sizin fikrinizcə, ölkədə "siyasi müxalifət" adına haqq edən qüvvə varmı, varsa bu hansıdır?
- Bu gün Azərbaycanda şəksiz ki, ən güclü siyasi təşkilat AXCP-dir. Sonra Müsavat gəlir. (2014-cü ilə qədər Müsavat Partiyası AXCP-dən də öndə idi, məlum qurultaydan sonra Müsavat Partiyası indi AXCP-dən xeyli geridə qalır.
Təşkilatlanma prizmasından baxanda Ümid partiyası da fəaldır, siyasi proseslərdə aktivlik göstərir.
Tavanına intellekt sahibləri toplanmış, fəqət strukturları gözə dəyməyən REAL var.
Daha bir-iki partiya da qeyd etmək olar.
Ancaq bu partiyaların ən böyük problemi ondan ibarətdir ki, biri iqtidarın "zəif nöqtələrinə zərbə vurmaq istəyəndə digəri zərbəyə hazırlaşan müxalif qüvvəni hədəf alır".
El dili ilə desək, birlik yoxdur. Məhz birlik olmadığına görə də iqtidara qarşı aparılan mübarizənin yetərincə səmərəsi olmur.
Pərakəndə və zəif müxalifət bioloji dillə ifadə etsək heteroziqot-erkək yox, homoziqottdur- dişidir.
Buna görə də homoziqot müxalifət varlığını davam etdirmək üçün öncə hetereziqota sığınır.
Heterziqot rolunda iqtidar da var, Kreml də var, ABŞ-Qərb də var.
O fikirdəyəm ki, bəzi gərəkən addımların atıldığı təqdirdə AXCP əsas siyasi müxalifət roluna tam layiq bir quruma çevrilə bilər.
Bunun üçün partiyanın taktika və strategiyasında müəyyən dəyişikliklər edilməlidir.
Bu günə qədər AXCP-yə qarşı gerçəkləşmiş haqsızlıqlar siyasi mübarizə üçün predmetə çevrilməməli,
AXCP adının qarşısına iqtidar tərəfindən həkk edilmiş "radikal müxalifət" etiketindən qurtulmaq üçün planlı və düşünülmüş addımlar atmalıdır.
Məsləhət vermək fikrində deyiləm, orada şəxsən tanıdığım yetərincə ağıllı insanlar var.
Əli Kərimli peşəkar bir siyasətçidir, sadəcə, onu xatırlatmaq istəyirəm ki, dünyanın heç bir dövlətində iqtidar onunla zor müstəvisində danışmaq istəyən müxalifətə qarşı loyal münasibət sərgiləmir.
Hər kəsə məlumdur ki, mövcud iqtidarın ən zəif yeri daxili siyasətdir.
Kadr siyasəti, epidemiya kimi yayılmış rüşvət, korrupsiya və monopoliya.
İqtidar özü də bunları etiraf edir.
Bu durumda siyasi partiya liderlərinin bir araya gəlib ölkə başçısı ilə görüşməsi çox zəruridir.
Görüşüb dövləti sarsıdan bu neqativ nəsnələrin həlli yolları müzakirə edilməli.
Vətəndaş həmrəyliyi üçün yekəxanalığı bir kənara qoyub mütləq bu addımı atmaq gərəkdir.
Ki, cəmiyyət onun ağrı-acıları ilə ilgilənən müxalifətin varlığını daha yaxından hiss etsin.
Söhbət dövlət üçün, dövlətçilik üçün təhlükədən gedirsə, emosiyalar kənara qoyulmalı.
Azərbaycanda dövlət qeydiyyatından keçmiş 62 siyasi partiya var.
Hələ kifayət qədər qeydiyyata alınmayanlar da var.
Amma 30 ildir ki, YAP-dan başqa hakimiyyətlə mükafatlabdırılan partiya yoxdur.
Azərbaycanda bu "mükafati" kim verir və nə üçün buna yalnız YAP layiq görülür?
- YAP hakim partiyadır və nə qədər İlham Əliyev o postda oturub mükafatı alanlar YAP-çılar olacaq.
Yaxın Şərqdə də bu praktika var, qardaş Türkiyədəd də.
Dünyanın əksər ölkələrində, xüsusilə müsəlman coğrafiyasında iqtidar olanlar hakimiyyətlərinin qiyamətə qədər sürməsi üçün çalışır.
Bu ölkələrin hansında ki, müxalifət toparlanıb birləşə bilir vəziyyət dəyişir.
Pərakəndə və zəif müxalifət harada varsa, orada rejimin ömrü çox uzun olur
Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq Azərbaycanda nə real seçkilərə, nə demokratiyaya, nə də hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil - təçrübə bunu deyir. Sizcə səbəb nədi, kimdi günahkar?
Cənubi Qafqazda xalq padhşahı heç vaxt Allahın yerdəki kölgəsi saymayıb.
Ermənilər belə parlament tipli idarəetmə xəttini tutdu.
Sabah bizdə ömürlük prezident məsələsi referenduma çıxarılsa və şəffaf səsvermə təmin olunsa belə ən azı 60 faiz lehinə səs verəcək.
30 ildir bizdə müxalifət yalnız iqtidarı ələ keçirmək üçün mübarizə edir. Bizim müxalifət liderləri üçün mübarizədə yeganə məqsəd kreslodur. Biz bu 30 ildə prezidentlik iddiasını arxa plana keçirib, demokratik dəyərlər üçün mücadilə etsəydik, bu məqsədlə müxtəlif aksiyalar düzənlənsəydi, indi ən azı MSK tərəfsizliyini təmin edə bilərdik, yaxud parlamentə mojaritar seçkilər bərpa edilərdi.
Nə qədər ki, müxalifət lokal mübarizəni kənara qoyaraq yalnız padşahlıq üçün mübarizə aparır, pozitiv nəticə əldə edilə bilməz.
Məlumdur ki, Azərbaycan hakimiyyəti həm iqtisadi, həm də siyasi arenada özü üçün rəqibsiz oyun alanı formalaşdırıb. Cəmiyyətin idarə edilməsində ictimai rəyi nəzərə almadan - "biz nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşi bilirik" ritorikası ilə daha nə qədər iqtidarda qalmaq mümkündür?
- YAP iqtidarının ən kobud səhvlərindən biri budur.
Güclü dövlətin olmasını istəyənlər güclü müxalifətin yaranmasında maraqlı olmalıdır.
Almaniya kimi qüdrətli dövlət bundestaqda trilyonluq büdcəyə nəzarəti müxalifətə tapşırıb.
Bizdə bu mümkünmü?
Yüzlərlə, minlərlə bacarıqlı vətəndaş siyasi mənsubiyyətinə rəğmən dövlət idarəetmə sistemindən kənarda qalıb.
Kadr bankı YAP-dır. O YAP ki, yüksək vəzifədə olan onlarla "kadrı" dövləti talan etdiyi üçün həbsxana həyatı yaşayır.
A-da Z-yə cümlə vəzifə sahiblərinin devizi "dövləti talamaq."
Bu devizlə yaşayanın nəyinə gərəkdir, ictimai rəy. Azərbaycanda 30 ildir ictimai rəyi saya salan yoxdur və məhz bunun nəticəsidir ki, nəinki dövlətin idarə olunmasında, həyatın bütün sahələrində anormallıqlar təzahür etməkdə.
Hazırda parlament "Siyasi partiyalar haqqında qanun"a əlavə və dəyişiklikləri müzakirə edir.
Təkliflər siyasi partiyaların fəaliyyətini bir qədər də məhdudlaşdırmağı, hətta, "zəhmətkeş məktubları"nı, dövrü mətbuatda gedən tənqidi yazıları əsas götürüb siyasi partiyların qeydiyyatının ləğv edilmə imkanlarını hədəfləyir.
Sizcə iqtidar nə etmək istəyir, siyasi partiyalar hələ də iqtidar üçün təhlükə mənbəyidirmi?
- Bu qanunun müsbət tərəfləri də var. Çatmyan tərəflərinin bir-ikisi verdiyiniz sualda var. İqtidarın nə etmək istədiyi bəlli. Hakimiyyətinin davamına mane ola biləcək ünsürləri, maneələri aradan qaldırır. Sadəcə, bir şeyi unudurlar ki, qadağaları, yasaqları, cəzaları, cərimələri artırmaqla cəmiyyəti özlərindən uzaqlaşdırırlar. Buna əmin olmaları üçün gizli bir sorğu keçirsələr, nə qədər haqsız olduqlarını görərlər. Seçki qanununda dəyişikliyin AXCP, Müsavat, Ümid və daha bir-iki partiya üçün təhlükəsi yoxdur. Fəqət cırtdan partiyaların yox olmasına yol açır bu qanun. Obyektiv olaq, 5-10 nəfərlik dərnək-partiyanın fəaliyyətinin cəmiyyət üçün nə faydası ola bilər? O kiçik partiyaların-hansı ki, onları Siyasi Təriqət adlandırıram, Sədrləri- İmamları əgər gerçəkdən cəmiyyət üçün faydalı bir iş görək istəyirlərsə, QHT də yarada bilər, araşdırma mərkəzi də. Yaxından tanıdığım 5-10 nəfərlik bir Siyasi Təriqət İmamı var, ticarətdən yaxşı baş çıxarır. Bəlkə 100 dəfə demişəm ki, aç bir dükan dolandır arvad-uşağını. Adam özünütənqidddən məhrum. Ayda 5-6 qısır toplantıya qatılr, şəkil çəkdirir FB-də paylaşır və bununla elə düşünür ki, siyasətlə məşğuldur. Siyasətlə məşğul olan kəs ciddi və sözübütöv adam olmalı öncə, qeyri-ciddi adamdan nəinki siyasətçi, heç danaotaran da çıxmaz. Bu gün PAZ-a (avtobusa) minən partiyaların əksəriyyətini cəmiyyət tanımır. Belələri gözdən saldı siyasəti.
Azərbaycan hökumətinin xarici siyasətində hansı məqamlar sizi daha çox narahat edir? Məsələn, prezidentin həll edilmiş saydığı, "Qarabağ problemi"nin həlli istiqamətində atılan addımların və ya hərəkətsizliyi hansıni təqdir etmirsiniz?
- Şəxsən mənim bu iqtidarın xarici siyasətinə ciddi iradım yoxdur. Bir-iki xırda detal nəzərə alınmasa, xarici siyasət kursunu düzgün saymaq mümkündür.
Bəziləri Azərbaycanın Rusiya ilə münasibətlərində radikal addımların tərəfdarıdır.
Rusiyadan biryolluq uzaqlaşmaq istəyənlər var.
Uzaqlaşmanı istəyir, ancaq bu addımın nə qədər səmərəli olub-olmayacağını izah edə bilmir.
1 milyondan artıq soydaşımızın vətəndaşı olduğu qüdrətli bir dövlətlə, o dövlətdə ki, həm qonşuyuq, həm də 200 ildən artıqdır iqtisadi-mədəni əlaqələrimiz var, birdən-birə necə üzülüşmək olar?
Nə qədər ki, Rusiya bölünmıyib 10 milyonluq Azərbaycan Kremlə qarşı həssas davranış nümayiş etdirməlidir. Dövlətin başı Ermənistanla münasibətlərin nizamlanmasına qarışdığı bir dövürdə Kreml ilə ikinci, İranla üçüncü "cəbhə" açmağa lüzum yox.
Balanslı, manevredici siyasət yeritməyin zamanıdır.
Fransa parlamentinin bədnam və ədalətsiz qərarının səbəblərini nədə görürsünuz və ona qarşı adekvat addımlar atıldımı?
Fransa 100 ildən çoxdur ki, Ermənistanın yanında.
Bu dövlətə qarşı nə qədər yaxınlaşmağa cəhd etsək də Paris hər zaman Ermənistanı dəstəkləyəcək.
Nədən ki, ermənilərin Avropada ən güclü diasporası Fransadadır.
Qardaş Türkiyəyə təsir üçün ortaya atılmış qondarma soyqırım məsələsinə bənzər bir təsir vasitəsi də Azərbaycana qarşı yönəldiləcək.
Burada qeyri-adi bir şey yox.
Eynən Türkiyənin yürütdüyü diplomatiya tətbiq olunmalı.
Fransadan Azərbaycana qarşı parlamentdə qəbul olunan qərardan başqa ciddi təsir ola bilməz.
Azərbaycan diplomatiyası ABŞ və İngiltərə ilə ikitərəfli əməkdaşlıq münasibətlərini nizamlamalı.
Ki, Fransa çox uzağa gedə bilməsin.
Nə qədər ki, Ermənistan Azərbaycanla böyük sülh sazişinə imza atmayıb, erməni lobbisinin güçlü olduğu dövlətlər Azərbaycanın üstünə gələcək.
Bu durumda Azərbaycanın xarici siyasət maşının üzərinə böyük yük düşəcək.
Fransız mallarına qadağa-filan qoymağa gərək yox, diaspora və lobbi fəaliyyətinin səviyyəsini qaldırmaq gərəkdir.
Bir sözlə, söz artıq diplomatiyanındır.
Səxavət bəy, sonda gələcək planlarınız barədə soruşmaq istəyirəm. Eşitmisəm ki, bir mərkəz yaratmaq istəyiniz var. Bu mərkəzin missiyasi nədən ibarət olacaq və kimlər bu mərkəzdə təmsil ediləcək?
Bir neçə mövqeyi olan ziyalı ilə söhbət olub. Araşdırma mərkəzi yaratmaq fikrinə gəlmişik. Müzakirələr davam edir. Dövlətə və millətə bağlı ziyalılardı. İnşallah, Novruz bayramına qədər prosesin yekunlaşacağını düşünürəm. Mərkəz Azərbaycanla ilgili daxildə və xaricdə baş verənləri araşdıracaq, heç bir iqtidar və müxalifət partiyasının yanında olmayacq. Kimlərin təmsil olacağını hələlik açıqlamıram. Gələn il həm də iki kitabımı çapa verəcəm. Düşünürəm ki, bu kitablar dostların ilgisini çəkəcək.
Söhbətləşdı: Akif Nəsirli