“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA”
Səxavət Əlisoy
24-CÜ HİSSƏ
DÖVLƏT 33 İL ƏVVƏL VƏ BU GÜN
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı. Nəhayət, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi.
HAŞİYƏ- Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231-i səs verdi. Yerdə qalan 129 deputat ( sayca deputatların üçdə birindən çox) ya, sessiyaya qatılmadı, ya da, səsvermə keçirilən zaman bitərəf qaldı. 129 deputatın Konstitusiya Aktının lehinə səs verməməsi ( səsvermədə iştirak etməməsi və ya bitərəf qalması) ölüm ayağında olan SSRİ-nin yenidən dirçəlməsinə inamdan doğurdu. O adamlar SSRİ-nin dağılmasına inana bilmədikləri kimi Azərbaycanın müstəqil dövlət olacağını da yaxına buraxmırdı. Səsvermədə müstəqilliyimizə bitərəf qalmış deputatlar arasında Azərbaycan Kommunist Partiyasında və ya Nazirlər Sovetində yüksək vəzifə tutanları “xəyanətkar” adlandırmaq düzgün olmazdı. Onların təfəkkürünə oturmuş kommunist ideologiyası SSRİ-nin dağılmasını ağıllarının ucuna belə gətirməyə imkan vermirdi. Bitərəflərin bir neçəsi ilə şəxsi tanışlığım olduğu üçün bu mövzuda söhbət düşəndə bəziləri vicdan əzabı çəkdiklərini dilə gətirirdi. Dövlətin taleyüklü məsələlərində “vicdan əzabı”nın deputatı mənəvi məsuliyyətdən nə qədər qoruyacağını götür-qoy etməyi cəmiyyətin öhdəsinə buraxaraq, Konstitusiya Aktı barədə fikirlərimi bölüşmək istəyirəm...
Qeyd olunan Konstitusiya Aktınin 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir". Həmin Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarət idi və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edildi.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda bu məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Azərbaycan dövlətinin öz müstəqilliyinə yenidən qovuşması son dərəcə əhəmiyyətə malik fövqəladə bir hadisə idi. Məhz bu səbəbdən bu tarixi sənədin mətnini tam olaraq diqqətinizə çatdırmağın faydalı olacağını düşünürəm. Həm də ona görə ki, Konstitusiya Aktının maddələrinə diqqət yetirdikdə Dövlətin 33 ildə keçdiyi yola qiymət vermək, onun təşəkkülü üçün dövlət rəhbərlərinin gördüyü işləri tərəziyə qoymaq mümkündür.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında
KONSTİTUSİYA AKTI
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi, yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ilhaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.
Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.
Keçmiş SSR İttifaqının tərkibinə daxil olmuş suveren dövlətlər ilə qarşılıqlı münasibətlərin ortaya çıxan bütün məsələləri müqavilələr və sazişlər əsasında nizama salınmalıdır.
Maddə 4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilməmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.
Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRİ qanunları Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini saxlayır; həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən edir.
Maddə 5. Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab verilir.
Maddə 6. SSRİ-nin dövlət borcunun yalnız o hissəsi Azərbaycan Respublikasına keçə bilər ki, respublikanın ərazisində təsərrüfat fəaliyyəti nəticəsində və Azərbaycan Respublikasının ixtiyarına keçən SSRİ əmlakı ilə əlaqədar yaranmış olsun.
Maddə 7. SSRİ-nin Azərbaycan Respublikası ərazisindəki bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. SSRİ-nin daşınar mülkiyyətinin beynəlxalq hüquqa uyğun olaraq müqavilə üzrə başqa dövlətlərə - SSRİ-nin keçmiş subyektlərinə verilə biləcək hissəsi istisna təşkil edir.
SSRİ-in Azərbaycan Respublikasının hüdudlarından kənarda olan, lakin Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycanın milli gəliri, təbii və başqa ehtiyatları hesabına yaranmış əmlakı bu əmlakın yaranmasında Azərbaycanın töhfəsinə müvafiq həcmdə, müqavilə üzrə Azərbaycan Respublikasına keçir.
II. AZƏRBAYCAN XALQI
Maddə 8. Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 9. Öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur.
Maddə 10. Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının hər hansı bir hissəsi, hər hansı bir şəxs suveren hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə referendum vasitəsilə və Azərbaycan Respublikasının parlamentinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Maddə 11. Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.
III. AZƏRBAYCAN DÖVLƏTİ
Maddə 12. Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.
Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir.
Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir.
Maddə 13. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinə əsaslanır.
Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının parlamenti tərəfindən həyata keçirilir.
Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan Azərbaycan Respublikası Prezidentinə məxsusdur.
Məhkəmə hakimiyyəti müstəqil məhkəmələr tərəfindən və ali instansiyada – hər birinin öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi tərəfindən həyata keçirilir.
Maddə 14. Azərbaycan Respublikasının ərazisi vahiddir, bölünə və özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin hər hansı bir hissəsini, hər hansı bir formada kimsəyə vermir; yalnız Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə aparıla bilər.
Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi başqa dövlətə və ya başqa dövlətin hüquqi şəxsinə satıla və verilə bilməz.
Maddə 15. Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları qüvvədədir.
Qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə, icra və məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, qanun və hüquq ilə məhdudlaşdırılır.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə qəbul edilir.
Maddə 16. hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini aşağıdakı prinsiplər əsasında qurur: dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insanın hüquqlarına və əsas azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etmək hüququ, dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək.
Maddə 17. Azərbaycan Respublikası:
1. Azərbaycan xalqının birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli kələn hüquqları və azadlıqları müəyyən edərək və bunlara hörmət göstərilməsini təmin edərək hüquq qaydası yaratmalıdır.
2. Sosial fəallığın bütün növlərinə rəvac verməli və onları əlaqələndirməli, bütün vətəndaşların mənafelərinin qanuna əsasən uzlaşmasını təmin etməli, hər bir şəxsin azad inkişafı üçün bərabər şərait yaratmalıdır.
3. Dövlət və ya ictimai mənzil fondunun evlərində abad yaşayış sahəsi almaqda və ondan daimi istifadə etməkdə, fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına kömək göstərməlidir.
4. Güzəranı daha ağır olan əhali qruplarının vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsi qayğısına qalmalı, onların insana layiq həyat səviyyəsini, binəsiblərin sosial müdafiəsini təmin etməyə çalışmalıdır.
5. Azərbaycan Respublikası vətəndaşlarının həyatına, sağlamlığına, şəxsi azadlığına və təhlükəsizliyinə edilən qəsdlərdən onların müdafiəsini təmin etməlidir.
6. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumalı, sağlam ekoloji mühitin mühafizəsinə kömək göstərməli, dövlətin əzəli və təbii özəyi olan ailəni, habelə anaları və uşaqları himayə etməlidir.
Maddə 18. Azərbaycan Respublikasında Azərbaycan Respublikasının vahid vətəndaşlığı müəyyən edilir.
Azərbaycan Respublikası öz vətəndaşlarının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyır, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının qarşısında qanunla müəyyən edilmiş vəzifələr daşıyırlar.
heç kəs vətəndaşlıqdan və ya vətəndaşlığını dəyişdirmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqi müdafiəsinə təminat verilir.
Maddə 19. Azərbaycan Respublikasının bütün vətəndaşları qanun qarşısında bərabərdirlər. Azərbaycan Respublikası insan hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir.
Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.
IV. İQTİSADİ MÜNASİBƏTLƏR
Maddə 20. Bütün təbii ehtiyatlar hər hansı şəxslərin və ya təşkilatların mülkiyyət hüquqlarına və mənafeyinə xələl gətirilmədən Azərbaycan Respublikasına məxsusdur.
Maddə 21. Hansı mənbədən gəlirsə gəlsin, Azərbaycan Respublikasının bütün mədaxili vahid ehtiyatlar əmələ gətirir və bu ehtiyatlar qanundan irəli gələn tələblərə və öhdəliklərə əməl olunmaqla, qanunun müəyyən etdiyi məqsədlər üçün və qanunun müəyyən etdiyi qaydada işlədilir.
Maddə 22. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilər.
Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir: qanun onların alınması və onlardan istifadə olunması üsullarını, onun fəaliyyət hüdudlarını müəyyən edir.
Xüsusi və kollektiv mülkiyyət məcburi şəkildə özgəninkiləşdirilə bilməz. Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərtilə Azərbayçan Respublikasının xeyrinə özgəninkiləşdirilə bilər.
Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə yol verilmir.
Maddə 23. Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyət bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır.
Maddə 24. Azərbaycan Respublikası kooperasiyaya rəvac verir və müxtəlif kooperativ təşkilatlarının və başqa birliklərin qanuna müvafiq surətdə inkişafı üçün. lazımi şərait yaradır.
Maddə 25. Azərbaycan Respublikası bütün formalarda əməyi mühafizə edir. Öz əməyinin kəmiyyət və keyfiyyətinə uyğun olaraq zəhmətkeşin azad və ləyaqətli yaşayış üçün kifayət edən haqq almaq hüququ vardır.
Qanunla müəyyən edilmiş hallardan başqa, məcburi əmək qadağan edilir.
Əmək qabiliyyəti olmayan və lazımi dolanışıq imkanlarından məhrum olan hər bir vətəndaşın dövlətdən kömək və yardım almaq hüququ vardır.
Zəhmətkeşlər həmkarlar ittifaqları təsis etməkdə azaddırlar.
Tətil hüququnu zəhmətkeşlər bu hüququ tənzimləyən qanunlar çərçivəsində həyata keçirirlər.
V. SİYASİ MÜNASİBƏTLƏR
Maddə 26, Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşlarının seçki hüququ vardır.
Səsvermə şəxsi, bərabər, azad və gizlidir.
Səsvermə hüququ yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhdudlaşdırıla bilər.
Maddə 27. Azərbaycan Respublikasının siyasətinin müəyyənləşdirilməsinə demokratik yolla kömək etmək üçün Azərbaycan Respublikasının bütün vətəndaşlarının azad surətdə siyasi partiyalar və digər ictimai birliklər yaratmaq hüququ vardır.
Maddə 28. Siyasi plüralizm prinsiplərinə uyğun olaraq siyasi partiyalar ictimai rəyin formalaşdırılmasında və ifadəsində iştirak edirlər və siyasi fəaliyyətin əsas ünsürləridir. Onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində azaddır.
Maddə 29. Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.
Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir.
Maddə 30. Azərbaycan Respublikasının bütün vətəndaşları öz gəlirlərinə uyğun olaraq dövlət xərclərində iştirak etməlidirlər.
Vergi sistemi mütərəqqilik prinsipinə əsaslanır.
Maddə 31. Bütün vətəndaşlar Azərbaycan Respublikasına sadiq olmalı, onun Konstitusiyasına və qanunlarına riayət etməlidirlər.
VI. YEKUN MÜDDƏALARI
Maddə 32. Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır…
DÖVLƏT 33 İL ƏVVƏL
1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanda durum necə idi?
SSRİ dağılanda Azərbaycanda 7 milyon 200 mindən bir az artıq əhali yaşayırdı. Keçmiş SSRİ əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları istehsalına görə ittifaq sənayesində xeyli yüksək yer tuturdu. Belə ki, 80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, o cümlədən 1970 – 1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, şərab və şərab məhsullarının 1/3 hissəsindən çoxu, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i Azərbaycanın payına düşürdü. 80-ci illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığını başqa faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olurdu…
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iqtisadiyyatda bir xaos və tənəzzül hökm sürürdü. Sovet İttifaqının dağılması ilə təzahür edən böhran sənayeyə də öz mənfi təsirini göstərdi. Nəticədə sənaye məhsullarının həcmi və müxtəlifliyi hərtərəfli azaldı. Azərbaycan iqtisadiyyatının çöküşü özünü o illərin makroiqtisadi göstəricilərində daha aydın biruzə verirdi. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında Ümum Daxili Məhsul (ÜDM) hər il orta hesabla 16,5% azalırdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter alaraq, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10%, 1992-ci ildə 37%, 1993-cü ildə isə 50%-ə qədər azaldı. Ölkə istehsal potensialının demək olar ki, üçdə ikisini itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi kəskin artdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3% təşkil etdi. 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə – 1763,5%-lə qədəm qoydu. Cərəyan edən proseslər əhalinin maddi durumunun ağırlaşmasına səbəb oldu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı isə 5,7 dəfə azaldı.
33 il əvvəl Azərbaycan əhalisi sözün həqiqi anlamında aclıqla üx-üzə qalmışdı. İnsanların yaşamaq üçün zəruri olan ərzaq məhsullarını əldə etməsi üçün talon sistemi tətbiq olundu. HAŞİYƏ- Ötən əsrin doxsanıncı illərində insanların maddi durumu barədə yazılan gerçəkləri oxuyan gənclər üçün yaşananlar inandırıcı görünməyə bilər. Ancaq o illəri yaşayanlar, o ağır günlərin şahidləri əhalinin nə qədər məşəqqətlər çəkdiyini təsdiq edər. Xalq gerçəkdən o illər çox müsibətlər çəkdi. SSRİ dağıldıqdan sonra postsovet dövlətlərin heç birinin vətəndaşları Azərbaycan vətəndaşları qədər əzab-əziyyətə düçar olmadı. Bir tərəfdən torpaqlarınm işğalı, o biri tərəfdən siyasi-iqtisadi böhran, digər bir tərəfdən vətəndaş qazrşıdurmaları və qiyamlar xalqın psixoloji durumuna ağır zərbələr vurmaqdaydı...
Doğrudur, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa qərarlı idi. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edirdi. Lakin real durum ölkə iqtisadiyyatını dirçəltməyə imkan vermirdi. Bu, obyektiv və subyektiv səbəblərlə əlaqəli idi. Obyektiv səbəb o idi ki, təkcə Azərbaycan deyil, keçmiş müttəfiq respublikaların hamısı suverenlik əldə etdikdən sonra Kremlin qurduğu iqtisadi sistemin “meyvələrini dadmaqdaydı.” İri sənaye müəssisələri-zavodlar və fabriklər xammal, ehtiyat hissələri və sair yoxluğundan ardarda fəaliyyətini dayandırırdı. Bazar iqtisadiyyatına keçiddən yararlanan işbazlar zavodları, fabrikləri “su qiymətinə” ələ keçirir, dövlət üçün strateji əhəmiyyət kəsb edən mallar satılmaq üçün xarici bazarlara daşınırdı.
Əbülfəz Elçibəyin dövründə dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz daşınmasının qarşısını müəyyən dərəcədə aldı. Ancaq idarəetmə sistemi mükəmməl olmadığı üçün qaçaqmalçılığın qarşısını almaq mümkün olmadı. Nədən ki, sistemlərin mükəmməllikdən uzaq olması ilə yanaşı subyektiv faktor dominant rol oynayırdı. Dövlət ayrı-ayrı vəzifılilər tərəfindən talan olunurdu. Vəzifəyə təyin olunanların ən birinci görəvi dövlətə qulluq etmək deyil, varlanmaq üçün çalışmaq idi.
Hər bir dövlətin möhkəmlənməsində vergi və gömrük sistemləri önəmli rol oynayır. Ən acınacaqlısı o idi ki, gömrük və vergi sistemində çalışanlar dövləti talayanlarla əlbir idi. Təsadüfi deyil ki, 90-cı illərdə bu sistemlərdə rəhbər vəzifə tutanların bəziləri qısa zaman kəsimində çox zənginə çevrilirdi. Vətəndaşlardan toplanan vergilər və rüsumlar dövlətin xəzinəsindən daha çox şəxsi xəzinələrin artmasına yarayırdı. Təkcə 1991-ci ilin sonundan başlayaraq Bakıda fəaliyyətə başlamış “metal mafiyası” Dövlətə küllü miqdarda ziyan vurdu. Dəmir yolları relsləri, tramvay xəttləri, sənaye müəssisələrinin metal konstruksiyaları sökülərək quru yollarla və gəmilər vasitəsi ilə İrana daşınırdı. Bir ovuc işbaz dövlət büdcəsində artıma imkan vermirdi. O işbazların sayəsində Dövlət maliyyə baxımından taqətdən salınmış duruma düşmüşdü. Dövlətin xəzinəsinə süpürgə çəkilmişdi. 1992-ci il iyun ayında Azərbaycan Respublikasının Mərkəzi Bankında valyuta ehtiyatı cəmi 1.5 milyon! ABŞ dolları təşkil edirdi. 1991-1993-cü illərdə qiymət siyasətinin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması başladı. İstehlakçı və istehsalçı qiymətlərinin təxminən 70-80%-i artıq 1992-ci ilin aprel, sentyabr və dekabr aylarında keçirilən qiymətlərin növbəti liberallaşdırılması raundlarından sonra tənzimləmədən çıxarıldı. Qiymətlərin liberallaşdırılması yaşayış xərclərinin, mühüm istehlak mallarının və malların qəfil inflyasiyası ilə nəticələndi. Statistika orta yaşayış xərclərinin orta gəlirdən təxminən 50% artıq olduğunu göstərirdi. Təsəvvür edin, iİstehlak mallarının qiyməti 1990-cı illə müqayisədə 1991-ci ildə 2,07 dəfə armışdı və bu artım hər il bir neçə dəfə artmaqda davam edirdi (1992-ci ildə 10,12%, 1993-cü ildə 12,3 dəfə, 1994-cü ildə 17,63 dəfə).
1993-cü ilin sonlarında həftəlik minimum əmək haqqı gündəlik çörək almaq iqtidarında belə deyildi. Azərbaycanda yüz minlərlə qaçqın və məcburi köçkün aclıqla üzləşdi. Bu isə sosial və siyasi qeyri-sabitliyi daha da artıran bir vəziyyətin təzahür etməsi demək idi.
33 il əvvəlki iqtisadi böhran Azərbaycanın dirçəlişinə böyük zərbə vurdi. Ən təhlükəlisi isə iqtisadi böhranla paralel Dövlətin siyasi böhranla da qarşı-qarşıya qalması idi. Hər iki faktor Azərbaycan Dövlətini və dövlətçiliyini məhvə sürükləyirdi. Problemlər bununla da bitmirdi. 33 il əvvəl torpaqlar işğal olunurdu. Siyasi böhran və torpaqların işğalı avtomatik olaraq xalqın ağır vəziyyətdə olan sosial durumunu arxa plana keçirmişdi. 33 il əvvəl Dövlət üçün davamlı sosial siyasətin önə çıxacağı bəyan edilsə də, prioritetə çevrilə bilmirdi. Etiraf etmək gərəkdir, xalqın 96 faizə qədri keçirilən Referendumda müstəqilliyin lehinə səs vermişdi. Xalqın 1 milyon təmsilçisi müstəqillik üçün Azadlıq meydanında cəm olurdu. Bu XALQ özünün ən məşəqqətli, ağır günlərində belə “qarın davası” etmirdi. Xalqın Dövlətdən tək bir istəyi vardı” Torpaqların düşməndən azad olunması. Vəssalam! Bundan savayı xalq üzləşdiyi heç bir problemdən yana dövlətin yaxasından tutmadı.
33 il əvvəl iqtisadi-siyasi böhrana rəğmən Dövlət mütəşəkkil ordu qurmaq iqtidarında deyildi. Və məhz bu səbəbdən də ermənilər ərazilərimizin işğalını davam etdirirdi.
33 il əvvəl Azərbaycan Dövləti Azərbaycan xalqını qorumaq gücündə deyildi. 33 il əvvəl erməni daşnaklarının və daxildəki qiyamçıların “iş birliyi” sayəsində vətən torpağının beşdə biri işğal olundu və düz 30 il düşmən tapdağında qaldı.
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan hökuməti hərbi qulluğa çağırışı həyata keçirdi və Sovet İttifaqı dağılandan sonra, minlərlə azərbaycanlı könüllü olaraq ruh yüksəkliyi ilə döyüş üçün hərbi xidmətə yazıldı. Azərbaycanın Milli Ordusu təxminən 30,000 kişidən, 10,000-ə yaxın OMON-çudan və Azərbaycan Xalq Cəbhəsinin bir neçə min könüllünün cəm olduğu batalyonlardan ibarət idi. Bundan əlavə Azərbaycanın məlum Milli Qəhrəmanı Gəncədə 709 saylı hərbi hissəsi yaradaraq, 23-cü piyada diviziyasından xeyli silah-sursat və nəqliyyat vasitələri əldə etmişdi. Birdə Əbülfəz Elçibəy iqtidarının Daxili işlər nazirinə tabe olan "Bozqurd" briqadası fəaliyyət göstərirdi. Gənclərimiz vətəni qorumaq üçün ölümdən belə çəkinmirdi. Ən böyük problem o idi ki, ordu mütəşəkkil deyildi. Ayrı-ayrı fəedlərin tabeliyində olan ordu ilə Dövlətin müdafiəsini təşkil etmək və işğalın qarşısını almaq mümkün olmurdu. Digər bir problem Azərbaycan ordusunda xidmət göstərən əsgər və zabitlərin təcrübəsizliyindən irəli gəlirdi. Silah-sursatın, hərbi texnikanın istifadəsində çox ciddi əngəllər mövcud olduğu üçün düşmənə adekvat cavab vermək mümkün deyildi. O maneələrin ortaya çıxmasında düşmən qüvvələri ilə yanaşı özümüzün də xidməti az deyildi. Açıq danışmaq lazımdır, əksər azərbaycanlılar Sovet ordusunda döyüş korpuslarından daha çox tikinti batalyonlarınnda hərbi xidməti başa vururdu. SSRİ dövürndə hərbi xidmətə çağrılan Azərbaycan gənclərinin daha çox “işçi qüvvəsi” kimi inşaat batalyonlarına cəlb olunmasının əsas səbəbkarı təbii ki, Kremlin erməni mafiyası idi. Bu mafiyanın türk düşmənçiliyininin nəticəsi idi ki, təkcə bizim xalqın deyil, həm də Özbəkistan, Türkmənistan, Qırğzıstan və Qazaxıstan gənclərnin böyük əlsəriyyəti Sovet Silahlı Qüvvələrinin tikinti batalyonlarında hərbi xidmətdə olurdu. Məqsəd yalnız və yalnız türkləri aşağılamaq və onların gözlərinin açılmasına imkan verməmək idi. Bununla yanaşı bir nüansı da obyektivlik naminə qeyd etmək gərəkdir. Xalq olaraq nədənsə, övladlarımızın daha mükəmməl hərbi biliklərə yiyələnməsinin, onların döyüş qabiliyyətli əsgər kimi formalaşmasının əvəzinə tikinti batalyonlarında, mətbəxdə və tibbi-sanitar hissələrində xidmət etməsi üçün canfəşanlıq edirdik. Azərbaycandan SSRİ-nin yaxın-uzaq məkanlarında hərbi xidmətdə olan övladını görməyə gedən və eyni zamanda hərbi hissə komandirinə “oğlunu daha asan bir hissəyə keçirilməsi üçün” rüşvət verən çox sayda soydaşlarımız vardı. Təsəvvür edirsinizmi, rüşvət verib gənclərimizin kişi kimi formalaşmasına əngəl olurduq.
Sovet dövründə əsgərlikdə olanlar təsdiq edər, hərbi xidmətdən tərxis olunan gənclərimizin yalnız hərbi and içərkən əllərinə silah aldıqlarını. Övladlarımızı “komfort hərbi hissələrlə təmin etməyin” acısını 1-ci Qarabağ savaşında yaşadıq. Azərbaycanda hərbi-dəniz məktəbi, o cümlədən iki zabit hazırlayan ali məktəbin olmasına baxmayaraq, əsgərlərin hərbi təcrübəsizliyi müharibəyə hazır olmamağımızın və son olaraq məğlubiyyətimizin əsas amillərindən biri idi.
33 il əvvəl 1-ci Qarabağ savaşında Azərbaycan Hərbi Hava Qüvvələrinin ixtiyarında olan 45 hərbi qırıcının demək olar ki, hamısı Rusiya və Ukraynadan gətirilmiş muzdlular tərəfindən idarə olunurdu. Məhz mütəşəkkil, modern və nizami ordu yarada bilmədiyimizdən 1991–1994-cü illərdə Qarabağda və dövlət sərhəddində baş vermiş döyüş əməliyyatlarında 11 mindən artıq Azərbaycan hərbçisi şəhid oldu...
33 il əvvəl vəzifə-kreslo hərisliyinin ucbatından 30 il Azərbaycan xalqının mənliyi aşağılandı, qüruru tapdalandı, başıaşağı yaşamaq zorunda qaldı. Bu azmış kimi xalq vətəndaş qarşıdurması, qardaş qırğını ilə başbaşa qaldı. Dövlətə meydan oxuyan qiyamçılar, anarxistlər, milli satqınlar bu xalqa min müsibət yaşatdı.
Bütün bunlar nə qədər ağır olsa da yaşandı. Əslində yaşanan müsibətlər, əzablar, xalqa yönəlik gerçəkləşən hər türlü alçaqlıqlar, qardaşın-qardaşa silah çəkməsi, Dövləti parçalamaq üçün atılan addımlar, Dövləti sarsıtmaq üçün gerçəkləşən qiyamlar və törədilən qətllər barədə obyektiv seriallar çəkilməliydi. Çəkilməliydi ki, gələcək nəsillər Dövlətin nə qədər ağır imtahanlardan çıxdığını, Xalqın bu fəlakətlərdən, faciələrdən necə xilas olduğunu gələcək nəsillər görüb həm tarixə qiymət versin, həm də yaşananlardan ibrət götürsün. Təəssüf ki, çəkilmədi...