SEPAH Britaniya casuslarının həbs olunduğunu iddia edib

İranın dövlət mediası Britaniyanın ikili vətəndaşları da daxil olmaqla bir neçə nəfərin həbs edildiyini yazıb.

 İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kerman əyalətində yerləşən "Sarulah" qərargahı yaydığı bəyanatda 7 Britaniya vətəndaşını həbs etdiyini açıqlayıb.

 Bəyanatda saxlanılanların kimliyinə işarə olunmadan onların "Zaqros" adı altında fəaliyyət göstərdikləri qeyd olunub.

 Saxlanılanların etiraz aksiyaları zamanı “təxribatda və sui-qəsddə iştirakda” ittiham olunduqları və ölkəni tərk etməyə hazırlaşdıqları zaman həbs edildikləri iddia olunub.

 İran hakimiyyəti dəfələrlə etirazların mənşəyini xaricə bağlayaraq, ölkənin problemlərinə məsuliyyətsiz yanaşmalarını davam etdirib.

 Tehran rejimi Rusiya və Çin də daxil olmaqla bir sıra digər ölkələrlə birlikdə dünyada ikili vətəndaşların və xarici vətəndaşların həbsindən siyasi imtiyaz kimi istifadə edən azsaylı hökumətlərdən biridir.