Slovakiya hökuməti 13 MiQ-29 qırıcısının Ukraynaya təhvil verilməsini təsdiqləyib

Slovakiyanın baş naziri Eduard Heqer bildirib ki, Slovakiya hökuməti Ukrayna Silahlı Qüvvələrinə 13 MiQ-29 qırıcısının göndərilməsini təsdiqləyib.

“Vladimir Zelenski daha çox silah, o cümlədən qırıcı təyyarələr istədi, dedim ki, əlimizdən gələni edəcəyik. Sevinirəm ki, başqaları da eyni şeyi edir. Hərbi yardım Ukraynanın özünü və bütün Avropanı Rusiyadan qoruya bilməsinin açarıdır”, - deyə Slovakiya hökumətinin başçısı Twitter-də bildirib.

Slovakiyanın “Novi Ças” nəşrinin qeyd etdiyi kimi, hökumət MiQ-29-dan əlavə "Kub" hava hücumundan müdafiə sistemlərini də Ukraynaya təmənnasız ötürmək qərarına gəlib.

Slovakiyanın müdafiə naziri Yaroslav Nagy daha əvvəl bildirmişdi ki, qırıcıların təhvil verilməsindən sonra ölkə ABŞ-dan müasir hərbi texnikanın da daxil olduğu 900 milyon dollar təzminat alacaq.

Slovakiya Ukraynaya qırıcı təyyarələri verən ikinci ölkə oldu.

Martın 16-sı ərəfəsində Polşa prezidenti Anjey Duda bəyan edib ki, Polşa yaxın günlərdə Ukraynaya dörd MiQ-29-u ötürmək niyyətindədir. Ukrayna hərbçiləri SSRİ-də hazırlanmış MiQ-29 və digər təyyarələrlə tanışdır, ona görə də onlar bu cür avadanlıqları idarə etməyi öyrənməli olmayacaqlar.

Kremldə Slovakiya və Polşanın qərarını şərh edərkən bildiriblər ki, qırıcı təyyarələrin tədarükü “xüsusi hərbi əməliyyatın nəticəsinə təsir edə bilməz, lakin Ukraynanın özü və Ukrayna xalqı üçün əlavə bəlalar gətirə bilər”. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bütün bu texnikanın məhv ediləcəyini vəd edib. Onun fikrincə, Polşa və Slovakiya "beləliklə, köhnə lazımsız avadanlıqların utilizasiyası ilə məşğul olurlar".

Mənbə: Eduard Heger