Ana dili hərəkatının güneyli fəalı sürgünə göndərilir
Yenicə həbsdən çıxan ana dili hərəkatının fəalı Əlirza Fərşi mayın 15-də yenidən Tehranın Evin həbsxanası yanında fəaliyyət göstərən "Şəhid Müqəddəs" Prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırılıb.
Bu barədə Azərbaycan İnsan Haqları Təşkilatının sosial media hesabında məlumat yayılıb.
Məlumata görə, məhkəmə nümayəndəsi Məhəmməd Mehrdadi ondan giriş məktubu ilə sürgün qərarının icrası üçün Xuzistan əyalətinin Bağməlik şəhər məhkəməsinə müraciət etməsini tələb edib.
Milli fəal məhkəmə nümayəndəsinin tələbinə etiraz etdiyini yazıb.
"3 il müddətinə həbsdə, nəzarətdə oduğum üçün işləyə bilmədiyimi və bu müddət ərzində bütün imkanlarımın tükəndiyini dedim. Tanımadığım şəhərdə heç bir vəsait və işim olmadan yaşamağın mümkün olmadığını bildirib, sürgün yerində hökumətin ən azından yatmağıma yer ayırmasını istədim.
O, isə sürgün həyatının belə olmalı olduğunu deyərək, mənə azadlıqda olduğum üçün şükür etməyimi məsləhət gördü",- Fərşi bildirib.
Qeyd edək ki, Əlirza Fərşi fevralın 8-də həbsdən buraxılıb.
O, ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehranın Evin zindanına köçürülüb.