Təzə məkan, köhnə qiymət? - Yeni "Keşlə bazarı" əvvəlkindən nə ilə fərqlənəcək?
Yeni "Keşlə bazarı"nda yaxın günlərdə dükanların satıcılara təhvil verilməsi üçün hazırlıq işləri gedir.
Lim10.az-ın əməkdaşı yeni ünvanda - Dərnəgüldə yerləşən "Keşlə bazarı"nda olub və bazar rəhbəri ilə, həmçinin sahibkarlarla söhbət edib.
Yeni "Keşlə bazarı"nda təmir işləri davam edir. Ərazidə xeyli sayda təmir-quruculuqla məşğul olan fəhlə işləyir. Eyni zamanda, bazar rəhbəri və sahibkarlar da prosesdə iştirak edirlər.
Hazırlıq işləri barədə Lim10.az-a danışan bazar rəhbəri Nizami Əsgərov deyir ki, artıq sahibkarlar köhnə "Keşlə bazarı"ndan buraya köçmək üçün hazırlıq işlərinə başlayıblar:
"Hazırda bəzi sahibkarlar özləri də buradadırlar. Yerlərinə baxırlar. Yanvarın 25-dən sonra onlar köhnə "Keşlə bazarı"ndan buraya köçmək üçün məhsullarını yığışdıracaqlar. Bazar fevralın 1-dən fəaliyyətə başlayacaq".
N.Əsgərov bildirir ki, satıcılar üçün yeni bazarda yerlərin ayrılması məsələsi əvvəlki "Keşlə bazarı"nın rəhbərliyinə həvalə edilib.
O, həmçinin deyir ki, bura ilə köhnə bazarın sahəsi təxminən eynidir:
"Buna görə kiməsə yer çatmayacağını düşünmürəm. Bazar ərazisində parklanma üçün də yer ayrılıb. Ticarət mərkəzi 7/24 rejimində fəaliyyət göstərəcək".
Satıcılar üçün təklif olunan yerlərin icarə haqqına gəlincə, onun sözlərinə görə, bu, əvvəlki bazar rəhbərliyi tərəfindən müəyyənləşdiriləcək.
Ət satışı ilə məşğul olan Yasər Hüseynov Lim10.az-a açıqlamasında deyir ki, yeni "Keşlə bazarı"nda o da yer götürüb və bir neçə gün sonra burada işləyəcək:
"Köhnə "Keşlə bazarı"nda 22 il satışla məşğul olmuşam. Köhnə yerlə bura arasında çox fərq var. Bura standartlara uyğun qurulub və şərait çox yaxşıdır".
Yeni bazarda qiymətlərə gəlincə, satıcının sözlərinə görə, burada məhsullar alıcılar üçün daha münasib qiymətlə təklif olunacaq:
"Məhsulların baha qiymətə satılmasından söhbət gedə bilməz. Bura yeni qurulur, ümid edirik ki, hər şey əvvəlkindən daha yaxşı olacaq".
Balıq satışı ilə məşğul olan Natiq Hacıyev Lim10.az-a açıqlamasında söyləyir ki, yeni bazarda işlər dəqiqliklə həyata keçirilir:
"Başdansovdu iş görülsə, üç günə də köçmək olar, amma burada yüksək səviyyədə iş gedir".
Onun sözlərinə görə, rəhbərlik tərəfindən yeni bazarda hər kəsə yer ayrılması tapşırılıb:
"Bazarda dükan sistemində işləyənlər üçün yerlər artıq ayrılıb. Hər kəsə də yer çatacaq. Bayaq bir nəfər məndən soruşdu ki, başqa bazardan buraya gəlmək istəyir, icarəyə verilən yer varmı? Məndə olan məlumata görə, kənardan gələnlərə hələ yer ayrılması nəzərdə tutulmayıb. Əgər boş yer qalarsa, o zaman bu məsələyə baxıla bilər. Çünki bazar rəhbəri özü tapşırıq verib ki, köhnə bazarda işləyənlər yer məsələsinə görə işsiz qalmamalıdırlar".
İcarə haqqına gəlincə, satıcının fikrincə, qiymətlər əvvəlki "Keşlə bazarı"ndakı ilə eyni olacaq.
Bazarın yerləşdiyi əraziyə görə alıcı qıtlığının olması ehtimalı ilə bağlı sualımızı cavablandıran satıcı deyir ki, ərazidə üç parklanma yeri olduğu üçün belə bir halın yaşanacağını düşünmür:
"Əvvəlki bazarda alıcılarımız, adətən, parklanma yerinə görə şikayətlənir, rahat parkinq istədiklərini deyirdilər. Alıcılarımızın çoxu - 70-80 faizi şəxsi maşını ilə hərəkət edən adamlardır. Buna görə, alıcı qıtlığı yaşayacağımızı düşünmürəm".
Satıcı əlavə edir ki, onlar balığın topdansatışını həyata keçirirlər və qiymət dəyişikliyi gözlənilmir:
"Bakı şəhərində balıq məhsullarının ən ucuz qiymətə satışı "Keşlə bazarı"ndadır. Xarici ölkələrdən də balıq məhsulları bizim bazara gəlir, buradan digər yerlərə daşınaraq satışa çıxarılır. Alıcılarımız məhsulları əvvəlki yerdə aldıqları qiymətə əldə edəcəklər".
Xatırladaq ki, Bakı şəhəri Nərimanov rayonunda "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi sökülür. Bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib.
Aləmdə Nəsib