SOCAR prezidenti gürcüstanlı həmkarı ilə görüşub
1 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi strateji layihələrin regionun iqtisadi inkişafını gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib.
Ötən ilin dekabrında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.
Görüş çərçivəsində SOCAR-ın Gürcüstandakı çoxşaxəli fəaliyyətindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.