"2024-cü ilə kimi 349 ambulans alınıb. Birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib. Ən son bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim olunub və ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub. Xatırladım ki, sonuncu partiya ölkəyə gətirilən həmin 100 təcili tibbi yardım avtomobilindən 66-sı sadə diferensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzli idi".
Lim10.az xəbər verir ki, bu fikirləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.
Direktor qeyd edib ki, ambulans parkı tamamilə yenilənənə kimi də yeni nəqliyyat vasitələrinin alınması prosesi davam etdiriləcək:
"Bu il üçün də yeni ambulansların satınalması həyata keçirilib. Yeni alınan ambulanslar ekoloji təmiz nəqliyyat vasitəsi olacaq. Bu da "Yaşıl dünya" konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlərə uyğundur.
İnnovasiya və Təchizat Mərkəzi cari ilin 17 sentyabr 2024-cü il tarixində "Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri"nin satın alınması məqsədilə dövlət satınalmalarına başlayıb. Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə diferensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam elektrikli avtomobillərdir.
Satın alınması nəzərdə tutulmuş tam elektrikli təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyasına gəlincə qeyd edim ki, avtomobillərin daxili təchizatına tibbi avadanlıqlarla təminat daxildir. Ambulanslar 2024-cü il istehsalı olması, sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallığın olması, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malik olacaq".
Məhərrəm Əliyev