Fövqəladə Hallar Nazirliyinin (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Lim10.az-a nazirlikdən məlumat verilib.
Müraciətdə bildirilib:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə daha da enəcəyi gözlənilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinliklər, eləcə də havanın temperaturunun enməsi fonunda qızdırıcılardan istifadənin artması nəzərə alınaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".
Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Lim10.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkəmizə müşahidə olunan yağışlı havanın oktyabrın 20-dək davam edəcəyi gözlənilir:
"Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.
Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar da məsuliyyətli olmalı, həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər".