"Təcrübəsiz" universitetlər, iynə vura bilməyən həkimlər: "Kaş bu ixtisası oxumazdım"

Gənclərin xaricdə təhsilə marağının son vaxtlar daha da artdığı müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, savadlı gənclərin xaricə köçü ölkədə müxtəlif istiqamətlərdə bacarıqlı, potensialı yüksək olan kadrların sayının azalmasına təsir edir.

Hazırda müxtəlif ixtisaslarda kadr çatışmazlığı mövzusu sosial media istifadəçilərinin gündəminə çevrilib. Kadr çatışmazlığının daha çox tibb sahəsində olduğunu qabardan vətəndaşlar ixtisaslı həkimlər tapmaqda çətinlik çəkdiklərini söyləyirlər.

Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanda həkimlərin sayı ötən illə müqayisədə 858 nəfər artaraq 33 645 nəfər olub. Ümumilikdə həkimlərin sayında artım müşahidə olunsa da, bəzi ixtisaslı həkimlərin sayında azalma qeydə alınıb. Belə ki, ötən illə müqayisədə terapevtlərin sayı 350 nəfər azalaraq 7 981 nəfər, ftiziatrların sayı yeddi nəfər azalaraq 212 nəfər, gigiyena-epidemioloqların sayı isə 80 nəfər azalaraq 716 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən həkim sayı 3,2 təşkil edir. Bu göstərici 2018-21-ci illərin məlumatlarına əsasən, Avropa Birliyi ölkələrində 3,9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3,6 təşkil edir.

Maraqlıdır, bəs görəsən, tibb sahəsində kadr çatışmazlığının səbəbi nədir? Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Lim10.az-ın suallarını cavablayan təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, kadr çatışmazlığının əsas səbəbi lazımi bilik və bacarıqlara sahib kadr yetişdirilməməsidir:

"Ölkə ərazisində yalnız tibb sahəsində deyil, digər sahələrdə də bu məsələ daim gündəmə gəlir. Burada əsas məsələ universitetlərin qəbul planı ilə bağlı deyil. Məsələn, Dövlət İmtahan Mərkəzi (DİM) hər il universitetlərin qəbul planında ixtisasların sayının artdığını elan edir. Biz beş il əvvəlki qəbul planı ilə indikini müqayisə etsək, minlərlə yerin artırıldığını görərik. Tibb Universitetinin bütün ixtisaslarında da hər il artım olur. Həmçinin, kolleclərdə ixtisasların sayının artdığının şahidi oluruq. Kadr çatışmazlığı mövcud qəbul planı ilə əlaqəli deyil. Burada əsas problem kadr yetişdirilməsindədir. Hazırda müəssisələr üçün təhsil ocaqlarımızda kifayət qədər yetərli kadr yetişdirilmir. Vakansiya elan edən işəgötürənlər namizəd vakantların həmin sahədə işləmə potensialının olmadığını görürlər".

Ekspertin sözlərinə görə, bir neçə universitet istisna olmaqla digərlərində tələbələrə yalnız nəzəri biliklər verilir:

"Bəzi universitetlərdə tələbələrin praktiki cəhətdən inkişafı üçün heç bir şey edilmir. Nəticə etibarilə tələbələrin bilikləri cəmi 80% təşkil edir. Bu istiqamətdə ciddi problemlərimiz var. Bu da zamanla müəssisələrimizdə - istər tibb, təhsil və s. sahələrdə kadr hazırlığına ciddi təsir göstərir. Məsələn, tibb bacısı ixtisasını bitirən və bu sahədə işləmək istəyən bəzi şəxslər venadaxili inyeksiya edə bilmirlər, bu da işəgötürəni düşündürür. Baxırsan, hüquq ixtisasının 4-cü kurs tələbəsidir, amma iddia ərizəsi yaza bilmir. Çünki ona ancaq nəzəriyyə öyrədilib. Bu gün tibb sahəsini bitirən minlərlə, mühəndislik ixtisasında təhsil alan onminlərlə şəxs işsizdir. Universitetlərdə praktiki bilik mənimsədilsə idi, işəgötürənlərin də işi daha rahat olardı".

O qeyd edib ki, kadr çatışmazlığının yaşanmasının digər səbəbi əməkhaqqı məsələsidir:

"İşəgötürənlər işçini təcrübəçi kimi götürür, bəziləri müəyyən sınaq müddəti təyin edir, bir qisim isə "bir ay işlə, amma sənə maaş verilməyəcək, qane etsən, maaş ödəniləcək" deyir. Əməkhaqqı kifayət etməyəndə şəxs də alternativ yollar axtarmağa başlayır.

Bir digər məsələ isə işəgötürənlərin düzgün seçim etməməsi, obyektiv qərar verə bilməməsidir. Qohumbazlıq, qeyri-leqal mövzular ortaya çıxdığı an müsahibə mərhələsində iştirak edən şəxslər artıq qeyri-obyektivliyi gördükləri üçün işə münasibətdə soyuyurlar. "Kaş bu ixtisas üzrə oxumasaydım", - deyə fikirlər səsləndirirlər".

R.Nurəliyev hesab edir ki, bu problemlərin aradan qaldırılması üçün tələbələrə təhsil aldıqları müddətdə praktiki biliklər verilməlidir:

"Bizdə tələbə 4-cü kursda olanda bir-iki aylıq təcrübə keçirlər. Təhsil aldığı dönəmdə tələbələrin təcrübə keçəcəkləri şərait yoxdur. Məsələn, qardaş Türkiyədə hər hansı yeni ixtisas yaradılanda onun üçün təcrübə keçə bilmək imkanı olan məkan yaradılır. Əgər universitet tibb ixtisası üzrə qəbul həyata keçirmək istəyirsə, birinci xəstəxanası olmalıdır, mühəndislik ixtisası açmaq istəyirsə, laboratoriyası olmalıdır. Bu gün bizim hansı universitetimizin bu tip laboratoriyaları var? Təcrübə, praktiki öyrətmə, demək olar ki, aşağı səviyyədədir. Öncə bu problemlərin aradan qaldırılmasına çalışmalıyıq. Tələbə təhsil aldığı ixtisas üzrə praktiki biliklərə sahib olmalıdır ki, universiteti bitirdikdən sonra işə düzələn zaman imtahan edildikdə işəgötürənin ehtiyaclarını qarşılayacaq kadr olduğu məlum olsun. Bunu həyata keçirsək, kadr çatışmazlığında problem yaşamarıq".

Bəs görəsən, Azərbaycan Tibb Universitetində növbəti tədris ili üçün plan yerləri artırılacaq?

Azərbaycan Tibb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, növbəti tədris ili üçün plan yerlərinin sifariş olunması Səhiyyə Nazirliyi ilə qərarlaşdırılır:

"Ötən tədris ilində tibb ixtisasında plan yeri 550-dən 600-ə qədər artırılıb. Stomatologiya ixtisasında 20, əczaçılıq ixtisasında 10, ictimai səhiyyə ixtisasında 10, tibb bacısı ixtisasında 20 nəfər plan yeri artırılıb. Yeni tədris ili üçün plan yerlərinin sifariş olunması Səhiyyə Nazirliyi ilə qərarlaşdırdıqdan sonra elan ediləcək".

Aygün Mirakif