Volodin “Kiyev rejimi”ni “İslam Dövləti” ilə müqayisə edib
Volodin “Kiyev rejimi”ni “İslam Dövləti” ilə müqayisə edib və söz verib ki, “onu məhv etməyə qadir silahlardan istifadəni tələb edəcək”.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya hakimiyyətinin Ukraynanın dronlarla Kremlə hücumu ilə bağlı bəyanatlara münasibət bildirib.
O, teleqramın səhifəsində yazıb ki, “Kiyev rejimi” “terror təşkilatı kimi tanınmalıdır”. Onun sözlərinə görə, bu, İslam Dövləti (İŞİD -red) və ya Əl-Qaidədən heç də az təhlükəli deyil. “Zelenski rejiminə silah verən qərbli siyasətçilər başa düşməlidirlər ki, onlar terror fəaliyyətinin təkcə sponsoru deyil, həm də bilavasitə ortaqlarına çevriliblər”, – Volodin bildirib.
“Biz Kiyev terror rejimini dayandırmağa və məhv etməyə qadir olan silahlardan istifadəni tələb edəcəyik”, - deyə Volodin yazıb. O, hansı silahdan danışdığını dəqiqləşdirməyib.
Volodinin fikrincə, “prezidentə qarşı terror aktı Rusiyaya qarşı hücumdur”.