“"Bakı" rəsmiləri özlərinə gəlsin...” - İranlı deputat Azərbaycanı hədələdi
İranın “Mosalas Online” saytı yazır ki, Təbriz, Üskü və Azərşəhr şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmmədrza Mirtacəddini Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı” adlandıraraq təhdid edib: “Bakı rəsmiləri ağıllarını başlarına yığmalı və başa düşməlidirlər ki, İranla münasibətləri pozsalar, bu, özlərinin ziyanına olacaq”.
İran televiziyasının “Cam-e İnqilab” verilişinin qonağı olan din xadimi bu günlərdə “Bakı hökumətinin” davranışlarına cavab olaraq iddia edib: “Həmin şəxsin Azərbaycan səfirliyinə hücumu hadisəsindən sonra İranın müxtəlif qurumları məsələni dərhal araşdırmağa başladı və rəsmi Tehran bu hadisəni pislədi, hətta mən və Təbrizin imam-cüməsi Ali Haşim də hadisəni qınayan bəyanatla çıxış etdik, amma təəssüf ki, Azərbaycanın bu davranışının şahidi olduq”.
Onun iddiasına görə, Bakı rəsmiləri iki qonşu ölkə arasında yaxşı münasibətlərin pozulmasından faydalanan sionistlərin təsiri altındadır: "Bu gün sionistlər Azərbaycanda tikinti-quruculuq işləri adı altında fəaliyyət göstərir, amma əməldə İrana qarşı addımlar atırlar, ona görə də bizim üçün bir növ təhdid sayılırlar...”.