Səlahiyyəti olmayan şəxlər hərbi forma daşıya bilməyəcək

Elyar İslamoğlu

Hərbi forma ilə bağlı edilən sonuncu dəyişiklik Azərbaycanda hərbi geyimlərin istifadəsini tənzimləyən qaydaları daha da sərtləşdirib. Bundan sonra hərbi forma yalnız hərbi xidmətə çağırılan və ya hərbi xidmət edən şəxslər tərəfindən istifadə oluna bilər. Dəyişikliyə əsasən hərbi xidmətdə olmayan vətəndaşlar hərbi formadan gündəlik həyatda istifadə edə bilməzlər. Sui-istifadə halları aşkar edildikdə xüsusi geyim forması müsadirə edilməklə həmin şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Bu Fərmana əsasən hərbi geyim formasını daşıma hüququna malik olmayan şəxslərin bu formadan istifadə etməsi qadağan edilib.
Qanunvericiliyə görə hərbi forma şəxslər tərəfindən yalnız xüsusi hallar üçün istifadə oluna bilər. Bununla yanaşı, həmin şəxslər belə bir geyimdən istifadə edərkən, onun doğru şəkildə və uyğun kontekstdə olmasına diqqət yetirməlidirlər.

Qanuna edilən son dəyişiklikdən əvvəl bəzi şəxslər hərbi formadan gündəlik həyatda istifadə edirdi. Bu da bəzən həqiqi hərbi qulluqçularla mülki şəxslərin fərqləndirilməsində çətinlik yaradırdı. Həmçinin bəzi şəxslər hərbi formanı gündəlik həyatda geyinməklə hərbi xidmətin ciddiliyinə və hörmətinə də mənfi təsir edə bilirdilər.
Yeni dəyişikliyin məqsədi hərbi geyimə, eləcə də hərbiçilərə olan hörməti qorumaq, hərbi uniformanın simvolik və funksional əhəmiyyətini qorumaqdır. Eyni zamanda bu dəyişiklik hərbi geyimlərin mülki şəxslər tərəfindən yanlış istifadə olunmasının qarşısını almağa çalışır. Beləliklə hərbi forma yalnız müəyyən edilmiş məqsədlər üçün istifadə edilməli, hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirdikləri zaman və qanunla icazə verildiyi halda geyinilməlidir.