Vüsal Qasımlı: "Türk iqtisadi icmalı"nın dörd buraxılışının səkkiz dildə hazırlanması təmin edilib"

"2024-cü ildə innovativ layihə olan "Qiymət İzləmə Tətbiqi"nin yaradılması ilə bağlı kifayət qədər böyük işlər görülüb, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti ilə əməkdaşlıq edilib".

Lim10.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İİTKM-in tabeliyində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi "Türk Dünyasına Baxış-2040" və "TDT-nin 2022-2026-cı illər üzrə Strategiyası"nda nəzərdə tutulan hədəflərə töhfə vermək məqsədilə fəaliyyətini genişləndirib:

"Mərkəzin təqdim etdiyi "Türk dövlətlərinin interaktiv geoiqtisadi xəritəsinin" konsepsiya sənədi TDT-nin İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupunun toplantısında qəbul olunub. TDT ilə birlikdə il ərzində "Türk iqtisadi icmalı"nın dörd buraxılışının səkkiz dildə hazırlanması və kommunikasiyası təmin edilib".

Mərahim Nəsib