Qılıncdaroğlu Rusiyaya xəbərdarlıq etdi!
Ərdoğanın əsas rəqibi Rusiyanı Türkiyədən “əllərini çəkməyi” və qarşıdan gələn seçkilərə müdaxilə etməməyi tələb edib. Kreml cavab verdi ki, qarışmayıb
Rusiya hakimiyyəti Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə əsas rəqibi Kamal Qılıcdaroğlunun dediyi kimi, Türkiyədə keçirilən prezident seçkilərinə müdaxilə etdiklərini inkar edir. Bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü bildirib ki, Rusiya digər ölkələrin “daxili işlərinə və seçki proseslərinə qarışmır” və Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir. “İkitərəfli münasibətləri yüksək qiymətləndirən Rusiya öz tərəfdaşının daxili işlərinə qarışmayacaq”, - deyə o, bildirib.
Peskov əlavə edib ki, Rusiya bu cür iddiaları “qəti şəkildə rədd edir”. “Biz rəsmi şəkildə bəyan edirik ki, heç bir müdaxilədən söhbət gedə bilməz. Əgər kimsə cənab Qılıcdaroğluna belə bir məlumat veribsə, deməli, onlar yalançıdırlar”, - Peskov bildirib.
Kamal Qılıcdaroğlu mayın 11-də axşam saatlarında Türkiyə və rus dillərində iki tvit yazaraq Rusiyaya müraciət edib: “Əziz rusiyalı dostlar, dünən ölkəmizdə ifşa olunan montajların, sui-qəsdlərin, “Deep Fake” məzmunlu yazıların arxasında siz dayanırsınız. 15 Maydan sonra dostluğumuza davam etmək istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən uzaq tutun. Biz hələ də əməkdaşlıq və dostluğun tərəfdarıyıq”, - deyə Türkiyə prezidentliyinə namizəd bildirib.
Kamal Qılıcdaroğlu bu açıqlamanı Rəcəb Tayyib Ərdoğanın kürd yaraqlı liderinin Kamal Qılıcdaroğluna səs verməyə çağırdığı videonu tərəfdarına göstərməsindən sonra verib.
Türkiyədə prezident seçkilərinin birinci turu mayın 14-nə təyin edilib. Həmin gün ölkədə parlament seçkiləri keçiriləcək.