Tərtər qətliamı dövlət çevrilişinə aparan yol idi
Tərtərdə törədilmiş ağır cinayətlə ilgilənən hər kəsi daim bu suallar maraqlandırır: belə bir qəddar cinayəti, özü də açıq-açkar şəkildə törətməkdə məqsəd nə idi? Cinayətkar, xain çətə öz cinayəti ətrafında bu qədər geniş şəbəkəni necə yarada bilmişdi?
Cinayətin ilk günlərindən onun sonunadək ictimai rəyi yönəldən (əslində isə çaşdıran) “ekspertlərdən”, “siyasətçilərdən”, “bloggerlərdən” və digər “ictimai fəallardan” tutmuş aşağı məhkəmə instansiyalarına, saxta hökmlər çıxaran və onları Ali Məhkəmədə təsdiqləyən hakimlərədək hər kəsi bir araya kim və necə gətirmişdi?
Tərtər qətliamı başlayandan cəmi 2-3 gün sonra “ekspert”, “siyasətçi” adına həvəslə açıqlamalar verən cinayət dəstəkçilərinin media vasitəsilə yanlış rəy formalaşdırmaları onların buna əvvəlcədən hazırlıqlı olduqlarına dəlalət etmirdimi?
Bütün suallara cavab tapmaq üçün yenidən 2016-cı ilin aprel döyüşlərinə və ardınca da 44 günlük müharibəyə müraciət etməliyik. Əslində isə bir qədər daha əvvələ qayıtmali, amma hər bir detal haqda ayrı-ayrılıqda danışmalıyıq.
Aprel döyüşlərinin bir növ test olduğu bu gün artıq heç bir sual doğurmur, çünki on illər idi dalana dirənmiş danışıqların heç bir nəticə verməyəcəyi və münaqişənin həllinin hərbi müstəviyə keçəcəyi də bəlli idi.
Münaqişə isə həll olunmalı idi, çünki bunu qarşıdan gələn geosiyasi mübarizə tələb edirdi. Odur ki, xain çətə də artıq aprel döyüşlərindən əvvəl formalaşdırılmalı idi və belə də olmuşdu.
Əslində o, hər zaman mövcud olmuşdu, sadəcə aprel döyüşləri ərəfəsində ona yeni və çoxmərhələli təlimatlar verilmişdi.
İlk növbədə aprel döyüşlərində sabotaj və xəyanət olmalı idi ki, əvvəla, Azərbaycan uğur əldə edə bilməsin, ikincisi isə gələcək addımlar üçün şərait yaradılmış olsun.
Növbəti mərhələdə xain çətə yenidən təşkilatlanmalı və qarşıdan gələn daha böyük savaşda məğlubiyyəti təmin etmək üçün öncədən ordunu sındırmalı, onu xalqın gözündən salmalı, aprel döyüşlərində fərqlənmiş hərbçiləri sıradan çıxarmalı idi.
Tərtərdə törədilən vəhşilik də elə bu məqsədə xidmət edirdi. Bunun ardınca gələn savaşda ordu şimal istiqamətində məğlub olmalı və Tərtər-Göranboy zonasına Rusiyanın işğalçı ordusu “sülhməramlı” adı altında yerləşdirilməli, Gəncə dəhlizini tam nəzarətə götürməli idi.
Beləliklə də əsas geosiyasi vəzifələrdən biri – Orta Dəhlizin keçməli olduğu Gəncə Dəhlizinin Rusiyanın nəzarətinə keçməsi və onun Şimal-Cənub dəhlizinin bir parçasına çevrilməsi təmin olunurdu.
Amma burda da bir sual açıq qalır ki, Azərbaycanın məğlubiyyətinə görə məsuliyyət kimin üzərinə qoyulmalı idi və ümumiyyətlə, hərbi məğlubiyyətin səbəbləri xalqa necə izah olunmalı idi?
Axı məğlubiyyət olduğu halda buna görə mütləq məsuliyyət də olmalıdır və həmin məsuliyyəti təkcə hansısa hərbçilərin deyil, həm də və ilk növbədə elə siyasi hakimiyyət nümayəndələri daşıyırlar.
Planın həmin hissəsinin hansı sxem üzrə icra edilməli olduğunu anlamaq üçün isə 2013-cü il prezident seçkiləri ərəfəsində və ondan sonra baş verən hadisələrdən başlamalıyıq.
Xüsusilə də Azərbaycanın hərbi-dəniz qüvvələrinin dağıdılması və bunun ardınca Xəzərin statusunun dəyişdirilməsindən başlayaraq 2016-cı ilin aprel döyüşlərindən, 2017-ci ildə törədilmiş Tərtər qətliamının təhlilindən keçib, 2018-2020 illərdə baş verən siyasi dəyişiklikəri xronoloji ardıcıllıqla araşdırmalı olacağıq.
Həmin təhlilin nəticələri isə göstərir ki, Tərtərdə qətliam törətmiş çətənin vəzifəsi təkcə həmin qanlı cinayəti törətmək deyildir. Xəyanətkar çətənin qarşısında daha ciddi vəzifə dayanırdı.
Bəlkə də həmin vəzifə elə bu gün də qalmaqdadır və o, hərbi məğlubiyyətin ardınca Azərbaycanda dövlət çevrilişi həyata keçirib, ölkəni tam təcrid etmək və cəmiyyəti nəzərətə götürmək idi.
Elə həmin məqsədlə də xəyanətkar çətənin fəaliyyətinə qatılmış şəxslər arasında ilk gündən vəzifələr də müvafiq şəkildə bölünmüşdür ki, gələcəkdə hər kəs Tərtər qətliamında yerinə yetirdiyi vəzifəsini daha geniş miqyasda (bütün əhaliyə qarşı) icra etmək üçün “sınaqdan” keçsin.
(davamı var)