Tanınmış yazıçı-jurnalist Şərif Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir keçirilib

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Borçalı"İctimai Birliyinin sədri Dəyanət Osmanlı yubilyarın keçdiyi həyat yoluna qısaca nəzər yetirib, onun yaradıcılığının özünəməxsusluğu ilə bağlı bir sıra məqamlara toxunub.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Birliyin Şərif Kərimliyə ünvanladığı təbrik məktubunu oxuyub, yazıçıya yeni yaradıcılıq uğurları arzulayıb.

Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Knyaz Aslan yazıçının ədəbi, ictimai fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Bir-birindən maraqlı, məzmunlu çıxışlarla zəngin olan tədbirdə müasir Azərbaycan nəsrinin, eləcə də milli mətbuatının inkişafında yazıçı-jurnalist Şərif Kərimlinin məhsuldar əməyi, orijinal yazı üslubu qeyd olunub. Yazıçının yaradıcılığının məhsulu olan klassik el pəhləvanlarının həyat və fəaliyyətindən bəhs edən sənədli povest və romanların geniş oxucu marağına səbəb olması və vaxtilə bu kitabların 30-40 min tirajla yayımlanması tədbir iştirakçısı olan tanınmış yazıçılar, jurnalistlər tərəfindən xüsusi marağa və müzakirələrə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun “Pəhləvanlıq mədəniyyəti: ənənəvi zorxana oyunları, idman və güləş” kimi qədim tarixi-milli dərinliklərdən qaynaqlanan və xalqımıza məxsusluğu şübhə doğurmayan bu dəyərlərin Qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində Şərif Kərimli yaradıcılığının da müsbət rol oynadığı xüsusi vurğulanıb.

Sonda yazıçının "Pəhləvanın taleyi" adlı yeni kitabı oxuculara hədiyyə olunub