Sirli "Kabus təkəri"nin tərsinə fırlanması alimləri çaş-baş qoydu

Colan yüksəkliklərində yerləşən və "Kabus təkəri" kimi tanınan nəhəng daş bloklardan ibarət sirli tikilinin tərsinə fırlanması alimləri çaş-baş qoyub.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "Remote Sensing" jurnalında məqalə dərc olunub.

Bildirilir ki, Rucm əl-Hiri kimi də tanınan bu abidə uzun müddətdir alimlərin diqqətini cəlb edir. E.ə. 4500-cü ilə aid olan bu qədim tikili əvvəllər astronomik obyektlərlə güman edilən əlaqəsinə görə rəsədxana hesab edilirdi. Lakin Təl-Əviv Universiteti və Negevdəki Ben-Qurion Universitetinin alimlərinin apardığı yeni tədqiqat bu nəzəriyyəni şübhə altına alır.

Tədqiqatçılar müasir geofiziki və geomaqnit analiz metodlarından, həmçinin peyk şəkillərindən istifadə edərək öyrəniblər ki, minilliklər ərzində "Kabus təkəri" regiondakı tektonik fəaliyyət nəticəsində əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Analiz göstərib ki, struktur saat əqrəbinin əks istiqamətində dönüb və ilkin vəziyyətindən onlarla metr sürüşüb.

Bundan əlavə, alimlər müəyyən ediblər ki, "Kabus təkəri" əsrlər boyu dəfələrlə yenidən qurulub və modifikasiya edilib. Mərkəzi kurqan və konsentrik dairələrdən əlavə, divarlar və kurqanlar kimi əlavə elementlər aşkar edilib ki, bu da tikilinin istifadəsinin mürəkkəb tarixindən xəbər verir.

Alimlər güman edirlər ki, "Kabus təkəri" qala, toplanış yeri kimi xidmət edə və ya zamanla dəyişən digər funksiyaları yerinə yetirə bilərdi.

Tədqiqatçılar qeyd edirlər ki, geofiziki analiz və peyk şəkillərinin məlumatlarından istifadə təkcə bu cür abidələrin öyrənilməsində deyil, həm də dünyanın digər bölgələrində gizli strukturların axtarışı üçün süni intellekt alqoritmlərinin işlənib hazırlanmasında kömək edə bilər.