DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy 

Kitabdan hissələr- 33

AZƏRBAYCANDA DEMOKRATİYANIN DURUMU
Azərbaycanda demokratiyanın durumuna nəzər yetirməzdən əvvəl bu məfhumun yaranma tarixinə qısa bir nəzər salaq.
Demokratiya (xalq hakimiyyəti), cəmiyyətin siyasi təşkili forması olaraq xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına, vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığı yer alır.
XX əsrdə antropoloqlar kənd təsərrüfatı təşəkkül tapmazdan əvvəl olan kiçik ovçu-toplayıcı icmalarda erkən demokratiyanın formalarını tapdılar. Adətən qohumluq əlaqələri ilə sıx bağlı olan 50-100 nəfərlik qruplarda qərarlar çox vaxt konsensus və ya səs çoxluğu ilə, bir çox hallarda isə heç bir konkret rəhbər təyin edilmədən qəbul edilirdi. Bu demokratiya növü çox vaxt tayfaçılıq və ya ibtidai demokratiya adlanır. İbtidai demokratiya adətən kənd soveti və ya kənd ağsaqqalları tərəfindən dəstəklənən liderlə üzbəüz müzakirələrin aparıldığı kəndlərdə və ya kiçik icmalarda baş verirdi. Monarxiya, tiraniya, aristokratiya və oliqarxiya da daxil olmaqla digər idarəetmə formaları çox vaxt əhalinin daha sıx məskunlaşdığı şəhər mərkəzlərində inkişaf edirdi.
Demokratiya anlayışı və konstitusiya idarəetmə forması qədim Afinada təxminən eramızdan əvvəl 508-ci ildə yarandı. Qədim Yunanıstanda müxtəlif idarəetmə formalarına malik bir çox şəhər dövlətləri mövcud olduğundan, demokratiya elitlərin idarə etməsi (aristokratiya), tək bir şəxsin idarə etməsi (monarxiya) və tiranların idarə etməsi (tiranlıq) kimi idarəetmə formaları ilə müqayisə edilirdi. Afinadakı demokratiya zamanın məşhur alimləri tərəfindən birmənalı qarşılanmırdı. Demokratik idarəetmənin ən qızğın əleyhdarı Platon idi. Demokratiyanın tənqidçiləri tez-tez epistokratiya, plural səsvermə və ya püşkatma yolu ilə seçki kimi digər idarəetmə formaları ilə demokratiyanın uyğunsuzluqlarını, paradokslarını və məhdudiyyətlərini vurğulamağa çalışırdı. Onlar müasir demokratiyaların əksəriyyətini demokratik poliarxiyalar və demokratik aristokratiyalar kimi səciyyələndirir və faşist məqamları müəyyən edirdilər. Hətta, müasir demokratiyaların yaratdığı cəmiyyətləri neofeodal adlandırırdılar. Tənqidçilərin digər bir qismi isə demokratiyanı nasizm, anarxo-kapitalizm, teokratiya və mütləq monarxiya ilə müqayisə edirdi. Siyasi mütəfəkkirlər demokratik siyasi sistemlərin tənqidinə müxtəlif prizmadan yanaşırdı. Platondan əlavə demokratiyanın tənqid edən tarixi şəxsiyyətlərdən Aristotel, Montesquieu, Jean-Jacques Russeau, Martin Heidegger, Hubert Lagardel, Charles Maurras, Friedrich Nietzsche, Carl Schmitt, Oswald Spengler, Glovieze, Erik-Lvoniech, G Menahem Şahın adını çəkmək olar. Müsair mütəfəkkirlərdən alman filosofu və sosiaoloqu Jurgen Habermas, ABŞ-ın ünlü siyasət nəzəriyyəçiləri Robert Alan Dahl, və Robert E. Goodin, Bernard Manin, Fransalı məşhur filosof Joseph Schumpeter və digərləri də demokratiyanın tənqidçiləri kimi tanınır. 1947-ci il noyabrın 11-də Britaniya parlamentində çıxış edən İngiltərənin baş naziri Uinston Çörçill aforizmə çevrilmiş bir ifadə işlətdi: “Demokratiya ən pis idarəetmə formasıdır”
1492-ci ildə Kristofer Kolumb tərəfindən kəşf edildikdən sonra bir çox dövlətin koloniyalar qurduğu Amerika Birləşmiş Ştatları, müasir demokratiya anlayışının ortaya çıxdığı ilk ölkə kimi tanınır. ABŞ müasir demokratiya konsepsiyasını inkişaf etdirən ilk ölkə olmaqla yanaşı, prezidentlik sisteminin vətəni kimi də tanınır.
Bu gün sivil dünya dövlətin idarəedilməsinin ən məqbul formasının məhz demokratiya olduğunu qəbul edib.
Demokratiyanın əsasında şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət dayanır. Təsadüfi deyil ki, Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində belə yazılıb: "…bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir".
Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir...
Berlin divarının yıxılması və Sovet Sosialist Respublikaları İttifaqının dağılması XX əsrin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü. Bu səbəblərdən, İkinci Dünya Müharibəsindən sonra soyuq müharibənin sona çatması və sosializmin dağılması ilə yeni siyasi mənzərə ortaya çıxdı. SSRİ tərkibindəki müttəfiq respublikalar müstəqilliklərini əldə etdilər və suveren dövlətlərə çevrildilər. Zəngin yeraltı sərvətləri ilə xarici dövlətlərin diqqətini cəlb edən Azərbaycan və digər keçmiş müttəfiq respublikalar siyasi strukturlarını demokratik yolla dəyişəbilər hala gətirə bilmək üçün böyük şans əldə etdi. Ancaq demokratiyanın ilk şərtlərindən biri sayılan müstəqillik elan olunsa da, uzun zaman müstəmləkə statusunda olmuş və yeni yaranmış müstəqil dövlətlərin demokratiyanın klassik tərifini (“xalqın, xalq tərəfindən, xalq üçün idarə edilməsi”) həzm etməsi heç də asan olmayacaqdı. Başqa sözlə, çökmüş iqtisadiyyat demokratik mühitin formalaşmasına imkan verməyəcəkdi. Bu dezavantaj təkcə postsovet ölkələri üçün deyil, həm də XX əsrdə müstəmləkəçilikdən xilas olmuş üçüncü dünya ölkələrinin əksəriyyəti üçün də xas idi. Odur ki, bu ölkələr müstəqillik əldə etdikdən sonra politologiya ədəbiyyatında “demokratiyaya keçid dövrü” adlanan dövrü yaşamaq zorundaydı. Bu dövrün əsas xüsusiyyəti isə iqtisadi inkişafa və sosial inteqrasiyaya nail olmaq üçün demokratiyanın müəyyən müddətə dayandırılması-arxa plana keçirilməsi idi. Əsrlər boyu Rusiya monarxiyası və kommunist rejimi tərəfindən idarə olunan ölkədə demokratiya mədəniyyətinin qısa zaman müddətində tam formalaşması olduqca zor bir işdir. Bunun üçün zamana ehtiyac var. Yeni yaranmış dövlətlərin ayaqda durması üçün ilk növbnədə iqtisadiyyatını dirçəltməsi şərtdir. İqtisadi inkişafın prioritet olması isə avtomatik olaraq insan hüquqları və qanunun aliliyi kimi anlayışların önəmini azaldır. Diqqət etsəniz, postsovet ölkələrinin demək olar ki, hamısında bənzər vəziyyəti görəcəksiniz. SSRİ-nin iflasından sonra yaranan suveren dövlətlər demokratiyadan öncə iqtisadiyyatın barəsində düşünmək məcburiyyətində idi. İqtisadiyyatın nizama salınmaması SSRİ-dən miras qalmış böhranı daha da dərinləşdirə biulərdi. Böhran nəticəsində yaranan səfillik dövlətə qarşı radikal meyllərin artması ilə müşayitə olunduğundan demokratiyanın bərqərar olması üçün “keçid dövrü” qaçılmaz idi. Sadə dillə ifadə etsək, müstəqillik əldə etmiş dövlətlərin qarşısında iki yol vardı. 1. Öncə iqtisadi inkişafa nail olmaq və tədricən demokratik ünsürlərin oturuşmasını təmin etmək; 2. İqtisadiyyatı prioritet saymadan demokratiyanın bütün elementlərini vətəndaşların “istifadəsinə buraxmaq.”
HAŞİYƏ-Azərbaycanda demokratiyanın durumuna baş vurmazdan öncə bəzi statistik rəqəmlərə diqqət etməyin faydalı olacağı qənətindəyəm. Azərbaycanın 10 milyondan bir az artıq əhalisi var və bu əhalinin də 96 faizi müsəlmanlar, 4 faizi isə digər dinlərin nümayəndələridir. Həmin müsəlmanların da 70 faizi şiə, 30 faizi əhli-sünnədir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. Şiə məzbəhi İslamda 100-dən çox qola bölünən ilk məzhəbdir. Azərbaycanda 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 38-i isə qeyri-islam (xristian – 27; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Azərbaycan əhalisinin 90 faizi azərbaycanlı, 10 faizi rus, talış, ləzgi, yəhudi və ermənidir.
Hazırda respublikamızda bir İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir. Ölkə ərazisində 2258 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.
Azərbaycanda ali təhsilli insanların sayın a diqqət edin. 2022-ci əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir. 10 il öncə-2012-ci ildə bu göstərici 125 nəfərə bərabər idi. Yəni son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12 % artıb. Azərbaycanda ticarət və ictimai iaşə sektorunda çalışanların sayı 700 mindən artıqdır.
Rəsmi rəqəmlərə görə Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə aşağı yerlərdən birindədir. Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 mindən çoxdur. Ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16.6 % təşkil edir. İqtisadi fəal qadınların cəmi 14 %-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19 %-ə bərabərdir...
AZƏRBAYCANDA DEMOKRATİYA
XX əsrdə Azərbaycanda dörd fərqli sistem hakim oldu. XX əsr başlananda Azərbaycan 70 ildən artıq idi ki, Çar Rusiyasının işğalı altındaydı. Bundan sonra Azərbaycan 23 ay müstəqillik dövrü yaşadı. Bolşeviklərin işğalı nəticəsində Azərbaycanda sosializm hakimiyyəti dövrü başlandı. Bu ağır assimilyasiya dövründən sonra 1991-ci ildə SSRİ dağıldı. Və bu prosesin nəticəsi olaraq 1991-ci ildə Azərbaycan yenidən müstəqil dövlət kimi mövcud oldu. 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqillik qazanması böyük tarixi hadisə oldu və Azərbaycan xalqının həyatında yeni era başlandı. Müstəqilliyini bərpa edən Azərbaycan Respublikası demokratik, sivil və liberal dəyərlərə əsaslanan dövlət quruluşunun yaradılmasını əsas məqsəd kimi qarşıya qoydu. Bu kontekstdə müasir cəmiyyətlərə uyğunlaşmaq üçün idarəetmə sahəsində müxtəlif islahatlar həyata keçirilməsi əsas şərt sayılırdı. İslahatların əsas məqsədi isə köhnə sovet idarəçiliyindən miras qalmış ağır dövlət quruluşundan xilas olmaq və yeni, daha səmərəli, demokratik idarəetmə strukturuna sahib olmaq idi. İkinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycan yeni dünya düzənində üç əsas səbəbə görə dünyanı idarə edən güclərin diqqəti cəlb edirdi: 1. Geostrateji baxımdan Şimali Qafqaza və Mərkəzi Asiyaya qapı olduğu üçün; 2. Mərkəzi Asiya dövlətlərinin Avropaya keçid nöqtəsində yerləşməsinə görə; 3. Böyük miqdarda neft və təbii qaz ehtiyatlarına malik olduğundan yana...
İllərdir beynəlxalq siyasi institutlar neqativ durumu barədə hesabatlar açıqlayır. Nədən? Yaxın tariximizə ekskursiya edək.
Ayaz Mütəllibov dönəmində demokratiya
1991-ci il 30 avqustunda Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Hər iki tarixi sənəd qəbul olunan zaman Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. İlk müstəqil televiziya olan ANS-də onun dönəmində açıldı. Hələ 1990-cı ildə A. Mütəllibov mane olmadığı üçün parlamentə müxalif cəbhəsindən 25 nəfər deputat seçilmişdi...
Bu cür önəmli işlərə qol qoymasına baxmayaraq A. Mütəllibov tipik partokrat olduğundan demokratiyanı ümumiyyətlə, yaxına buraxmaq fikrində deyildi. Ömrü Kommunist Partiyasının Nizamnaməsi çərçivəsində keçmiş bir adamın düşüncə tərzində birdən-birə 180 dərəcəlik dönüşün təzahür etməsi gerçəkləşə bilməzdi. Bunun üçün zamana ehtiyac vardı. Onun demokratik düşüncə daşıyıcılarının başında gələn Xalq Cəbhəsi ilə münasibətlərini xatırlayın. O günlərdə Azərbaycan xalqı AXC rəhbərləri ilə A. Mütəllibov arasında parlamentdə gerçəkləşən tragikomik səhnələri televiziyadan canlı olaraq izləyirdi. Əsrlərlə müstəmləkə həyatını yaşamış bir xalq üçün bu səhnələr çox şaşırdıcı idi. Demokratiyanın fəlsəfəsindən xəbərsizlər mitinqlərdə ölkə rəhbərinin əleyhinə səslənən fikirlərdən cuşə gəlirdi. Demokratiya kürsü uğrunda mübarizədə silah rolundaydı Azərbaycanda. Xalq “demokrat və partokrat” olaraq iki hissəyə bölünmüşdü. Kəndlərdə, qəsəbələrdə, rayon mərkəzlərində partokratları vəzifə kreslosundan aşırmaq üçün düzənlənən mitinqlərdə demokratlar “söz azadlığı” silahından gen-bol istifadə edirdi. “Ruhu yüksəlmiş” və “cuşə gəlmiş” kəsim nə demokratik xaosu, nə də Dövlətin müharibə vəziyyətində olduğunu görə bilirdi. Ayaz Mütəllibov “baş partokrat” olaraq öz vəzifəsini qorumaq istəyirdi. “Baş demokratlar”-AXC rəhbərliyi “nəyin bahasına olursa-olsun” A. Mütəllibovun kreslosunu ələ keçirmək üçün “ölüm-dirim” savaşındaydı. Beynin özününküləşdirmədiyi-tam olaraq həzm etmədiyi demokratiya Azərbaycanda kreslo dəyişikliyi yaratmaqla bərabər torpaqların işğalı üçün də münbit şərait yaradırdı...
Əbülfəz Elçibəy dönəmində demokratiya
Ə. Elçibəy hakimiyyətə keçər-keçməz demokratiyanı büsbütün Azərbaycan xalqının “istifadəsinə verdi”. Yaşayış məkanlarımızın ard-arda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir zamanda ölkədə fövqəladə vəziyyət elan etmək əvəzinə Azərbaycan Xalq Cəbhəsi iqtidarı “partokratları“ “demokratlarla” əvəzləmək üçün qollarını çırmadı. İçimizdəki lənətə gəlmiş vəzifə hərisliyi Dövlətin düçar olduğu ağır durumu görməyə imkan vermirdi. Ə. Elçibəyin komandasındakı anormallıqları təkrar xatırlatmaq fikrində deyiləm, sadsəcə, vurğulamaq istəyirəm ki, o günlərdə Azərbaycandakı demokratiya dərəbəyliyə çevrilməkdəydi. Məhz bu çevrilmə prosesinə rəğmən ölkədə anarxizm və separatizm baş qaldırmağa başladı. Nəticə? Nəticə o oldu ki, düşmən daha çox torpaq işğal etdi. Nəticə o oldu ki, Ə. Elçibəy meydanda tək qalmasına rəğmən Bakını tərk etdi. Nəticə o oldu ki, Azərbaycanın başının üstünü federallaşma və vətəndaş müharibəsi təhlükəsi aldı...
Heydər Əliyev dönəmində demokratiya
Xalq Cəbhəsi tərəfindən Heydər Əliyev Bakıya dəvət ediləndə Azərbaycandakı acınacaqlı durum barədə yuxarıda ətraflı yazdıq. O vaxt da, elə bu gün də bir kəsim siyasətçi H. Əliyevin Azərbaycanda demokratiyanı boğduğunu vurğulayır. Qərəzsiz və vicdanlı oxucuya sual edirəm, Heydər Əliyev Əbülfəz Elçibəyin siyasi kursunu davam etdirəcəyini bəyan etsəydi, Dövləti Gəncədəki korpus komandiri- Milli Qəhrəmanın, Lənkərandakı batalyon komandirinin, OMON-un anarxist himayədarlarının cəngindən xilas etmək mümkün olardımı? Xalqa demokratiya haqqında gəlişigözəl sözlər deməklə ərzaq mağazalarının boş piştaxtaları aşıb-daşacaqmıdı? Bir sualım da var? Yenicə müstəqilliyini elan etmiş, müharibə vəziyyətində olan, iqtisadi-siyasi böhran sayəsində yox olmaqla başbaşa qalmış Dövlət demokratik şüarlarla, söz azadlığı ilə, plüralizmlə ayaqda qala bilərdimi? Tarixdən onlarla örnək gətirmək olar. Nə qədər ölkədfə Dövlətin təşəkkül tapması, formalaşması, oturuşması üçün demokratiya gözardı edildi. Örnək? Qardaş Türkiyə Cumhuriyyəti 1923-cü ildə qurulsa da, çoxpartiyalı sistemə yalnız 1946-cı ildə keçildi...
H. Əliyev Azərbaycanı federallaşmadan, vətəndaş müharibəsindən xilas edib ölkə daxilində asayişi bərpa etdikdən sonra prioritet olaraq demokratiyanı deyil, iqtisadiyyatın inkişafını seçdi. O günlər Azərbaycanın dünyaya pəncərə açmasına ehtiyac vardı. Mitinqlər yolu ilə bunu etmək mümkün olmayacaqdı. Tək yol Azərbaycan neftinin dünya bazarına çıxarılması idi. ABŞ və müttəfiqləri üçün də Azərbaycanın demokratik durumu yox, nefti önəm daşıyırdı. ABŞ üçün Azərbaycanda demokratiya prioritet sayılsaydı, neft və qazla ilgili bağlanan müqavilələri imzalamaqdan imtina edərdi. Ağ Ev maraqlarından yana təkcə Azərbaycanla deyil, bir sıra avtoritar rejimlərlə də iqtisadi yönümlü müqavilələr imzalayıb və bu gün də imzalamaqdadır. Bill Klintonun prezidentliyi dövründə Özbəkistanda insan haqlarının ifrat dərəcədə pozulması ilə bağlı ABŞ-ın sərt tənqidlərinə baxmayaraq, Vaşinqton İran, Əfqanıstan və Rusiyanın bölgədəki təsirini nəzərə alaraq avtoritar İslam Kərimovun tərəfini tutdu. Bu, Mərkəzi Asiyada Rusiyanın təsirini cilovlamaq üçün ABŞ-ın avtoritar liderləri necə dəstəkləyə biləcəyinin bariz nümunəsidir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilməsində, müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin mühüm xidmətini qeyd etməmək ədalətsizlik olar.
Ərazisinin 20 faizi işğal altında olan və beynəlxalq arenada heç bir ciddi dəstəyə malik olmayan bir dövlət torpaqları xilas etmək üçün güclü iqtisadiyyata sahib olmalı idi. Heydər Əliyev üçün iqtisadiyyatın dirçəlməsi ən ümdə vəzifə idi və o, Azərbaycanın iqtisadi tərəqqisinin bünövrəsini qoymağa nail oldu. Ən önəmlisi isə Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın suverenliyinin ziddinə olan bir addım belə atılmadı. Bəzi siyasətbazlar H. Əliyevin hakimiyyətə gəlişindən sonra Dövlət Himninin, Gerbinin, Bayrağının dəyişəcəyini deyirdi. Dəyişdimi?
lham Əliyevin dönəmində demokratiya
Atası Heydər Əliyevin siyasi kursunu davam etdirən İlham Əliyev üçün də iqtisadiyyatın inkişafı ön planda idi. Onun Azərbaycan Dövləti üçün etdiyi xidmətləri təkrar etməyə lüzum yoxdur. Məhz onun prezidentliyində Azərbaycanın iqtisadi inkişafı ən yüksək səviyyəyə çatdı.
Mən bilərəkdən, beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın durumu barədə dövri olaraq açıqladığı hesabatlar barədə yazmıram. Nədən ki, Azərbaycanın avtoritar dğvlətlər arasında yer almasında təəccüblü bir şey görmürəm. (Əgər Azərbaycan əhalisinin 96 faizi müsəlman olmasaydı, təəcüblənmək nədir, lap belə heyrətə gəlmək olardı) Bir neçə faktora görə. Birinci faktor Azərbaycanın da müsəlman ölkəsi olmasıdır. Dünyada Azərbaycandan başqa 49 müsəlman ölkəsi var. Və o 49 müsəlman dövlətin az-çox demokratiyaya sahib Türkiyə istisna olmaqla hansı birində demokratik üsul-idarə hakimdir? Elə buradaca oxucuya sual edirəm, müsəlman zejniyyəti ilə demokratiyanın uzlaşması mümkündürmü? İslamın “olmaz” dediyinə demokratiya “olar” dediyi təqdirdə müsəlman zehniyyəti onu necə həzm edə bilər?
İkinci faktor Azərbaycanın da SSRİ dağıldıqdan sonra suverenliyini qazanmış keçmiş müttəfiq respublikalardan biri olmasdır. O respublikaların əksəriyyətində demokratik durum demək olar ki, eynən Azərbaycanda olduğu kimidir. V. Putin 25 ildir Rusiyanın, A. Lukaşenko 31 ildir Belorusun, Emamali Rahman 30 ildir Tacikstanın, ata-oğul Berdımühəmmədovlar 18 ildir Türkmənistanın, Nursultan Nazarbayev 29 il Qazaxstanın de-yuro, 6 ildir də de-fakto prezidentiddir...
Digər bir faktor demokratiyanın durumu ilə bağlı tərtib olunan hesabatların müstəqilliyini elan etmiş və inkişaf etməkdə olan dövlətlərə qarşı basqı üçün bir silah rolunu oynamasıdır. Dünyanı idarə edən güclər “demokratiya silahından” postsovet dövründə intensiv şəkildə istufadə etməyə başladı. Bəlkə də onuncu dəfə yazıram, sadəlövhlər elə başa düşür ki, ABŞ, İngiltərə və Fransa XX əsrin sonlarında müstəqil olmuş dövlətlərdə yalnız və yalnız demokratiyanın bərqərar olması üçün “dəridən-qabıqdan” çıxıb. Bu üç dövlət üçün Azərbaycanda demokratiyanın olub-olmamasının heç bir əhəmiyyəti yoxdur və bundan sonra da olmayacaq. Onlar Azərbaycanın var-yoxunu daha çox istismar etmək üçün yarışır və bunun üçün dövriyyəyə “demokratiya” silahını soxmaqla Dövlətə basqı etmək istəyir. Azərbaycanda özünü Dövlət və Millət fəadaisi hesab edənlərə xitabən yazıram, onlar üçün bu toplumun Məmmədhəsəninin və ya Fatmanisəsinin demokratik bir cəmiyyətdə yaşayıb-yaşamamsının bir abbasılıq dəyəri yoxdur. Onların bir məqsədi olub, var və bundan sonra olacaq. O da ondan ibarətdir ki, Azərbaycanın maddi sərvətlərini istismar etmək və Azərbaycanda Dövləti təzyiq altında saxlamaq. Bu gün İlham Əliyevin prezidentliyində onlar bunu edir, sabah da digər bir Azərbaycan türkünün prezidentliyində Dövlətə basqını davam etdirəcəklər. Buna əmin olun...
Öncə feodalizmdə, sonra sosializmdə yaşamış bir toplumun demokratiyaya adaptasiya olması üçün bir neçə baryeri aşması gərəkdir. Demokratiya təkcə Dövlətin bəyanı ilə həyata keçmir. Onu gerçəkləşdirən o dövlətin vətəndaşlarıdır. Afinada toxumu səpilmiş, ABŞ və Fransada qəlibi hazırlanmış bir idarəetmə sisteminin əsrlərlə kölə vəziyyətində olmuş müsəlman xalqları tərəfindən həzm edilməsi bir ilin, on ilin, lap belə onillərin işi deyil. Müsəlman zehniyyəti ilə demokratiyanın düz, ya da, tərs mütənasib olduğunu müəyyən etməyi oxucunun öhdəsinə buraxmaq fikrindəydim. Həkim olaraq və cəmiyyətin inkişaf qanunlarından xəbərdar biri kimi o fikrdəyəm ki, demokratiyanın beyinin həzmindən keçməsi üçün toplumun dünyaya baxışı dəyişməlidir. Dünyaya baxışın dəyişməsi üçün də elmə olan münasibət dəyişməlidir. Əhalisinin hər 10 nəfərindən biri ticarətlə məşğul olan toplumun başında islahatlar aparması çox zor bir işdir, qardaşım. Lütfən, yuxarıda sadalanan o statistik rəqəmlərə bir də baxın. Bizdə iqtisadi fəal əhalinin yalnız 17 faizə qədəri universitet təhsili alıb. O 17 faizin içərisində təxminən “nə qədər saxta diplom var” sualına cavab axtarmaqda olun, sizi bəzi statistik rəqəmlərlə də tanış edim. Kanada və Cənubi Koreya əhalisinin 65-67 faizi ali təhsillilərdən ibarətdir. Bunun nə anlama gəldiyinin fərqindəsinizmi? Təhsilin səviyyəsinə görə dünya reytinq sıralamasında birinci onluğa daxil olan dövlətlərin adını yazıram: 1. ABŞ; 2. İngiltərə; 3. Almaniya; 4. Kanada; 5. Fransa; 6. İsveçrə; 7. İsveç; 8. Yaponiya; 9. Hollandiya; 10. Avstraliya.
Demokratiya da, rifah da, haqq-ədalət də təhsilin səviyyəsi yüksək olan dövlətlərdə olur. Unutmayın, demokratiya qəhrəmanlar və ya liderlər rejimi deyil. Sadə vətəndaşların rejimi olduğunu nəzərə alsaq, başa düşülməlidir ki, vətəndaşların yüksək təhsil səviyyəsi bir ölkənin demokratik gələcəyinə təsir edəcək ən mühüm elementlərdən biridir...
Digər bir nüansa diqqət edin. Hər bir müsəlmana bəllidir ki, İslam din olaraq bütpərəstliyi rədd edir. Bu gün Azərbaycanda 728 pir və ziyarətgah var. O 728 pir və ziyarətgaha pənah aparan toplumun nəyinə gərəkdir demokratiya və ya elm. O kəslərin nə vaxtsa beynində islahat gerçəkləşəcəyini və demokratiyanı həzm edəcəklərini ağlınızın ucundan belə keçirməyin.
Bir toplumun savadsızı, cahili bir yana həkimi və müəllimi belə pensiyanın azlığından söhbət düşərkən “buna da şükür, verməsələr nə edəcəyik” deyirsə, o toplumun tezliklə demokratiyaya qovuşması absurddur...
HAŞİYƏ- Dünyanın ən qüdrətli dövlətləri tarixlərinin müəyyən kəsimində ən qəddar diktatorların idarəsində olub. Almaniya Adolf Hitlerin, İtaliya Benito Mussolininin, İspaniya Fransisko Frankonun, Çili Auqusto Pinoçetin... diktatorluğunda yaşadı.
Heydər Əliyev və İlham Əliyev Azərbaycanda diktatura yaratdılarmı? Xeyr! Heydər Əliyev və onun siyasi kursunun davamçısı İlham Əliyev diktator olsaydı, 50-dən artıq siyasi partiya, yüzlərlə qəzet dövlət tərəfindən qeydiyyata alınardımı? Diktatorlar üçün ən səciyyəvi hal mətbuatda senzuranın tətbiqidir. Bir neçə qəzet və sayt istisna olmaqla (onlar haqqında ayrıca yazılacaq) bu gün hansı mətbuat orqanında və sosial şəbəkədə senzura var? Sosial şəbəkələrdə milyonlarla Azərbaycan vətəndaşı sərbəst şəkildə öz fikirlərini izhar etmirmi? Hər gün onlarla, yüzlərlə sosial şəbəkə paylaşımında dövlət başçısı kəskin tənqid edilir. Bəzi əxlaqsızlar təhqirə belə əl atır. Prezident İlham Əliyevin tənqid edənlər bir yana təhqir yolu seçənlərə qarşı hər hansı hüquqi işləm başlatdığına rast gəldinizmi? Bu mövzu ilə ilgili qardaş Türkiyədən bir örnək gətirim. Dörd il ərzidə (2019-2022) Türkiyədə dövlət başçısına həqarət iddiası ilə 52 mindən artıq vətəndaş məsuliyyətə cəlb olundu və onlardan 5 mindən çoxunun barəsində cinayət işi açıldı. Azərbaycanda dövlət başçısına həqarətə görə neçə nəfərə cinayət işi başladıldı?
Azərbaycanda baş verən siyasi prosesləri izləyən əksər müşahidəçilərin fikrincə, Azərbaycanın demokratiya yolunda hələ gediləsi çox uzun bir yol var. Buna baxmayaraq, bir çox faktorlar Azərbaycanın demokratik gələcəyi ilə bağlı pessimist olmağa imkan vermir.
O faktorlar hansılardır? Birincisi, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlara üzv oldu. Xüsusilə, BMT, ATƏT, Avropa Şurasına üzvlük və Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi... Azərbaycanın qapalı bir ölkə olmasının qarşısını alır.
Digər bir faktor avtoritar təfəkküründən uzaq olan gəncliyin yetişməsidir. ABŞ və Qərbi Avropanın müxtəlif universitetlərində təhsil almış və təhsil almaqda davam edən bir “ordu” formalaşır ki, onlar avtoritarizmə meyllənmir.
Üçüncü faktor Dağlıq Qarabağ münaqişəsinin bitməsidir. 44 günlük Zəfərdən sonra Ermənistanla bağlanması gözlənilən Sülh Sazişindən sonra yeni bir atmosfer yaranacaq Azərbaycanda. Və bu atmosferin dayanıqlı olması üçün demokratiya və insan haqlarına riayət önəmli şərtlərdən birinə çevriləcək.
Dördüncü faktor Azərbaycanda toplumun əsasən homogen bir toplum olmasıdır. Başqa sözlə, ifrat millətçilik və fundamentalizm Azərbaycanda Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha az problem yaradacaq.
Beşinci faktor Azərbaycanın Asiyanın deyil, Avropanın bir hissəsi olmasıdır. Azərbaycan Avropa üçün nə qədər əhəmiyyət kəsb edirsə, Avropa da Azərbaycanm üçün bir o qədər əhəmiyyətlidir. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir. Təbii ki, bu rəqəm Avropanın maraq dairəsindədir və buna görə də Azərbaycanın “diqqətdən yayınması” mümkün deyildir...
Azərbaycan iqtisadi asöpektdən gücləndikcə və buna rəğmən müstəqil siyasət yürütdükcə Beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın neqativ durumu barədə açıqlamaları gəlməkdə davam edəcək. Onlar çox gözəl bilir ki, gənc bir müsəlman ölkəsində demokratiyanın “meydan sulaması” o dövlətdə xaos və vətəndaş qarşıdurması yaradacaq. ABŞ-ın ixracatsısı olduğu “ərəb baharı”, “qızılgül” və “narıncı” inqilabların bir sıra ərəb ölkəsini, Gürcüstanı və Ukraynanı hansı duruma düçar etdiyini xatırlayın. Onlara güclü, qüdrətli və müstəqil dövlət yox, dünyanı idarə edən üçlüyün vassalı olan bir dövlət lazımdır.
Dörd ildir Ermənistanla diplomatik müharibə davam edir. Bu gün hansı faciə qarşısında olduğumuzu anlamaq üçün heç də dərin zəkaya malik olmaq lazım deyil. Bu gün cəmiyyətin müzakirə predmeti demokratiya deyil, Dövlət və Dövlətçilik olmalıdır. Başının üstündə müharibə təhlükəsi dayanan cəmiyyətdə gərəkirsə, müəyyən zaman kəsimində avtoritar, hətta diktatura rejimi qurula bilər. Unutmaq olmaz ki, gələcək nəsillərə Dövlət miras qoyulmalıdır. Dövlətdən söhbət gedirsə, Dövlətin taleyi masaya qoyulubsa, millətin bir araya gəlməsi ən mühüm şərtdir.Özümüz-özümüzü idarə etmək zorundayıq. Özünü idarə edə bilməyən millət isə Mustafa Kamal Atatürkün təbirincə desək, başqa millətlərin "ov"u olur...
Azərbaycandakı sosial prtoblemlər və demokratiyanın durumu barədə ən müfəssəl məlumata sahib olan şəxs dövlət başçısıdır.Bu gün Zəfərdən sonra adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış İlham Əliyevin qarşında bir neçə fövqəladə əhəmiyyət kəsb edən problemin həllinə nail olmaq durur. Birincişi, Ermənistanla Sülh Sazişi imzalamaq və Zəngəzur dəhlizini açmaqdır. İkincisi, Dövlətin təməlini dağıdan rüşvət və korrupsiyaya qarşı total müharibəyə start verməklə sosial ədaləti bərqərar etməkdir. Üçüncüsü isə, Azərbaycanda demokratiyanın oturuşmasını təmin etməkdir.
Azərbaycanın uğurlu xarici siyasət kursu sayəsində Ermənistanın Sülh Sazişini imzalayacağı qaçılmazdır. Zəngəzur dəhlizinin açılması və Naxçıvan Muxtar Respublikasının blokadadan xilas olacağı gün də uzaqda deyil. Məhz bu problemin aradan qalxması ölkədə rüşvət və korrupsiyanın kökünün kəsilməsi, sosial ədalətin və demokratik ünsürlərin bərpa edilməsi üçün münbit şərait yaradacaq. Və prezident İlham Əliyevdən başqa heç bir siyasi lider, heç bir siyasi qüvvə bu problemi ağrısız-acısız həll etmək iqtidarında deyil...