Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi
Rusiyanın itkiləri 146 mini keçib
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.
Ötən il başlayan müharibə 2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır.
Bildirək ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.
Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu "xüsusi hərbi əməliyyat" adı altında rəsmiləşdirib.
Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başlayıb, lakin bir müddətdən sonra hərbi uğursuzluqlara düçar olub.
Rusiya Kiyev, Sum, Çerniqovu zəbt etsə də, orada möhkəmlənə bilməyib və qoşunlarını bu regionlardan geri çəkib.
Rusiyanın bu taktiki məğlubiyyətləri sonrakı etaplarda da davam edib. Lakin Rusiya Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporejye vilayətlərini özünə birləşdirdiyini elan edib.
Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin ərazilərdə müharibə davam etməkdədir.
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Döyüşlər nəticəsində Rusiyanın 146 820 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 363 tank, 6 600 zirehli maşın, 2 363 artilleriya sistemi, 474 reaktiv yaylım atəşi sistemi, 247 hava hücumundan müdafiə sistemi, 299 təyyarə, 287 helikopter, 2 033 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 224 avtomobil texnikası və avtosistern, 229 xüsusi texnikadan ibarətdir.