Misir Mərdanov: "İşlədiyim dövrdə məktəblərdə psixoloji xidməti tam təmin edə bilmədik"

"Zənnimcə, bu işdə daha çox dediyimiz o üçlük: ailə, məktəb, psixoloji xidmət öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdır".

Bu barədə sabiq təhsil naziri, professor Misir Mərdanov Moderator.az-a açıqlamasında deyib.

Belə ki, son aylarda məktəblərimizdə şagirdlər arasında ciddi münaqişə zəminində bir-birinə ağır bədən xəsarəti yetirmə, bıçaqlanma halları xeyli artıb.

Görəsən, belə halların artmasında məktəblərdə psixoloji xidmətin zəif təşkil olunmasının rolu nə qədərdir?

Məsələ ilə bağlı Misir Mərdanov fikirlərini bildirib:

"Mənə elə gəlir ki, son vaxtlar məktəblərimizdə şagirdlərimiz arasında belə xoşagəlməz hadisələrin artmasında valideynlərin və məktəb kollektivinin məsuliyyət məsələsi də xeyli rol oynayır. Bəli, psixoloji xidmətin də rolu var hökmən. Təəssüf ki, ölkəmizdə uzun müddət, hətta mən işlədiyim dövrdə də psixoloji xidməti bütün məktəblərdə tam təmin edə bilməmişdik. Beləliklə, son illər məktəblərdə şagirdlər arasında bir-birinə ağır bədən xəsarəti yetirmə hallarının artmasında bu 3 amilin rolu var. Bunların arasında, çox güman ki, sizin dediyiniz psixoloji xidmət daha mühüm rol oynaya bilər və oynayır".

Professor hesab edir ki, bütövlükdə cəmiyyətdə uşaq və yeniyetmələrin təlim-tərbiyə məsələlərinə diqqət xeyli dərəcədə artırılmalıdır.

"Hesab edirəm ki, ümumiyyətlə, belə hadisələrin qarşısını almaq üçün cəmiyyətdə təlim-tərbiyə məsələlərinə diqqət çox artırılmalıdır, hökmən artırılmalıdır. Hazırkı səviyyə şəxsən məni qane etmir. Bilirsiniz, bu işləri biri-birinin üzərinə yıxmaqdansa, hər kəs öz üzərinə düşən vəzifəni layiqincə, vicdanla yerinə yetirməlidir. Zənnimcə, bu işdə daha çox dediyimiz o üçlük: ailə, məktəb, psixoloji xidmət öz vəzifələrinə məsuliyyətlə yanaşmalıdır", - deyə sabiq nazir vurğulayıb.