İran mediasının Azərbaycana qarşı təxribatları davam edir
“Bakı ilə bağlı Tehranda məsləhətləşmələr: Azərbaycanla gərginliyin azaldılması mümkündür?”
Səidə Sadat Fəhri “Donya-e-eqtesad” saytında yazır:
- “İran və Azərbaycanın xarici işlər nazirlərinin üç raund telefon danışığından sonra Tehran və Bakı arasında gərginliyin azaldılması ehtimalı barədə fərziyyələr çoxaldı. Həmin fərziyyələr bu həftə “Hüseyniyun” qruplaşmasının rəhbərlərinin həbsinə dair xəbərlərin yayılması ilə gücləndi. Lakin bu addıma Bakıdan adekvat cavab gəlmədi və İlham Əliyev hökuməti keçmişdəki gərginlik yaradan tendensiyalarını davam etdirdi. Bununla əlaqədar, çərşənbə axşamı Azərbaycan mətbuatı bu ölkənin təhlükəsizlik qüvvələrinin İranla əməkdaşlıq ittihamı ilə 16 Azərbaycan vətəndaşını həbs etdiyini iddia edib.
Bu hərəkətə cavab olaraq İran da müvafiq tədbirlər gördü və çərşənbə axşamı “İska News” xəbər agentliyi İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən yazıb: "Bir neçə gün öncə Qumda həbs edilən “Hüseyniyun” qruplaşmasının iki rəhbər şəxsi sərbəst buraxılıb. Hazırda gərginliyin azaldılması mümkün deyil".
Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini (anti-Azərbaycan mövqeyi ilə tanınır) də hazırda İran və Azərbaycan arasında gərginliyin azaldılmasının mümkün olmadığını deyib və bu açıqlamasına belə aydınlıq gətirib: Tehranla Bakı arasındakı gərginlik və ixtilaf siyasi deyil, geosiyasi fikir ayrılığıdır. Siyasi fikir ayrılıqları dialoq və kompromis yolu ilə həll oluna bilər, lakin geosiyasi münaqişələr və böhranlar asanlıqla həll oluna bilməz.
Onun sözlərinə görə, gərginliyin coğrafi mənbələri bölünə bilsə, geosiyasi böhran da həll oluna bilər ki, bu da İran və Azərbaycan timsalında mümkün deyil. Başqa bir məsələ odur ki, qüvvələr balansı elə müəyyən edilməlidir ki, köhnə güc münasibətləri aradan qalxsın. Həmçinin, tərəflər arasında münasibətlər xoş niyyətə əsaslanmalıdır və onlar geosiyasi böhranı həll etmək istəyində olmalıdır.
“Halbuki, İran və Azərbaycan arasında yaranmış gərginliklə bağlı coğrafi resurslar bölünməzdir. Çünki Tehranla Bakı arasında böhran “Sünik” vilayəti (Zəngəzur) ilə bağlıdır ki, onunla bağlı vəziyyət müəyyəndir...”.