“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”

Səxavət Əlisoy 

Kitabdan hissələr-8

Ermənistanın Azərbaycana torpaq iddiasının miladı 1987-ci il deyil. Bu iddianın nə zaman ortaya atılmasından öncə tarixə qısa bir ekskursiya edək.
Qeyd etmək lazımdır ki, erməni-azərbaycanlı münaqişələrində əsasən 3 faktor önə çıxır. 1. Etnik 2. Dini. 3.İqtisadi-siyasi. Və onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün münaqişələri başlayan ermənilər olub. Onlar Çar Rusiyası dövründə də, SSRİ-dönəmində də havadarları olmuş və bu gün belə olmaqda davam edən qüvvələrin dəstəyi ilə azərbaycanlılara qarşı düşmən münasibətində oldular. Münaqişələr demək olar ki, Türkmənçay müqaviləsindən sonra başladı. Rusiyadan, İrandan və Yaxın Şərqdən Azərbaycana köçürülən ermənilər məskunlaşdıqdan bir müddət sonra azərbaycanlılara qarşı düşmənçilik toxumunu səpdilər.
Çar Rusiyasının yürütdüyü ikili standart bir yana, etiraf etmək lazımdır ki, azərbaycanlı əhalinin savadsızlığı və dünyada baş verənlərdən məlumatsızlığı, digər tərəfdən hərbi gücün ermənilər tərəfində olması ciddi bir faktor kimi münaqişələrdə önəmli rol oynadı. Azərbaycanlılarla müqayisədə çar ordusunda xidmət edən erməni zabit və əsgərlərinin sayı həddən artıq çox idi. Məhz onların sayəsində silahlı münaqişələr zamanı azərbaycanlıların insan tələfatı qarşı tərəflə müqayisədə qat-qat çox idi.
İl 1844. 1936-37-ci illərdə məşhur şərqşünas İlya Petruşevskinin redaktorluğu ilə çap olunmuş “XIX əsrin 20-60-cı illərində Rus çarizminin Azərbaycanda müstəmləkə siyasəti” kitabında yazılır:
“...Şuşanın Təbrizli məhəlləsində keçirilən Aşura mərasimi zamanı 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi əsasında bura köçürülmüş ermənilərin müsəlmanları təhqir etməsi əhalinin narazılığına səbəb oldu. Bu hadisə ilə əlaqədar ermənilər və müsəlman arasında 3 gün davam edən münaqişə nəticəsində hər iki tərəfdən xeyli insan qətlə yetirildi.”
Digər məşhur Qafqazşünas və Azərbaycanşünas Tadeuş Svyatoxovski isə belə yazırdı:
“...Erməni və azərbaycanlılar arasında münaqişənin başqa səbəbi iqtisadi rəqabətlə bağlı idi. 1870-ci illərdə çar hökuməti tərəfindən hər cür hüquq və imtiyazla təmin olunan erməni burjuaziyası iqtisadi rəqabətdə azərbaycanlı burjuaziyanı üstələyirdi. Məsələn, 1872-ci ildə neftli torpaqların satışı üçün keçirilən auksiyonda azərbaycanlı investorlarının gəliri 5 faiz olduğu halda, erməni investorlarının payı 10 dəfə çox idi. Ümumilikdə isə 167 neft müəssisəsindən 49-u azərbaycanlı burjuaziyanın, 55-i isə erməni burjuaziyanın əlində idi. Bununla yanaşı 1900-cü ildə Bakı quberniyasında fəaliyyət göstərən 115 sənaye şirkətindən 29-u ermənilərə, 18-i isə azərbaycanlılara məxsus idi. Erməni burjuaziyanın iqtisadi sahədə əldə etdiyi bu üstünlük azərbaycanlı burjuaziyanın müflisləşməsinə gətirib çıxarırdı.”
Məhz iqtisadi parametrlərə görə üstünlüyü ələ keçirməyə nail olan ermənilər sonradan “Daşnaksütün” partiyasının qərarlarına uyğun olaraq azərbaycanlıların torpaqlarını ələ keçirmək üçün hərəkətə keçdi. Bir nüansı da etiraf etmək gərəkdir. XIX və XX əsrdə ermənilərin xalq olaraq təşkilatlanması, o xalqın bütün təbəqələrinin “Daşnaksütün” partiyasının qərarlarını sözsüz əməl etməsi ermənilərin əlini xeyli gücləndirirdi. Sahib olduqları iqtisadi və hərbi gücə rəğmən ermənilər azərbaycanlıların sayca çox olduğu ərazilər hesabına özlərinə ayrıca dövlət yaratmaq fikrində düşmüşdü.
XX əsrdə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi Rusiya imperiyasının süqutundan sonra başladı. Bu əsrdə baş verən bütün münaqişələrin əsası 1905-ci ildə qoyuldu. 1905-ci il həm də, tarixdə ilk böyük millətlərarası münaqişə- “erməni-azərbaycanlı münaqişəsi” olaraq yadda qaldı və bu münaqişə Cənubi Qafqazın bir sıra şəhərlərini əhatə etdi. 1905-1906-cı illərdəki Ermənistan-Azərbaycan münaqişəsi tarixə həm də, XX əsrin ən faciəli münaqişələrdən biri kimi daxil olub. Münaqişələr bir milyondan artıq azərbaycanlının həyatına son qoydu.
İkinci Ermənistan-Azərbaycan qarşıdurması 1918-ci ildə baş verdi. Münaqişə 1918-ci ilin may ayından 1920-ci ilin noyabr ayına qədər davam etdi. Bu müharibədə Ermənistan daha çox ermənilərlə azərbaycanlıların birgə yaşadığı ərazilərə göz dikmişdi. Onlar yeni sərhədlərin Çar Rusiyası dövründə mövcud olmuş sərhədlərə uyğun gəlmədiyini əsas götürərək, Azərbaycan torpaqlarını ələ keçirmək istəyirdi.
Ərazi münaqişəsinin başlanğıcından tərəflər onun həlli üçün öz variantlarını təklif edirdilər. Əgər Azərbaycan hökuməti dövlətlər arasında sərhədlərin qurulmasında əsas meyar kimi tarixi prinsipi irəli sürürdüsə, erməni tərəfi “harada ermənilər yaşayır, ora erməni torpağıdır” prinsipi ilə hərəkət edirdi.
Məhz bu mərhələdə “Dağlıq Qarabağ” termini siyasi məna kəsb etdi. Dağlıq Qarabağın erməni əhalisi burada öz inzibati orqanlarını yaradaraq Ermənistana qoşulmağa cəhd edirdi. Münaqişənin bu mərhələsində böyük dövlətlər onun həllində fəal iştirak edirdi. Osmanlı İmperiyası ilə təmsil olunan Dördlü Alyans ölkələri və İngiltərənin təmsil etdiyi Antanta ölkələri münaqişənin həlli üçün səy göstərirdi. 1918-ci il oktyabrın əvvəlində türk qoşunlarının Dağlıq Qarabağa daxil olması Azərbaycan hökumətinin bölgə üzərində yurisdiksiyasının erməni əhalisi tərəfindən qeyd-şərtsiz tanınmasını təmin etməsə də, Azərbaycana bu ərazi üzərində müəyyən nəzarət yaratmağa imkan verdi. Birinci Dünya Müharibəsində Osmanlının məğlub duruma düşməsi və 1918-ci ilin oktyabr-noyabr aylarında türk qoşunlarının Cənubi Qafqazdan çıxarılması ilə regionda nəzarət Antanta ölkələrinə verilməsinə səbəb oldu. Beləliklə, İngiltərənin Cənubi Qafqazda hökmranlığı dövrü iki müstəqil respublika arasında ərazi ziddiyyətlərinin həllində və ya kəskinləşməsində həlledici rolu ilə başladı. İngiltərə 1919-cu ilin yanvarında Qarabağda Azərbaycanın yurisdiksiyası altında Hökumətin xüsusi idarəsini yaratmaqla münaqişə zonasının “ərazi təcrid olunması modelini” irəli sürdü . İngilislərin bu qərarı Azərbaycana hər hansı xüsusi simpatiyadan irəli gəlmirdi. Britaniya komandanlığı yalnız İrəvanla deyil, Bakı ilə də yol və iqtisadi qovşaqlarla ən sıx bağlı olan Dağlıq Qarabağın humanitar problemlərini daha səmərəli həll etməyə çalışırdı.
Azərbaycan Respublikasının tərkibində Qarabağ general-qubernatorluğunun yaradılması ilə “Qarabağ” termini 1822-ci ildə Çar Rusiyası tərəfindən Qarabağ xanlığının ləğvindən sonra itirdiyi inzibati-siyasi mənasını yenidən bərpa etdi.
İngilislərin bu hərəkətləri Dağlıq Qarabağın erməni əhalisinin siyasi əhval-ruhiyyəsinə müsbət təsir göstərdi və bu Qarabağ ermənilərinin 1919-cu il avqustun 22-də Şuşada keçirilmiş VII qurultayının qərarlarında öz əksini tapdı. Qurultay 26 bənddən ibarət “Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökuməti ilə müvəqqəti sazişi”ni qəbul etdi. Qərarda xüsusilə qeyd edilirdi ki: “Qarabağın dağlıq hissəsi - ermənilərin məskunlaşdığı Şuşa, Cavanşir və Cəbrayıl rayonları Paris Sülh Konfransında bu məsələ həll olunana qədər özünü müvəqqəti olaraq Azərbaycan ərazisi hesab edir.”
Saziş, “Dağlıq Qarabağ” termininin siyasi mənada işlədildiyi ilk sənəd idi və bu qərarla Dağlıq Qarabağ ərazisi Azərbaycan Respublikasının ərazisi kimi tanındı. Lakin Ermənistan müqavilənin Qarabağın azərbaycanlı general-qubernatorunun təzyiqi ilə bağlandığını əsas gətirərək onu, tanımadı.
Bundan sonra Ermənistan hökuməti Dağlıq Qarabağda separatçı əhval-ruhiyyəni dəstəkləməkdə davam etdi. Bu da vəziyyətin gərginləşməsinə və Dağlıq Qarabağda yerləşən Azərbaycan Silahlı Qüvvələrinə qarşı ermənilərin silahlı təxribatlarına səbəb oldu. 1920-ci ilin mart-aprel aylarında Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində ermənilərin bölgəyə silahlı hücumu baş verdi və bu hücumun Azərbaycan ordusu tərəfindən qarşısı alındı. Təxribatlar Azərbaycan hökumətini respublikanın qərb sərhədlərində daim əhəmiyyətli hərbi qüvvələr saxlamağa məcbur etdi.
1918-20-ci illərdə ermənilər Naxçıvanda, Bakıda, Şamaxıda digər yaşayış məntəqələrində soyqırım törədərək onminlərlə azərbaycanlını qətlə yetirdi.
Azərbaycan 1920-ci ildə bolşeviklər tərəfindən işğal edildikdən sonra da ermənilər ərazi iddialarını davam etdirdi. Lakin Sovet Rusiyasının “sülhməramlı” rolunda çıxış etməsi iki sovet respublikası arasında silahlı qarşıdurmaya imkan vermədi. Vəziyyətin dəyişdiyini anlayan ermənilər Moskvaya təsir edərək Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyirdi. Hətta, buna 1921-ci ilin iyul ayının 4-də nail ola bildillər. Rusiya Kommunist (b) Partiyası Qafqaz Bürosunun Plenumu 4 iyul 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərar qəbul etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanov qərara etiraz olaraq dərhal bəyanat verdi. N. Nərimanov bəyanatında “Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, onun yekun qərarının Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitəsinə verilməsini zəruri hesab etdiyini bildirdi. Qafqaz Bürosunun Plenumu N. Nərimanovun bu bəyanatını nəzərə alaraq ertəsi gün 5 iyul 1921-ci ildə yenidən toplanaraq 4 iyul qərarını ləğv edən qətnamə qəbul etdi. Qətnamədə deyilirdi ki, müsəlmanlar (azərbaycanlılar) və ermənilər arasında milli sülhün zəruriliyini və Yuxarı və Aşağı Qarabağın iqtisadi bağlılığını, onun Azərbaycanla daimi bağlılığını əsas götürərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanmalı, Dağlıq Qarabağa inzibati hüquqlu geniş muxtariyyət verilməlidir.
“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçiləri qərarın ləğv olunmasında İosif Stalini günahlandırırdı. Ancaq Qafqaz Plenumunun iyulun 4-5-də keçirilən Plenumunun stenoqramı olmadığından Ermənistan tərəfi bu versiyanın lehinə bircə dənə sənədli arqument təqdim edə bilmədi. Ona görə də İosif Stalinin azərbaycanlılara xüsusi rəğbətinə əsaslanaraq guya “Dağlıq Qarabağı Azərbaycana verib” kimi erməni versiyası tam olaraq əsassız idi.
Əksinə, İosif Stalinin Mərkəzi Komitə üzvü və Milli məsələr üzrə Xalq komissarı kimi iştirak etdiyi Plenumun qətnaməsində Dağlıq Qarabağa muxtariyyat statusunun verilməsi gələcəkdə Azərbaycanın təməlinin dağıdılmasına hesablanmış saatlı bir bomba idi.
Qafqaz Bürosu Plenumunun 5 iyul 1921-ci il tarixli qərarı yalnız iki ildən sonra - 1923-cü ildə həyata keçirildi. 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında” dekret verdi...
Ermənilərin ərazi iddialarının növbəti dalğası Böyük Vətən Müharibəsindən sonra başladı.
İkinci Dünya Müharibəsinin sonunda məlum oldu ki, erməni tərəfi Dağlıq Qarabağa muxtariyyət verilməsini problemin həlli hesab etmir. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasını Azərbaycana gələcəkdə bu ərazinin ilhaqı üçün hüquqi əsas verəcəyindən narahat olduqlarını Moskvaya şikayət edirdi. Planlar Ermənistanın partiya rəhbərliyində hazırlanır və ona Dağlıq Qarabağ erməni əhalisinin müraciət donu geyindirələrək Moskvaya göndəriliri.
Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutinov (Arutunyan) 1945-ci ilin noyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q. Malenkova teleqram göndərərək Dağlıq Qarabağ əhalisinin istəyi və vilayətin inkişafı üçün Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirmək üçün yardım istəyir.
Q. Arutunyan iki səbəbdən Mərkəzi Komitə katibi Q. Malenkova müraciət edib. Birinci səbəb Q. Malenkovun Azərbaycanın rəhbəri Mircəfər Bağırovla münasibətlərinin çox pis olması idi. İkinci səbəb isə, Q. Malenkovun Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyanla yaxın dostluğuna görə idi. Q. Arutunyanın yaxın qohumu A. Mikoyanın gəlini- oölu Alekseyin arvadı idi və onun müraciəti məhz A. Mikoyanla məsləhətləşdikdən sonra etdiyi heç bir şübhə doğurmur.
Q. Malenkov Bakıya-Mircəfər Bağırova məktub yazaraq Q. Arutunyanın təklifinə münasibətini bildirməsini istəyir. 1945-ci ilin dekabr ayının 10-da M. Bağırov Q. Malenkova cavab göndərir.
Geniş cavab məktubunda M. Bağırov XVIII əsrdən başlayaraq Dağlıq Qarabağın tarixini xatırladır, vilayətin Ermənistanla bilavasitə sərhəddinin olmadığını bildirir.
Məktubunun sonunda M.C.Bağırov əks təkliflə çıxış edir və həmin təklifdə DQMV-nin azərbaycanlıların məskunlaşdığı Şuşa rayonu istisna olmaqla, Ermənistana verilməsinə bir şərtlə razı olduğunu bildirir. M. Bağırovun şərti o idi ki, Dağlıq Qarabağın Ermənistana verilməsi müqabilində Ermənistan ərazisində azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonu da Azərbaycana verilsin.
M. Bağırovun cavab məktubu erməniləri qane etmədi. Çünki onlar ərazi və əhali mübadiləsini deyil, Azərbaycan torpaqları hesabına Eermənistan ərazisini genişləndirmək istəyirdi.
Azərbaycanın Q. Malenkova verdiyi cavabdan sonra ermənilər 1960-cı ilə qədər Azərbaycana qarşı torpaq iddiasını dilə gətirmədi. Onlar mübarizə taktikasını dəyişərək təbliğat maşınını işə saldılar. Həm Ermənistanda, həm də, Dağlıq Qarabağda yaşayan millətçi ziyalılar təbliğat kampaniyasının önünə keçdi. Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün dövlət strukturlarına “millətçilik” xəstəliyinə mübtəla olmuş kadrlar yerləşdirildi. Vilayətin kəndlərindən tutmuş mərkəz Stepanakertə qədər hər məkanda dövlət tədbirlərində, toy və yas məclislərində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi barədə söhbətlər gedirdi.
1946-cı ilin avqustunda Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri S.Yemelyanov Moskvaya “DQMV-nin bəzi erməni ziyalıları arasında mənfi əhval-ruhiyyə haqqında” arayış təqdim etdi. Arayışda göstərilirdi ki, Azərbaycan Yazıçılar İttifaqının Qarabağ şöbəsi antiazərbaycan təbliğatında çox fəal rol oynayır. DQMV-nin Ermənistana birləşdirilməsi üçün təbliğat aparan şöbənin məsul katibi bir yığıncaqda deyib ki: “Əgər DQMV Ermənistana daxil olsaydı, mədəniyyətimiz yenidən çiçəklənərdi. Biz erməni mədəniyyətindən geri qalırıq, erməni operasını, ümumiyyətlə, nailiyyətləri görmürük. Biz Ermənistanla üzvi şəkildə bağlı olmalıyıq”. Oxşar fikirlər ali təhsil müəssisələrinin professor-müəllim heyəti arasında da qeydə alınıb...

Azərbaycanlıların Ermənistandan deportasiyası
Deportasiya - latın dilində “deportatio” sözündən olub, mənası məcburi köçürülmə, qovulma, sürgün olunma deməkdir. Əhalini deportasiya etmə və ya məcburi köçürmə onun uzun müddət məskunlaşdığı qanuni yaşayış yerlərindən zorla çıxarılması ilə müşayiət olunan, insanların kütləvi şəkildə ev-eşiyindən, doğma torpaqlarından, ölkəsindən qovulması ilə nəticələnən hərəkətlərlə xarakterizə olunur.
Azərbaycanlılar XX əsrdə 3 dəfə deportasiyaya məruz qaldı. Birinci deportasiya (1905-1920) çar Rusiyası zamanında baş verdi. İkinci deportasiya (1948-1953) və üçüncü deportasiya (1988-1990) SSRİ dövründə gerçəkləşdi. Bir əsrdə bir millətin 3 dəfə deportasiyaya məruz qalması psixoloji aspektdən çox ağır zərbə idi. Deportasiyanın Sovet hakimiyyəti illərində gerçəkləşməsi isə SSRİ adlı imperiyada “xalqlar dostluğunun” mahiyyətini açırdı.
Dağlıq Qarabağ torpaqları hesabına ərazisini genişləndirməyə nail olmayan ermənilər İkinci Dünya müharibəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılara qarşı məkrli bir plan hazırladı. Onlar Kremldəki havadarları sayəsində İ. Stalinin 1947-cı ilin dekabr ayının 23-də SSRİ Nazirlər Sovetinin sədri olaraq 4083 saylı Qərara imza atmasına nail oldu.
Qərarda 1947–1950-ci illərdə Ermənistan SSR-in 100 min azərbaycanlı əhalisinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulurdu. Bu proses azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizlənməsi olaraq qiymətləndirilir.
Deportasiya üçün lazımı vəsaitin və maddi-texniki yardımın ayrılması 4083 saylı qərarda nəzərdə tutulsa da, bu həyata keçirilmədi və ya çox zəif şəkildə keçirildi. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olmuşdur. Həmçinin deportasiya edilənlərin heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilirdi. Qərara uyğun olaraq deportasiyanın könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, dövlətin gücü istifadə edilməklə zorakılıqla müşayitə olunurdu bu proses. Çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində deyildi.
Qərarın bir bəndi daha çox ilginc idi: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar boşaldılmış yaşayış binalarından xarici ölkələrdən Ermənistan SSR-ə köçürülən ermənilər istifadə etsin.”
Nədən Azərbaycan əhalisi Ermənistandakı ata-baba yurdundan deportasiya edildi. Krem bu deportasiyanın Azərbaycan rəhbərliyinin xahişi əsasında gerçəkləşdiyini ortaya qoyurdu. Guya, Kür-Araz ovalığında nəzərdə tutulmuş işlər üçün işçi qüvvəsi çatışmadığından bu addımın atılmasına zərurət yaranmışdı.
Əslində isə, deportasiyanın səbəbləri bambaşqa idi. 1930 və 1940-cı illərdə Sovet İttifaqında həyata keçirilmiş bütün deportasiyaların iki motivi olmuşdur: 1. cəzalandırma, 2. preventiv (qabaqlayıcı) tədbirlər. Azərbaycanlıların Ermənistandan deportasiyasında hər iki motivi görmək mümkündür.
İkinci Dünya müharibəsindən əvvəl SSRİ və Türkiyə arasında münasibətlər pozitiv istiqamətdə davam edirdi. 1925-ci ilin dekabr ayında iki dövlət arasında 20 illiyinə bağlanmış müqavilə dostluğun hansı səviyyədə olduğunun göstəricisi idi. Alman faşistləri SSRİ-yə hücum etdikdən sonra Türkiyənin SSRİ ilə birgə hərəkət etməməsini İ. Stalin xəyanət adlandırırdı və elə buna görədə müharibə bitdikdən dərhal sonra Türkiyə ilə 1925-ci ildə bağlanan dostluq və əməkdaşlıq haqqındakı müqaviləni ləğv etdi. SSRİ Türkiyə ilə bağladığı müqaviləni ləğv etdikdən sonra ermənilər hərəkətə keçdi. Ermənistan Kommunist Partiyasının birinci katibi Q. Arutunyan Moskvaya bir məktub yazdı. Məktub Q. Malenkova deyil, birbaşa İ. Stalinə ünvanlanmışdı. Q. Arutunyan məktubunda gələcəkdə SSRİ ilə Türkiyə arasında gərgin münasibətin müharibəyə çevrilməsi ehtimalını nəzərə alaraq Türkiyə sərhədlərinə yaxın ərazidə məskunlaşan azərbaycanlı vətəndaşların Azərbaycana köçürülməsini, onların boşalmış evlərinə xaricdə yaşayan ermənilərin gətirilməsini təklif etdi. İ. Stalin Qafqaza yaxşı bələd olduğu üçün orada yaşayan millətlərin xarakterini gözəl bilirdi. Bilirdi ki, azərbaycanlılar da türk ağacının bir qoludur və SSRİ Türkiyə ilə müharibə aparacağı təqdirdə onlar Türkiyənin tərəfində dayanacaq. İ. Stalin eyni zamanda ermənilərin də “hansı yuvanın quşu” olduğunu yaxşı bilirdi. Ermənilərin bitmək bilməyən türk düşmənçiliyindən İ. Stalin yararlana biləcəyi qənaətində idi və ona görə də Q. Arutunyanın yazdığı məktubdan iki ay sonra o mənfur qərarı- 100 min azərbaycanlının Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi, onların boşalmış evlərinə xaricdən bgələn ermənilərin yerləşdirilməsi qərarını imzaladı.
Bu qərar İ. Stalinin Azərbaycan xalqına yönəlik ən ağır cinayət kimi tarixə keçdi. Onun türk düşmənçiliyi bu qərarda açıq-aşkar görünür.
Krım tatarlarının və Axıska türklərinin də deportasiyaya məruz qalması bu düşmənçiliyi təsdiq edən faktlardır.
Təbii ki, qərarın imzalanmasında “Daşnaksütün” partiyasının və Moskvada başında A. Mikoyanın dayandığı erməni lobbisinin çox böyük “zəhməti” olmuşdur.
Ermənilərin ideoloji müharibəyə start verməsi

Deportasiyadan sonra ermənilərin Azərbaycana qarşı torpaq iddiaları daha geniş vüsət almağa başladı.
Erməni ziyalıları ideoloji müharibənin önünə keçmişdi. Dağlıq Qarabağın Ermənistana verilməsi üçün kütləvi çağırışlar edilir və Dağlıq Qarabağ zəhmətkeşləri adından imzalar toplanırdı. İlginc olan o idi ki, ermənilər problemin həlli üçün heç vaxt Bakıya müraciət etmir, məsələnin həllini yalnız Moskvada-Kremldə axtarırdı.
Ermənilərin “ideoloji müharibəsindən” SSRİ-nin informasiya məxfiliyinə görə sovet vətəndaşları xəbər tutmurdu. Ancaq orada baş verənlər ildırım sürəti ilə Azərbaycanda yayılırdı.
60-cı illərdə ermənilərin Azərbaycan ərazisinə iddiaları yenidən alovlandı. Erməni ziyalıları Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün gizli təşkilatlar yaratmağa başladı.
Bu təşkilatların fəalları Ermənistan hakimiyyətinə təzyiq göstərməyə və onları aktiv fəaliyyətə sövq etməyə cəhdlər edirdi. Eyni zamanda ermənilər Azərbaycanda ideoloji fəaliyyətlərini gücləndirmək üçün gizli özəklərin təşkilinə start verdi. Bakı başda olmaqla ermənilər sayca çox yaşadığı şəhərlərdə- Gəncədə, Sumqayıtda və Naxçıvanda da gizli özəklər təşkil olundu.
1963-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşova 2500 erməninin imzası ilə etiraz məktubu göndərildi və məktubu imzalayanlar Dağlıq Qarabağın ya, Ermənistana birləşdirilməsini, ya da, Rusiya Federasiyasının tərkibinə daxil edilməsini tələb edirdi.
Eyni vaxtda- 1964-cü il mayın 18-də erməni diasporunun nümayəndələri də N. Xruşşova petesiya ünvanladı. Petesiyanın məzmunu belə idi: “Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı dərhal qərar qəbul edilməsində israrlıyıq: ya muxtar vilayəti və digər erməni məskunlaşan rayonları yenidən Ermənistana birləşdirilsin, ya da, SSRİ-nin tərkibinə daxil edilsin.”
Ermənilərin N. Xruşşova müraciətində əvvəl 1964 -cü ilin əvvəlində Kremldə A. Mikoyan N. Xruşşovla görüşdə Krımın Ukraynaya verilməsini xatırladaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təklif etmişdi. Rus yazıçısı Yuri Pompeyevin yazdığına görə A. Mikoyanın təklifindən sonra N. Xruşşov demişdi ki, Dağlıq Qarabağ ermənilərinin Ermənistana köçürülməsi üçün mən 12 min hərbi yük maşını ayırmağa hazıram...
Leonid Brejnevin rəhbərliyi dövründə ermənilərin antiazərbaycan kampaniyasının növbəti mərhələsi başladı. 1965-ci ildə Ermənistanda Kremlin razılığı ilə guya Osmanlı İmperiyasında Birinci Dünya Müharibəsi zamanı baş vermiş bədnam “erməni soyqırımı”nın 50-ci ildönümünə hazırlıq işlərinə start verildi. Ermənilərin bütün Ermənistan ərazisində “ildönmü” qeyd etməyə başlamasından sonra orada yaşayan azərbaycanlılarla münasibət daha da gərginləşdi. Ermənistan azərbaycanlıları ermənilərin bu ildönmü qisas kompaniyasına çevirəcəyindən xəbər tutdu və bu barədə Moskva məlumatlandırıldı. Moskvanın müdaxiləsindən sonra ermənilərin məkrli planının qarşısı alındı.
Nisbi sakitlik yaransa da azərbaycanlılara qarşı düşmənçilik hərəkətləri günbəgün artmaqda idi. Artıq 70-ci illərin sonunda soyuq savaşın silahlı qarşıdurmaya keçəcəyi hiss olunurdu. Ermənilər azərbaycanlılara qarşı açıq-aşkar düşmən münasibəti göstərirdi. Belə bir durumda silahlı qarşıdurmanın baş verəcəyini təxmin edən azərbaycanlı ziyalılar Moskvaya müraciətlər edirdi. Bundan xəbər tutan ermənilər poçt şöbələri vasitəsi ilə şikayətlərin qarşısını alır, azərbaycanlıların səsinin Moskvaya çatmasına əngəl olurdu. 70-ci illərin sonu, 80-ci illərin əvvəlində ermənilər yeni bir azərbaycanlı soyqırımına hazırlaşırdı. Onlar ilk fürsətdə hərəkətə keçəcəkdilər.
Bu fürsət ermənilərin əlinə 1985-ci ildə keçdi...