Bölgədə yeni coğrafi xəritə cızılır: Orta Dəhlizin iki vacib iştirakçısı əməkaşlığı gücləndirir

"Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı bir çox qlobal məsələlərə, o cümlədən yeni geosiyasi proseslər fonunda regionda cızılan yeni transnəqliyyat layihələrinin əhəmiyyəti, Azərbaycan-Çin münasibətlərinin müasir vəziyyəti və s. məsələlərə öz müdrik baxışlarını əks etdirdi".

Bunu Lim10.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Prezident, ilk növbədə, Azərbaycan və Çin əlaqələrinin müasir dinamikasına nəzər salaraq, ötən il iyulun 3-də Astanada imzalanmış "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"ni mühüm siyasi hadisə kimi qiymətləndirdi:

"Vurğulandığı kimi, Bəyannamə Azərbaycan-Çin münasibətlərinin iqtisadi, siyasi, humanitar, ictimai, mədəni, elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığına dərin yol açır. Birgə Bəyannamə həm də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) yer alması və ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini təşviq edir ki, bu da Azərbaycanın qlobal iqtisadiyyatda rolunu artıracaq".

Millət vəkili bildirib ki, Azərbaycan və Çin münasibətləri qarşılıqlı hörmət və yaxın dostluq prinsiplərinə əsaslanır:

"Bu, iki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqlu etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün güclü zəmin yaradılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin Çinə səfərləri, eləcə də müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələrin daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. BMT-nin beş daimi üzvündən biri kimi, Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Azərbaycan isə "Vahid Çin" siyasətini dəstəkləyib".

"Çin və Azərbaycanın qlobal ticarətə töhfə verəcək ən mühüm layihə olan Orta Dəhlizdəki fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Qeyd olunduğuna görə, Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi, beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji mövqeyinin əhəmiyyətini nəzərə alaraq, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bu isə bölgədə yeni coğrafi xəritəni cızır", - müsahibimiz əlavə edib.

Deputat dövlət başçısının Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı suala münasibətini şərh edərək bildirib ki, Azərbaycan ÜTT-nin 19 üzvü ilə danışıqlar aparır:

"Bundan başqa, bir sıra üzv dövlətlərdən daxil olan sualların cavablandırılması istiqamətində müvafiq işlər görülür. ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli danışıqlarda mal nomenklaturu üzrə idxal tarifləri və müxtəlif xidmət sektorları üzrə bazara çıxış məsələləri, çoxtərəfli danışıqlarda isə ticarət rejimi, o cümlədən, texniki tənzimləmə və s. məsələlər müzakirə olunur. Hazırda öz qanunvericiliyini ÜTT tələblərinə uyğunlaşdıran ölkəmiz 10-dan artıq hüquqi sənədi təkmilləşdirib, gömrük qanunvericiliyini tam optimallaşdırıb. Yeni qəbul edilmiş Rəqabət Məcəlləsi isə artıq Azərbaycanın ÜTT-yə üzv olmasını tam yaxınlaşdırıb".

Mərahim Nəsib