“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA”

Səxavət Əlisoy 

22-Cİ HİSSƏ

BÖYÜK ZƏFƏR
30 il torpaqlar işğalda qaldı. Və bu 30 ildə Azərbaycan kişisinin qüruru tapdalandı. O illərin şahidləri təsdiq edər, xalqımızın min məşəqqət yaşadığını. Doğma yurd-yuvasından zorla qaçqın düşmüş 1 milyona yaxın soydaşımızın 30 il ərzində yaşadıqlarını, çəkdiyi müsibətləri göz önünə gətirəndə adam dəhşətə gəlir. İnsanlar çadırlarda, vaqonlarda, məktəblərdə, xəstəxanalarda, yataqxanalarda yaşamağa məhkum oldu. Və bu məhkumluq nə az, nə çox-30 il çəkdi.
Biz Rusiya, yaxud Fransa qarşısında məğlub durumda olsaydıq, qürurumuz bir o qədər zədələnməzdi. “Böyük və güclü dövlətə qarşı nə edə bilərdik” deyib az da olsa, təskinlik tapardıq. Ancaq 3 milyonluq erməninin qarşısında aciz durumda qalmaq, vətən torpaqlarının erməni dığalarının tapdağındakı iniltisini duymaq ölümə bərabər idi.
Kremldəki erməni mafiyasının, Qərbdəki erməni lobbisinin, “Daşnaksütün” partiyasının və Yerevandakı millətçi ermənilərin başlatdığı “Azərbaycan dövlətini məhv etmə” planına rəğmən 30 il Vətən torpaqlarının həsrətini çəkdi bu xalq. Elə buradaca, bəzi gerçəkləri etiraf etmək gərəkdir. Ki, torpaqlarımızın 30 il işğalda qalmasında özümüzün də ciddi səhvlərimiz oldu. Kimsə birbaşa dövlətə və vətənə xəyanət edərək torpaqları ermənilərə vermədi. Lakin Kremlə nökərçilik edən rəhbərlərin və DTK-ya (KQB) agentlik edən səlahiyyət sahiblərinin dolayısı yolla gördükləri işlər düşmənin məqsədinə çatmasına yardım etdi. Xalq olaraq mübtəla olduğumuz “vəzifə-kreslo hərisliyi” Azərbaycan dövlətinə və dövlətçiliyinə olduqca ağır zərbələr vurdu. Bu barədə çox yazılıb. Ancaq gələcək nəsillərə “o zatların fəaliyyəti” tam aydın olsun deyə təkrar-təkrar yazmaqda fayda var. Bir nüansı unutmaq olmaz, nə qədər ki, Kreml var və nə qədər ki, Qərbin erməni lobbisi fəaliyyətdədir, Azərbaycanın başının üstündən təhlükə əskik olmayacaq. Düşmənin xalqımıza yaşatdıqlarından ibrət dərsi götürməmiz lazımdır. 30 il ərzində vətən həsrətindən bağrı çatlamış minlərlə soydaşımızın ruhu şad olsun deyə nəyin bahasına olursa-olsun vətən torpağını qorumalıyıq.
30 il antiinsani şərtlər altında yaşamağa məhkum edilmiş 1 milyona yaxın vətəndaşımız vətən torpağının dəyərini digərlərindən yaxşı bilir. Çadırda, yataqxanada dünyaya gələn qız uşağını elə o çadırdan və yataqxanadan gəlin köçürən soydaşlarımızdan xəbər almaq lazımdır vətən torpağının qiymətini. Hər bir Azərbaycan vətəndaşı onlardan öyrənməlidir, Vətənin və Dövlətin nə demək olduğunu.
30 il imperialist Qərb dövlətləri Azərbaycan insanına humanitar yardım adı ilə makaron, çay, qənd, odeyal... verməklə ələbaxan bir toplum formalaşdırmaq istədi. 30 il Azərbaycan kişisi vətəndən kənarda erməni ilə qarşı-qarşıya gələndə başını aşağı dikdi. 30 il MƏNimizi itirərək yaşadıq. 30 il aşağılandıq. 30 il Azərbaycan kişisi ürəyində ağaladı.
30 il Qərbdən ədalət və obyektivlik umduq. Kimsə imdadımıza çatmadı. 30 il işğaldakı vətən torpaqlarının qovuşmaq üçün ürəyimizi yedik. 30 il torpaqlarının beşdə birini itirmiş bir xalqın haqlı olduğuna dünyanı inandırmaq mümkün olmadı. Belə bir durumda tək bir yolumuz qalırdı. Ya, xalq olaraq ayağa qalxıb torpaqlarımızı düşməndən geri almalıydıq, ya da, şərəfsizliyimizi, qorxaqlılığımızı və qürursuzluğumuzu etiraf etməliydik.
Prezident İlham Əliyevin xalqına və dövlətinə ən böyük xidməti o oldu ki, Azərbaycan vətəndaşlarının şərəfsiz və qürursuz yaşamına son qoydu.
27 Sentyabr 2020-ci ildə Azərbaycan xalqın vətən, dövlət, qürur və şərəf uğrunda mücadiləyə qalxdı. Öndə Azərbaycan ordusu və onun da arxasında Azərbaycan xalqı Vətən müharibəsinə başladı. Bu müharibə 44 gün davam etdi. 44 gün ərzində Azərbaycanda yeddidən yetmişyeddiyə-hər kəs televiza qarşısında oturub ordumuzun Zəfərə gedən addımları barədə prezident İlham Əliyevdən məlumat gözlədi. Və nəhayət, 2020-ci ilin noyabr ayının onunda Böyük Zəfərə qovuşdu Azərbaycan. O 44 gün fikrimcə, yaşından, cinsindən, təhsilindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının bioqrafiyasına ən unudulmaz gün kimi yazıldı. Zəfər Azərbaycan kişisinin MƏNini özünə qaytardı. Son 30 ildə ilk dəfə rastlaşırdıq, hər yerdə adamların üzü gülürdü, qadın-kişi, yaşlı-cavan sevincdən ağlayırdı. Müzəffər ordumuz 44 gün ərzində tarix yazdı. Elə bir tarix ki, dünya durduqca, Azərbaycan var olduqca, yəni, əbədiyyən gələcək nəsillər tərəfindən qürurla xatırlanacaq.
İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Təhlükəsiszlik Şurasının 1994-cü ildə qəbul etdiyi 4 qətnaməni reallaşdırdı.
O, müharibənin Zəfərlə başa çatması üçün gərəkən nə varsa onu etməyə müvəffəq oldu. Onun müharibədən öncə “yazdığı ssenari” Zəfər üçün münbit şərait yaratd. Ssenaridə zaman dəqiqlikə müəyyən edilmiş, güc nisbəti ölçülüb-biçilmişdi. Orduya olan tam güvən və xalqın dəstəyi prioritet olduğu üçün Azərbaycan İkinci Qarabağ savaşını Zəfərlə başa çatdırmağa müvəffəq oldu.
duran müzəffər Silahlı Qüvvələrimiz və onun arxasında dayananZəfərin memarı İlham Əliyev, Azərbaycanı Zəfərə qovuş XALQ idi. Təkrar xatırlatmağa dəyər, 2020-ci ilin sentyabr ayının 20-də səhər saat 6:00 radələrində Ermənistan Silahlı Qüvvələri və Qondarma Dağlıq Qarabağ respublikasının ordusu tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif güclü artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutuldu. Nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu. Mülki obyektlərin infrastrukturlarına ciddi ziyan dəydi. Azərbaycan Silahlı Qüvvələri düşmənə adekvat cavab vermək üçün hərəkətə keçdi. Və beləliklə, Vətən müharibəsi başladı. Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan olundu. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi ilə müşayitə olunurdu. Bir sıra dövlətlər və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi müharibəni dayandırmağa və sülh danışıqlarını davam etdirməyə çağırdı. Lakin artıq gec idi. Dayanmaq Azərbaycan torpaqlarının bir 30 il də işğalda qalacağına gətirib çıxaracaqdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi. Azərbaycan üçün bu dövlətlərin və beynəlxalq təşkilatların “sülh çağırışları” heç bir əhəmiyyət kəsb etmirdi. “Sülh danışıqları” erası Azərbaycan üçün artıq bitmişdi. Dövləti xilas etmək zamanıydı. Azərbaycan bu fürsəti əsla əldən buraxmazdı. Odur ki, müzəffər ordumuz cəbhəboyu inamla hücumlatrını davam etdirdi. Vətən savaşından öncə İ. Əliyevin Türkiyə və İsraillə qurduğu əlaqələr öz bəhrəsini verdi. Ordumuzdan hər gün yeni bir zəfər xəbəri gəlirdi. Yekə-yekə dünyanın ən güclü ordusuna sahib olduqlarını iddia edən ermənilər 44 gün ərzində diz çökdü.
Hərbi analitiklər İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun məhv etdiyi və qənimət kimi götürdüyü hərbi texnikanın dəyərinin minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərində olduğunu qeyd edir.
Bu müharibə nəticəsində düşmənin 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksi məhv edildi. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də darmadağın edildi.
Bir fakta diqqət yetirmək maraqlı olar. 2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları idi. Ancaq, Ermənistan 44 gündə bir il ərzində nəzərdə tutlmuş hərbi xərclərdən 5 dəfədən çox hərbi ziyana məruz qaldı. Bu hesabla, Ermənistana hərbi infrastrukturunu bərpa etmək üçün ən azı 20-30 il lazım gələcək. Ən ilginci döyüş bölgəsində düşmən qaçarkən ələ keçirilən qənimətlər idi. Müzəffər ordumuz tərəfindən ələ keçirilmiş hərbi qənimətlərin bir qisminə nəzər yetirəndə gerçəkdən də ermənilərin nə qədər qorxaq olduğu açıqca görünür. Qənimətlərin siyahısına baxın:
– 5 ədəd özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika”;
- 37 ədəd müxtəlif çaplı top
- 62 ədəd minaatan
- 93 hərbi avtomobil
- 178 qumbaraatan
- 10 ədəd traktor
- 5 ədəd “Şilka” zenit qurğusu
- 1380 ədəd atıcı silah
- 79 tank
- 47 ədəd Piyadaların Döyüş Maşını
- 270 yük avtomobili…
Ələ keçirilən hərbi qənimət o qədər çox idi ki, dövlət başçısı Bakıda “Hərbi Qənimətlər Parkı” yaradılmasına sərəncam verdi. Məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunması idi. İllər öncə qələmə aldığım bir publisistik yazıda nə vaxtsa Bakıda böyük bir “ZƏFƏR” abidəsinin qoyulacağından söhbət edirdim. “Hərbi Qənimətlər Parkı” Zəfəri təcəssüm etdirən, onun mahiyyətini anladan daha böyük bir abidə sayıla bilər.
Bu parka gələn hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Və bu qürur vətən üçün canından keçmiş şəhidlərimizin ruhunu şad edir. 30 ilin ağrısını-acısını unutmaq olmaz. Ağrılar-acılar çıkilib gedir, ancaq 30 il yaşadığımız qürursuzluğu əsla unutmaq olmaq. Unutqanlıq yeni bəlaların başımıza açılması ilə sonuclana bilər. Faciələrimizdən mütləq və mütləq gələcək nəsillərin xəbərdar olması lazımdır. Ki, Vətənin və Dövlətin dəyərini bilsinlər.
HAŞİYƏ- Tarixdən iki nümunə göstərmək faydalı olar. 1.1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan "Enola Gay" amerikan B-29 bombardman təyyarəsi "Balaca oğlan (bomba)" adlı atom bombasını Yaponiyanın Xirosima şəhərinə atdı. "Balaca oğlan" bombası 13–18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan "Gonbul (bomba) adlanan atom bombası "Bockscar" amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atıldı. Təyyarənin komandiri pilot Çarlz Suini idi. Nəticədə Xirosimada 90–166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər insan həlak oldu...
Yaponiya hökumətinin bir qərarı var, orta məktəb şagirdlərini ABŞ tərəfindən atom bombası atılmış Xirosima və Naqasaki şəhərlərinə ekskursiyaya aparırlar. Atom bombalarının düşdüyü məkanları bərpa etmədən muzey kimi saxlayan Yaponiya uşaqlara o xarabalıqları göstərərkən bunları da anladır: Hər biriniz oxumalısınız, yüksək təhsiliniz olmalıdır. Əks-təqdirdə başımıza bombalar atılacaq və Yaponiyada belə xarabalıqların sayı-hesabı olmayacaq…
2. Birinci dünya müharibəsindən sonar İngiltərə, Fransa və Anzaklar ( Avstraliya və Yeni Zellandiya ordusunu Türklər belə adlandırır) İstanbulu ələ keçirmək üçün Türkiyəyə ilə müharibəyə başladı. Onlar Çanaqqalada Türkiyə ordusu tərəfindən məğlub edildi. Qəhrəman türk ordusu özündən qat-qat güclü olan düşmən ordularını geri çəkilməyə vadar etdi. Çanaqqala savaşında 57 min türk əsgəri şəhid oldu, 10 min əsgər itkin düşdü, 100 min əsgər yaralandı. Dünya hərb tarixində xüsusi yeri olan bu savaşda türklərin cəsarətindən heyrətə gəldi. O vaxt Böyük sərkərdə Mustafa Kemal Atatürkün “Mən sizə ölməyi əmr edirəm” müraciəti ordunun ruhunu yüksəltdi, müqavimətini birə beş artırtdı və ən önəmlisi türk əsgərinin VƏTƏN sevgisini göylərə qaldırdı. Türklərin dünyada analoqu olmayan Vətən, Dövlət, Millət və Bayraq sevgisinin əsas mənbələrindən biri də məhz Çanaqqala oldu. 100 ildən çoxdur ki, Türkiyənin bütün rayonlarından orta məktəb şagirdləri Təhsil nazirliyinin xətti ilə Çanaqqalaya gətirilir. Onlara məğrur türk əsgərinin qanı bahasına Vətəni işğaldan xilas etməsinin tarixi anladılır. Türkiyədə insanların vətənpərvər, dövlətsevər və bayraq aşiqi kimi formalaşmasında Çanaqqala ziyarətinin əhəmiyyəti çox böyükdür...
Təhsil nazirliyi “Hərbi Qənimətlər Parkı”nı eynən Naqasakidə, Xirosimada və Çanaqqalada olduğu kimi orta məktəb şagirdlərinin ziyarət yerinə çevirməlidir. Gələcək nəsillər üçün bunun çox böyük önəmi var. Nədən ki, uşaqlarımızın bu gün vətənpərvirlik ruhunda böyüməsinə Azərbaycanın böyük ehtiyacı var…
Bir ilginc nəsnəni də yazmaqda qərarlıyam. 44 günlük müharibədə Qəhrəman ordumuz cəbhədə düşmənlə savaşarkən, imperialist Qərbin nəzarətində və erməni lobbisinin təsiri altında olan bəzi media qurumları da prezident İlham Əliyevlə “müharibə” aparırdı. Dünayanın gözü qarşısında Azərbaycan torpaqları 30 il Ermənistanın işğalında qaldı. Demokratiyadan və insan haqlarından ağızdolusu danışan Qərb dövlətlərinin yadına bir milyona yaxın Azərbaycan vətəndaşının insan haqqı düşmədi. “Canı boğazına yığılmış” Azərbaycan xalqı BMT-nin məlum Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmək üçün ayağa qalxanda Qərb “ermənilərin insan haqları pozuldu” deyə haray-həşir salmağa başladı. İmperialist dövlətlərin hərəkətlərində xristian təəssübkeşliyi açıqca biruzə verdi. Bakıya ezam olunmuş böyük media şirkətlərinin nümayəndələri prezident İlham Əliyevi prokuror kimi sorğu-suala tuturdu. Onların prezidentə ünvanladığı suallardan Ermənistanın tətəfində dayandıqları və Azərbaycanı ittiham cəhdləri o müsahibəni televiziyadan izləyənlərin hər birində təəccüb doğurutrdu. ABŞ, Fransa, Böyük Britaniya və Almaniya mediasının başlatdığı “müharibə” bir sıra siyasətşünasların vurğuladığı kimi müsəlman düşmənçiliyindən irəli gəlmirdi. İmperialist güclər üçün müsəlman dünyası heçbir problem törətmirdi. Nədən ki, müsəlman dövlətlərin başda Ərəb ölkələri olmaqla əksəriyyəti Qərbin kuklası halındadır. Qərbin yürütdüyü siyasət tərtəmiz TÜRK DÜŞMƏNÇİLİYİdir. Onlar oyanmaqda olan türk özünüdərkini həzm etmək durumunda olmadıqlarını gizlədə bilmir. Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətləri, “bir millət iki dövlət” olaraq onların eyni platformada dayanması, üstəgəl həm, Bakının və həm də, Ankaranın Türk Dövlətlər Birliyi yaradılması üçün lokomativ rolunda olmasını Qərb heç cürə qəbul edə bilməz. İlham Əliyevin Almaniyanın ARD, İngiltərənin BBC televiziyalarına və digər qərəzli Qərb mediasına verdiyi müsahibələri təkrar izləyin və imperialist güclərin Azərbaycana qarşı “obyektiv” münasibətini görün. Onlara suveren Azərbaycan yox, vassal Azərbaycan sərf edirdi. Daha doğrusu Qərb Azərbaycanı Ərəb ölkələrinin durumunda görmək istəyirdi.
İkinci Qarabağ savaşında Türkiyənin Azərbaycanı yalnız buraxmaması Qərbin ürəyincə deyildi. “Dünay beşdən böyükdür” aforizminin müəllifi olan president Receb Tayyib Erdoğanın ən mötəbər tribunalardan Azərbaycanın yanında olacağını bəyan etməsi Qərbin “yuxusuna haram qatırdı”. NATO üzvü olan və o təşkilatda ikinci böyük əsgəri gücə sahib olan Türkiyənin ərazi bütövlüyünü təmin etmək üçün etdiyi mücadilədə lazım gəldiyi halda bütün hərbi arsenalını Azərbaycanın ixtiyarına verəcəyini anlayan Qərb prezident İlham Əliyevlə “müsahibə müharibələrində” paralel olaraq Türkiyəyə qarşı atəş açırdı. 44 gün ərzindəki “media müharibələrindən” İlham Əliyev qalib çıxdı. Bu təbii idi. Nədən ki, Azərbaycan təcavüzkar olaraq başqa bir dövlətin ərazisində müharibə etmirdi. Azərbaycan dünyanın qəbul etdiyi sərhədlər çərçivəsində öz hakimiyyətini bərpa edirdi.
Zəfərlə sonuclanan 44 günlük Böyük Vətən Müharibəsi müstəqil Azərbaycanın tarixinin ən qürurverici səhifələridir. Məhz bu ZƏFƏR sayəsində başımızı dik tuta bildik, zədələnmiş qürurumuzu bərpa etdik. “Başın dik tutulmasının və zədələnmiş qürurun bərpa olunmasının” nə demək olduğundan xəbərsiz “sapı özümüzdən olan baltalarımız” böyük Zəfərə kölgə salmaq üçün ən çirkin metodlara əl atdı. Bir vaxtlar prezident İlham Əliyevi bir qarış torpağı belə işğaldan azad edə bilməməsində ittiham edənlər, Ermənistanın qeyd-şərtsiz təslimçilik aktına imza atdıqdan sonar Xankəndinə Rusiyanın sülhməramlı qüvvələr yerləşdirməsinə Azərbaycanın yenidən Kreml tərəfindən işğalı kimi dəyərləndirdi. Ən dəhşətlisi o idi ki, o qüvvələr Xankəndi azad edildikdən və Rusiyanın sülhməramlı qüvvələri oradan çəkildikdən sonar belə Azərbaycanın zəfərinə kölgə salmaq üçün fəaliyyətlərini dayandırmadı. Bunun adı nədir? Nə istəyir bu qüvvələr? Bu barədə danışacağıq, indilik sadəcə, onu xatırlatmaq fikrindəyəm ki, Dövləti və Dövlətçiliyi “qırmızı xətt” hesab etməyənin Azərbaycanı idarə etmək iddiasına düşməsi absurd bir şeydir.
Öncə Dövləti olan və olmayan xalqları göz önünə gətirin. Sonra 33 il bundan əvvəlki Azərbaycan dövlətinin hansı durumda olduğunu xatırlayın. Qaçqın düşərgələrini, yataqxanaları, o məkanlarda “humanitar yardım” paylanarkən təzahür olunan qürursuzluq mənzərlərini xatırlayın. Döyüşdəki yaralıları daşımaq üçün bir helikopterə möhtac olduğumuzu xatırlayın, çörək növbələrini xatırlayın, ərzaq almaq üçün verilən talonları xatırlayın, saatlarla avtobus dayanacaqlarında, çörək növbələrində dayanmağı xatırlayın. Onları xatırladıqca Dövlətin necə təşəkkül tapmasına, necə ayaqda dayanmasına, necə böyüməsinə, necə güclü olmasına qiymət vermək mümkündür. Bu Dövlət bir günün içində, kiminsə “qoltuğunun altında” bu yaşa çatmadı, bu duruma gəlmədi.
Rayonlarımızın ardarda işğalını və evlərindən didərgin düşmüş soydaşlarımızı xatırlayın. Xocalı faciəsini xatırlayın. Azərbaycandakı qiyamları xatırlayın. Azərbaycanın parçalanma-federallaşma təhlükəsi ilə üz-üzə qaldığını xatırlayın. Üz-üzə qaldığımız vətəndaş qarşıdurmalarını xatırlayın. Bunları xatırlamadan Dövlətin necə böyüdüyünə obyektiv qiymət vermək olmaz.
“Zəfər” sözü az sayda xalqların leksikonunda mövcuddur. Bizdən sayca 5 dəfə, 10 dəfə çox olan xalqlar var ki, Dövlət qura bilmir. Dövlətin önəmini dərk etməyənlər, onun mahiyyətini, fəlsəfəsini anlamayanlar üçün Zəfər elə bir əhəmiyyət kəsb etmir. Zəfər Azərbaycan hava və su kimi lazım idi. Bu xalq Zəfəri yaşamağa haqq edirdi. Yaşadı da.
HAŞİYƏ- Zəfərlə bağlı çox qələm sahibi düşündüklərini yazdı. Onun gəlişindən sonra bir məqalədə bunları yazdmışdım:
Nəhayət ki, bu xalq ZƏFƏR daddı.
Azərbaycan DÖVLƏT olaraq, tarixində ilk dəfə 2020-ci ilin Noyabr ayının 10-da Böyük ZƏFƏRə imza atdı. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının böyük qələbəsi ilə bitdi.Bu ZƏFƏR haqqında çox yazılacaq.
Qalib, Qəhrəman ordumuz barədə dastanlar yazılacaq. Ki, onlar bunu haqq edir.Bu ZƏFƏRİN dövlətimiz üçün siyasi, iqtisadi, mənəvi aspektdən yararı haqqında yazılacaq.
Bu, həm indiki, həm də gələcək nəsillər üçün çox-çox gərəklidir. Bir vətəndaş olaraq, Böyük Qələbəmizin mənəvi, siyasi-iqtisadi önəmi barədə fikirlərimi bölüşməyi özümə borc bildim.
1.Zəfərin mənəvi önəmi.

ZƏFƏR:

a.Azərbaycan xalqının yaralanmış qüruruna məlhəm oldu;
b.Azərbaycan KİŞİsinin gözükölgəli yaşamına son qoydu;
c.Xalqı torpağı, vətəni və dövləti üçün canından keçən millətlərin sırasına yazdı;
d.Yeddidən yetmişyeddiyə hər kəsdə bayrağa, torpağa və dövlətə olan sevgini zirvəyə çıxardı;
e.Torpağı vətən etdi;
f.Azərbaycana dostunun və düşməninin kim olduğunu göstərdi;
g.“Qorxaq” obrazını “qəhrəman” obrazı ilə əvəzlədi;
Qələbə üçün vətəndaş həmrəyliyinin əlahiddə önəm daşıdığını isbatladı


2.Zəfərin siyasi-iqtisadi önəmi

Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Rusiyanı bu müharibədə neytral saxlamaq ən böyük siyasi uğur sayılmalıdır.
Moldovada Dnestryanı bölgəni, Gürcüstanın iki muxtar vilayətini, Ukraynada Krımı işğal edən Rusiyanın Dağlıq Qarabağı nədən işğala məruz qoymaması çox ciddi müəmma kimi tarixə keçdi. Eyni zamanda Dağlıq Qarabağın statusunun bəyanatda yer almaması da əlahiddə uğur sayılmalıdır. Bu gün Rusiya sülhməramlı qüvvələrinin Xankəndində olması, Laçın dəhlizinə nəzarət etməsi, heç də Kremlin bu ərazini işğal etməsi demək deyil.
Əminəm ki, bu hərbi-diplomatik uğurun memarı olan Prezident İlham Əliyev və xalqın birliyi 5 il sonra, bəlkə də daha tez Rusiya sülhməramlı hərbçilərinin geri dönüşü ilə sonuclanacaq.

Zəfər:

1.Azərbaycanın bir dövlət olaraq nüfuzunu yüksəltdi
2.İşğala məruz qalmış dövlətlərə ərazi bütövlüyü uğrunda mücadilə üçün böyük stimul verdi
3.Azərbaycanıngələcək siyasi proseslərdə ciddi bir dövlət olaraq, iştirakı üçün zəmin yaratdı
4.Daxildə Prezident kürsüsünü ələ keçirmək xülyasında olanların arzusunu ürəyində qoydu
5.Prezident İlham Əliyevi öz kadrı ilə əvəzləmək istəyən xarici qüvvələrin də arzularını puç etdi
6.BMT-ni belə müxtəlif ölkələrdə münaqişə zəminində qəbul etdiyi qərarlarınicra durumunu saf-çürük etməyə vadar etdi
7.İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı və sənayenin inkişafı Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə gətirib çıxaracaq
8.Zəfər təkcə Azərbaycanın deyil, bölgənin iqtisadi xəritəsini büsbütün dəyişəcək
9. Dövlət büdcəsidə qeyri-neft sektorundan daxil olan gəlirlər hesabına ciddi artım baş verəcək
10. İşsizlik kəskin şəkildə azalacaq
11. Kənd təsərrüfatı məhsulları daxili bazarda hissediləcək səviyyədə ucuzlaşacaq
12. Turizm sənayesi inkişaf edəcək və qısa zaman kəsimində bu sektorda Azərbaycanın bölgədə lider olacağı şəksizdir
13. Transmilli şirkətlərin Azərbaycana marağı artacaq

Və XİLASKAR barədə

Şübhəsiz ki, Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.
Bu ZƏFƏRin baş qəhrəmanı odur.

Xüsusi olaraq, qeyd etmək lazımdır ki, son 100 ildə Azərbaycana rəhbərlik edənlərdən fərqli olaraq,
İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan torpaqları işğala məruz qalmayıb.
Üstəgəl, əvvəllər işğal edilmiş torpaqları məhz İlham Əliyev geri qaytarmağa nail oldu.
O, artıq Azərbaycan dövlətinin XİLASKARı kimi tarixə keçdi.
Obyektivlik naminə yazıram ki, XİLASKAR adını qazanmağa mərhum Əbülfəz Elçibəy çox yaxın idi. 1993-cü ildə daxili və xarici düşmənlər buna imkan vermədi.
Savaş Xankəndinə 11 km qalmış dayandırıldı. Ə.Elçibəy o zaman daxili düşmənləri neytrallaşdıra bilmədi.
Prezident İlham Əliyev isə, həm daxildəki düşmənləri oyundankənar vəziyyətdə saxladı, həm də məharətli siyasi gedişlərlə bu savaşın zəfərlə bitməsinə mane olacaq böyük siyasi gücləri susdura bildi.
Vətən Müharibəsində Azərbaycan xalqı İlham Əliyevi daha dərindən tanıdı, onun Ali Baş Komandanlığını, diplomatik gedişlərini, nüfuzlu beynəlxalq media qarşısında duruşunu alqışladı.
Və Xalq bu savaşda İlham Əliyevə tam dəstək verdi.
Prezident İlham Əliyev bu gün siyasi karyerasında ən yüksək reytinqə malikdir. Prezident bir vətəndaş olaraq, özü də dediyi kimi xoşbəxtdir.

Nədən ki, məhz onun Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan ordusu torpaqları işğaldan xilas etdi.
Zəfərin qürurunu yaşayan bir vətəndaş olaraq, sonda bəzi təkliflərimi yazmaq istərdim.
1.Böyük qələbənin sevincini Azərbaycan vətəndaşlarına yaşadan İlham Əliyevin fikrimcə artıq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsinin elə bir önəmi qalmır.
İlham Əliyev artıq Qalib Azərbaycan Partiyasının sədridir ki,bu qurumun üzvləri də zəfərin qürurunu yaşamaqda olan cümlə Azərbaycan vətəndaşlarıdır
2.İlham Əliyev Azərbaycan dövlətçiliyini içəridən dağıdan, dövlət üçün düşmən qədər təhlükəli olan korrupsiyalaşmış, rüşvətlə səltənət qurmuş mənfur məmur ordusunu da diz çökdürdüyü təqdirdə Azərbaycan daha qüdrətli, daha güclü olar
3. Güclü dövlətin güclü konstruktiv müxalifəti də olmalıdır. Başlanmış siyasi islahatların uğurla davam etdirilməsi, Azərbaycanın pozitiv siyasi imicinin güclənməsi üçün tam obyektiv və şəffaf bir parlament seçkisinin keçirilməsi zəruridir...