Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya xarici işlər nazirini ABŞ və Böyük Britaniyanın BMT-dəki nümayəndələri tənqid ediblər.
Böyük Britaniyanın nümayəndəsi Barbara Vudvord Rusiyanı işğalçılıqda ittiham edib.
O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin minlərlə ukraynalının ölümünə səbəb olub: “Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bir ildən çox vaxt keçir. Prezident Putin BMT Konvensiyasını pozaraq bütün ölkəyə əzab gətirdi. Minlərlə ukraynalı öldürülüb, milyonlarla insan ev-eşiyindən didərgin düşüb və dünyada milyardlarla insan əmtəə qiymətlərinin sürətlə artması ilə üzləşib. Rus nəsli öz gələcəyini itirib və Rusiya hakimiyyəti bunun niyə baş verdiyini izah edə bilmir. Rusiyanın Ukrayna ərazisi ilə bağlı iddiası heç vaxt tanınmayacaq. Mən Rusiyanın xarici siyasətində effektiv heç nə görmürəm”, - deyə Böyük Britaniyanın nümayəndəsi bildirib.
ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanı məsuliyyətsizlikdə ittiham edib: “Rusiya sadəcə olaraq BMT Nizamnaməsinə zidd olaraq beynəlxalq sərhədləri güc yolu ilə yenidən çəkmək istəyir. Bu qurumun müdafiə etdiyi hər şeyə ziddir. İnsanlardan piyon kimi istifadə etmək məsuliyyətli ölkənin hərəkətləri deyil, zəiflik strategiyasıdır. Rusiya siyasi oyunlar oynayarkən, insanlar əziyyət çəkir”, - deyə ABŞ nümayəndəsi vurğulayıb.