Vəkillərlə aqrar sektorun əməkdaşlığı başladı - kimə nə fayda?
Akif Nəsirli: “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur”
Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Məlumata görə, nazir Məcnun Məmmədov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb. Görüşdə aqrar sahədə ixtisaslaşmış hüquqşünasların formalaşması və digər məsələlər müzakirə olunub.
Qeyd edilən sənəddə kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, kənd təsərrüfatı münasibətlərinin subyektləri, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, vəkillər, aqrar sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün hüquqi maarifləndirmə ilə bağlı seminar, təlim keçirilməsi əks olunub.
Maraqlıdır, Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandumunun nə kimi faydası var?
“İstənilən sahədə hüququn öyrənilməsi əhəmiyyətlidir, ancaq problem odur ki, Azərbaycanda kənd təsərrüfatı çöküş dövrünü yaşayır”
Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a şərhində bildirdi ki, istənilən sahədə hüququn öyrənilməsi əhəmiyyətlidir. Ancaq problem odur ki, Azərbaycanda kənd təsərrüfatı çöküş dövrünü yaşayır: “Ölkənin aqrar problemi yetərincədir. Hər hansı bir kənd təsərrüfatı məhsulunun istehsalında heç bir irəliləyiş olmadığı halda Kənd Təsərrüfatı Nazirliyi quruma hüquqşunasların cəlb olunmasını vacib sayır. Bununla bağlı müqavilə də bağlanıb. Hüquqi problemi olan fermer, sahibkarın maddi durumu çatmır ki, özünə vəkil tutsun, məsləhət alsın. Bu gün adıçəkilən qurumda mütəxəssis olmadığına görə aqrar sektora nə lazım olduğunu bilən yoxdur. Ona görə də bu cür gülməli qərarlar qəbul edirlər. Əksər məhsullarda idxaldan asılıyıq. Belə bir şəraitdə məlum memorondumun imzalanması düzgün deyil. Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur”.
Günel CƏLİLOVA