"Zəfərə gedən yol..."

2020-ci ilin payızı başqa ab-hava ilə başladı. İnsanlarda mübarizə, döyüş ruhu hissi baş qaldırdı. Yaddaşlarda dərin iz qoydu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Dövlətinin Rəşadətli Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə, 2020-ci il sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə, inanılmaz, böyük qələbəyə imza atdı.
44 Gün davam edən mübarizəmizdə, böyük qəhrəmanlıq salnaməsi yazıldı. Həmin dövrdə hər birimiz ciddi rejimdə bir əsgər idik. O günlərdə uşaqdan-böyüyə hər kəs Cənab Ali Baş Komandanımızdan, bir mesaj gözləyirdik. Bircə saniyə paylaşım olan kimi bütün xalqın, bütün ölkənin üzünə gülüş gəlirdi. Və ya acı bir xəbər alan kimi bu sevincimizin üzərinə hüzn səpilirdi.
O dönəmlər də, bəlkə də, biz şəhid ailələrinin göz yaşlarını sevincək qəhqəhələrimizlə, azadlıq eşqimizlə, vətən həsrətinə son qoyan millət olaraq qeyd edirdik. Amma bir tərəfdə də, küskün, paramparça olan, bir küncə sıxılmış sevgilər var idi. Bütünlükdə bu sevginin adı "Vətən" idi.
Vətən, beş hərfdən ibarətdir bu söz. Bir əldə beş barmaq var, həmin gün bu beş barmağı bir araya gətirib, yumruq halına saldıq. Həmin o məşhur "dəmir yumruq". Dəmir yumruğumuz daim zirvədə qalsın, dəmir yumruğumuz hər zaman "Hazır ol!" çağırışına bax belə cavab versin. Necə ki, 44 Günlük müharibəmizin, 30 illik vətən həsrətimizin Zəfəri kimi. Həqiqətən də, Zəfərə aparan haqq savaşımızda, xalqımızla ordumuz vəhdət olaraq Müzəffər Ali Baş Komandanın "Dəmir Yumruğ"unun ətrafında sıx birləşdilər. Bu birlik xalqımıza böyük qələbə sevincini yaşatdı.
Bəli, bu yürüşdə Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində və müzəffər ordumuzun gücü, qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş torpaqlarımızda, üç rəngli bayrağımız yüksəkliklərə sancıldı və gücümüzü bütün dünyaya nümayiş etdirdik.
8 Noyabr- elə bir tarixdir ki, Cəbrayılın cəsarəti, Füzulinin fəthi, Qubadlının qüruru, Zəngilanın hünəri, Xocavəndin inamı, Kəlbəcərin qayıdışı, Laçının nur yolu birləşərək bizi Şuşaya, Zəfər yolunun Zirvəsinə apardı.
Azərbaycan Prezidenti, cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən, bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə, hər il noyabrın 8-i, Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. 8 Noyabr 2025-ci il... Şanlı Zəfər tariximizdən, Şuşa şəhərinin işğaldan azad edilməsindən beş il ötür. Bir mənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır.
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndərin başladığı işi, məntiqi sonluğuna çatdırdı. Bununla da, adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Bu tarixin hər səhifəsində şəhidlərimizin qanı, ayaq izləri, qazilərimizin şücaəti dolaşır. Polad Həşimovun, İlqar Mirzəyevin, Dövlətzadə Cəbrayılın, Xudayar Yusifzadənin və yüzlərlə igidlərimizin qəhrəmanlığı, xalqımızın yaddaşına qızıl hərflərlə həkk olundu. Onlar hər biri bir daha sübut etdi ki, Azərbaycan əsgərinin qarşısında heç kəs dura bilməz. İgidlərin qanı ilə yazılan bu Zəfər, xalqımızın birliyinin, inamının və sarsılmaz iradəsinin rəmzi oldu.
Sonda fikirlərimi Nicat İsmayılovun şeir parçası ilə bitirmək istəyirəm.
44 günə min ilin,
Tarixini yazmışıq.
Qarabağ Azərbaycandır.
Biz Zəfər qazanmışıq!
Qoy bu Zəfərimiz düşmənə gözdağı olsun. Zəfər yolun daima açıq, müstəqilliyin əbədi olsun, Azərbaycan. O üç rəngli, aylı-ulduzlu bayrağın daim zirvələrdə məğrur-məğrur dalğalansın!
Nuray Məmmədrzayeva, Bakı Slavyan Universitetinin, jurnalistika ixtisası üzrə üçüncü kurs tələbəsi.


















