İlham Əliyev: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır

Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır.

Lim10.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

Dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışılmalıdır:

"Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir".

İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır:

"Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq".

Dövlət başçısı vurğulayıb ki, burada əsas vəzifə dövlətin üzərinə düşür:

"İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu Çar Rusiyası edib. Həmin o Çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik".

İlham Əliyev eyni zamanda söyləyib ki, daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır:

"Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var".