Ağ Ev indi öz yeni prioritetləri üzərindən dolayısı ilə ABŞ-ın artıq nəyə qadir olmadığını açıq şəkildə etiraf etməyə başlayıb... Hazırda ABŞ-ın böyük strategiyasında əsas dəyişiklik geri çəkilmə deyil, əksinə, yeni qlobal nizama uyğunlaşma taktikasıdır...
Ağ Ev onilliklər boyu ön planda tutduğu ABŞ-ın dünyanı dəyişmək və yenidən formalaşdırmaq kimi ənənəvi iddialarından imtina etmək qərarına gəlib. Ona görə də, məşhur amerikalı xarici siyasət analitiki Stiven M. Uoltun bu barədə açıqlamaları şəxsi akademik mülahizə xarakteri daşımır. Onun fikirləri ABŞ-ın "liberal hegemonluq dövrü"nün artıq sona çatdığını dolayısı ilə etiraf edən strateji mesaj təsiri bağışlayır.
Onu da qeyd etmək lazımdır ki, Ağ Evin üzləşdiyi indiki vəziyyət əslində, müvəqqəti siyasət korrektəsi deyil, daha çox beynəlxalq sistemdə baş verən struktur dəyişiklikdir. Və bu, ənənəvi demokratiya və “qlobal qaydalara əsaslanan nizam” ritorikası üzrə artıq geri çevrilməsi mümkün olmayacaq bir dəyişiklik kimi görünür.
Məsələ ondadır ki, Ağ Ev "soyuq müharibə"dən sonrakı üç onillik ərzində ABŞ-ın qlobal gücünün həm şəriksiz, həm də "öz-özünü legitimləşdirən" xarakterdə olduğu ilə bağlı fərziyyə üzərindən hərəkət edirdi. Ağ Evdə ABŞ-ın hərbi üstünlüyü, maliyyə-iqtisadi rıçaqları və "ideoloji cazibə"si dünyanın bütöv regionlarının siyasi düzənini yenidən formalaşdırmaq üçün bir-birini tamamlayan önəmli qlobal strateji alətlər kimi qəbul olunurdu. Və indi artıq bu fərziyyə artıq tədricən dağılmağa başlayıb.
Amerikalı siyasi nəzəriyyəçi Stiven M. Uoltun demokratiya və liberalizmin bundan sonra artıq əvvəlki kimi ixrac edilə bilməyəcəyi barədə tezisi indi böyük önəmə malikdir. Çünki bu, "Soyuq Müharibə"dən sonrakı dövrü üçün ABŞ-ın xarici siyasət kursunun əsas miflərinə birbaşa zərbə xarakteri daşıyır. Və siyasi sistemlərin kənardan, yəni hərbi müdaxilə, sanksiyalar və ya təzyiqlərə bağlı təhdidkar şərtləndirmə yoluyla formalaşdırıla biləcəyi barədə mövcud iddialar dolayısı ilə təkzib olunur.
Əslində, son onillikdə ön planda yer almış Əfqanıstan, İraq, Liviya və daha mürəkkəb formada Ukrayna böhranları da eyni modeli nümayiş etdirir. Yəni, indi hər kəsə aydındır ki, xarici təzyiqlər mövcud siyasi hakimiyyət rejimlərini ciddi şəkildə zəiflədə bilər. Ancaq bu, ictimai legitimlik, sosial birliyə əsaslanan siyasi sistem və dayanıqlı idarəçilik institutları yarada bilməz. Ona görə də, vaxtilə “demokratiyaya keçid” kimi təqdim edilən lokal proseslər bu gün parçalanmış dövlətlər, "dondurulmuş" münaqişələr və ya sonu görünməyən "proksi müharibələrə" çevrilib.
Onu da qeyd etmək lazımdır ki, bütün bunlar siyasi əxlaqa bağlı deyil, məhz strateji xarakterli uğursuzluqdur. Belə ki, liberal universalizm milli kimliklərin, yerli güc strukturlarının və təhlükəsizlik yönümlü siyasətin davamlılığını düzgün təyin etmədi. Stiven M.Uoltun mövqeyi də məhz "normativ örtüyü" bir kənara qoyur. Və ABŞ xarici siyasətində yekun nəticələri dəyərlərin deyil, yalnız güc faktorunun müəyyən etdiyini qabardır.
Amerikalı siyasi nəzəriyyəçi Stiven M. Uoltun daha bir mühüm etirafı ABŞ-ın bütün regionlarda dərin hərbi-siyasi iştirakının bundan sonra da davam etdirməsinin artıq mümkün və zəruri olmadığını ön plana çəkir. Bu, ABŞ-ın qlobal üstünlüyünü xarakterizə edən “hər yerdə olmaq” strategiyasının artıq səssiz-səmirsiz iflasa uğradığını göstərir.
Maraqlıdır ki, ABŞ-ın qlobal fəaliyyət üstünlüyü üzrə məhdudiyyətlər artıq yalnız siyasi deyil, həm də struktur xarakteri də daşıyır. Belə ki, Ağ Evin maliyyə öhdəlikləri həddindən artıq yüklənib, ABŞ ordusu uzunmüddətli münaqişələrdən yorulub, ölkədaxili siyasi parçalanma dərinləşib, xarici müdaxilələrin səmərəsi isə azalmağa başlayıb.
ABŞ-ın Yaxın Şərqdən mərhələli şəkildə geri çəkilməsi, Afrika və Latın Amerikasında seçici iştirak modeli, Avropa müttəfiqlərindən öz təhlükəsizliklərinə görə daha çox məsuliyyət tələb etməsi eyni nəticəyə işarə edir. Belə ki, bu superdövlət artıq "qlobal patrul" və ya "beynəlxalq jandarm" xidməti göstərmək istəmir. Və Ağ Ev indi qlobal prioritetləri müəyyənləşdirməklə, kifayətlənməyə daha çox üstünlük verir.
Qərbdə belə hesab edirlər ki, ABŞ-ın indiki xarici siyasət kursu neorealizmin praktik tətbiqidir və daha çox "güc nümayiş etdirilməli deyil, qorunmalıdır" prinsipinə əsaslanır. Ağ Evin Rusiya-Çin tandeminə qarşı təzyiq siyasətindəki yeni məhdudiyyətlər Qərbdə ümumi ənənəvi strategiyadan ayılma prosesi kimi dəyərləndirilir. Bu baxımdan, ABŞ-ın eyni vaxtda həm Rusiyanı, həm də Çini cilovlaya bilməyəcəyinə yönəlik yaranmaqda olan əminlik indi ən narahatedici məqam hesab olunur.
Əslində, bütün bunlar ABŞ üçün strateji seçim deyil, əksinə, qlobal siyasi reallıqdır. Çünki Ağ Ev Çinin iqtisadi, texnoloji, hətta hərbi xarakterli rəqabət çağırışlarına uzunmüddətli, sistemli və hərtərəfli reaksiya verməkdə çətinlik çəkir. Rusiya isə iqtisadi baxımdan, zəif olsa da, ABŞ-ln strateji resurslarını uzun müddət məşğul edə biləcək hərbi-siyasi aktor olaraq, qalır. Ona görə də, hər iki cəbhədə paralel qarşıdurma ABŞ-ı tədricən strateji uyğunsuzluğa sürükləyir.
079b0d646e7436835f140859b4be6b7c.jpg (334 KB)
Digər tərəfdən, Ukrayna savaşı da göstərdi ki, regional münaqişələr ABŞ-ın maliyyə-iqtisadi, sənaye və hərbi-siyasi kapitalını sürətlə tükəndirə, ancaq strateji nəticələrdən uzaq qala da bilər. Ona görə də, artıq hesab edirlər ki, əgər Çin əsas strateji rəqibdirsə, onda Rusiya ilə münasibətlər idarəolunan səviyyəyə keçirilməlidir. Və Avropa ölkələri də ABŞ-ın limitsiz dəstəyinə arxalanmadan Rusiyanı cilovlamaq məsuliyyətini öz üzərinə götürməlidir.
Maraqlıdır ki, indi Qərbdə ön planda olan qənaət ondan ibarətdir ki, artıq təkqütblü dünya modeli artıq geri qayıtmayacaq. İndi formalaşmaqda olan yeni beynəlxalq nizam liberal mənada, “qaydalara” deyil, məhz qlobal güc balansına əsaslanan sistemə yönəlikdir. Bu yeni nizamın əsas konturları da artıq görünməyə başlayıb. Belə ki, regional güc mərkəzləri indi daha müstəqil davranır, beynəlxalq ittifaqlar ideoloji xarakter daşımaqdan uzaqlaşır, qlobal təsir faktorları isə ənənəvi narrativlərlə yox, məhz real resurslarla ölçülür.
Ona görə də, belə bir yeni dünyada ABŞ-ın strateji uğuru qlobal liderlikdən daha çox siyasi təmkinə, ittifaqların idarə olunmasına və beynəlxalq proseslərdə seçici iştiraka bağlı olacaq. Çünki ideologiya imkanları, onları gizlətdikdə, üstünlük deyil, məhz əlavə siyasi yükə çevrilir. Bu baxımdan, indi ABŞ-ın böyük strategiyasında əsas dəyişiklik geri çəkilmə deyil, əksinə, yeni qlobal nizama uyğunlaşma taktikasıdır.
Belə anlaşılır ki, ABŞ ənənəvi qlobal ambisiyalardan mövcud reallıqlara uyğunlaşma və onilliklər ərzində ön planda olan universalizmdən prioritetləşdirmə mərhələsinə keçir. Bu proses həm də ona görə əhəmiyyətlidir ki, Ağ Ev indi öz yeni prioritetləri üzərindən dolayısı ilə ABŞ-ın artıq nəyə qadir olmadığını açıq şəkildə etiraf edir. Ağ Evin qarşısında duran əsas problem artıq “dünyanı necə dəyişmək” deyil, əksinə, dəyişən dünyada öz həlledici rolunu necə qorumaqla bağlıdır. Və bu, ABŞ-ın həm müttəfiqləri, həm də rəqibləri üçün yeni reallıq olmaqla yanaşı, ənənəvi illüziyaya yox, məhz məcburi uyğunlaşma faktoruna əsaslanır.
Yeni Musavat



















