"Qubada küçə itlərinin hücumlarına məruz qalanların sayı 1200-ə yaxınlaşıb".
Lim10.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Əlibala Rəhimzadə deyib.
Onun sözlərinə görə, quduzlaşmış itlərlə bağlı mövzu ciddi müzakirə predmetinə çevrilib:
"Qubanın turistlərin ən çox müraciət etdiyi bölgələrdən biri olduğunu nəzərə alsaq, axşam saatlarında küçəyə çıxmağın müşkülə çevrilməsinin ciddi problem olduğunu deyə bilərik. Hətta statistikaya görə, Qubada quduzlaşmış küçə itlərinin sayı beş mindən çoxdur. Bu məsələni müzakirəyə çıxarmağa ehtiyac var".
Deputat Ceyhun Məmmədov isə insanları sahibsiz heyvanlara qayğı göstərməyə çağırıb:
"Sahibsiz heyvanların insanlara hücumları ilə bağlı məsələ Azərbaycan cəmiyyətində geniş müzakirə olunan məsələdir. İllər əvvəl bu heyvanlar öldürülürdü, amma sonralar daha mütərəqqi addımlar atıldı və onların sahiblənilməsinə başlanıldı".
O, bu istiqamətdə müəyyən qərarların qəbul edildiyini deyib:
"Bu istiqamətdə hansı əlavə addımlar atmaq lazımdır - düşünməliyik. Çünki dövlətin bütün sahibsiz heyvanlara sahib çıxması çətin məsələdir. Amma insanlar sahibsiz heyvanlara sahiblənməklə problemin həlli istiqamətində addım ata bilərlər. Ona görə də müvafiq təbliğat aparılmalıdır. Bu maariflənmə cərimələrin artırılması qədər önəmlidir".