Saakaşvili müraciət yayıb

"Məni öldürmək üçün baş tutan xüsusi əməliyyatın son mərhələsindəyik"


"Məni öldürmək üçün baş tutan xüsusi əməliyyatın son mərhələsindəyik - Bu prosesdə “parlamentarilər”, “jurnalistlər”, indi isə klinika iştirak edir".

Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabı vasitəsilə etdiyi müraciətində qeyd edib.

Saakaşvilinin sözlərinə görə, "Vivamed" klinikası onun əsas xəstəliyi olan ağır metallarla zəhərlənmə və iştahsızlıqla bağlı xəstəliyini müalicə etməkdən imtina ediblər:

“Vivamed klinikasının həkimlərinin mətbuat konfransında yeganə həqiqət o oldu ki, vəziyyətim ağırdır və sürətlə pisləşir. Klinika praktiki olaraq heç nə edə bilmir. Dedikləri qalan hər şey yalan idi.

Bu klinikda mənim əsas xəstəliklərimi müalicə etməkdən imtina etdilər. Xüsusilə, ağır metal zəhərlənməsi, iştahsızlıq və kaxeksiyanın müalicəsini nəzərdə tuturam.

Heç kim həyatı və yaşamağı mənim qədər istəməz!

Mən Ukraynanın qələbəsinin və bütün Putinistlərin sonunun şahidi olmaq istəyirəm.

Mən oliqarxın balaca itlərinə müraciət etmək istəyirəm, Gürcüstandan nəinki 1 milyon, heç 1 tetri belə almamışam. Mənim hardasa o qədər pulum olsaydı, vəkillərin xərclərini ödəmək üçün son torpaq sahəsini satmazdım.

Həqiqət budur ki, bütün bunlar Mariya Zaxarovanın bəyanatının kontekstinə uyğundur.

Mən Gürcüstanı və dünyanı bu cinayətkar korporasiya qrupunun öz pis əməllərini həyata keçirməyə imkan verməməyə çağırıram", - deyə M. Saakaşvili qeyd edib.