Bu gün Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "Azərbaycan mədəniyyəti inciləri" adlı sərgi keçirilib.
Lim10.az xəbər verir ki, Asatana şəhərinin "Sülh və Əmin-amanlıq sarayında" baş tutan sərgini Azərbaycan Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri-maddi Mədəni İrs Şöbəsinin müdiri Sevil Kərimova açıq elan edib və sərgi haqqında məlumat verib.
Sərgidə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, Qazaxıstan mədəniyyət və informasiya vitse-naziri Yerbol Alikolov, Azərbaycanın Qazaxıstandakı səlahiyyətli və fövqəladə səfiri Ağalar Atamoğlanov və digər mədəniyyət xadimləri iştirak ediblər.
Sərginin konteksti Azərbaycan milli irsinin zəngin tarixə və bədii ənənələrə, bugünkü incəsənətimizin mədəni varislik prinsiplərinə əsaslanmasıdır.
Qonaqlara mədəni irsimiz, qədim sənət növlərini qoruyan, yaşadan sənətkarların əsərləri təqdim olunub. Həmçinin qədim xalçalar, milli geyimlər, kəlağayılar, misgərlik, şəbəkə kimi sənət əsərləri ziyarətçiləri heyran qoyub.
Tədbirin davamında milli ornamentlər və ənənəvi biçim xüsusiyyətlərindən bəhrələnərək hazırlanan iki geyim kolleksiyası - "Zərəfşan" və "Qarabağ naxışları" adlı geyim kolleksiyaları təqdim olunub.
Daha sonra sarayın konsert salonunda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçirilib.
Konsert proqramında ansambl tərəfindən "Mənim Azərbaycanım süitası", "Qazaxı", "Nağaraçılar", "Qaytağı", "Toy", "Ağ çiçəyim", "Çayçı", rəqsləri, "Sarı gəlin" kompozisiyası, "Vətən süitası" və digər musiqilər ifa edilib.
Səhnədə biri-birinin ardınca rəngarəng rəqs kompozisiyaları tamaşaçılarda yüksək əhvali-ruhiyyə yaradıb. Qazaxlar hər rəqs nömrəsindən sonra "Yaşa, Azərbaycan!", "Bravo" qışqıraraq rəqqasları gurultulu alqışlara qərq ediblər.
Sentyabrın 25-də Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Astana şəhərində Respublikanın Milli Akademik Kitabxanasında Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Lim10.az bildirir ki, tədbirdə iki ölkənin kitabxanaları - Azərbaycan Milli Kitabxanası və Qazaxıstan Milli Akademik Kitabxanası arasında memorandum imzalanıb.
Memoranduma kitabxanaların müdirləri Tahir Kərimov və Qaziza Nurğaliyeva imza atıblar.
Qeyd edək ki, Qazaxıstanın Astana şəhərində Azərbaycan Mədəniyyəti Günlərinə sentyabrın 24-də start verilib.
Xanım Aydın