Siyasətlə məşğul olanlar üçün...
Səxavət Əlisoy
Avropanın istədiyi demokratiya deyil!
10-15 il əvvəl Avropaya sığınan müxalifətçiləri mənsub olduqları partiya sədrləri yönləndirirdi.
Bir neçə ildir o sığınanlar demək olar ki, partiya sədrlərini idarə edir.
Anlamayanlar və razılaşmayanlar üçün açıqlayıram.
Partiya var ki, sədrin əsirinə çevrilib.
Partiya da var ki, sığınmaçılarının əsiridir.
Avropada çox sayda tanıdığım sığınmaçı var. Aralarında sivil və etik çərçivədə mübarizə edənlər var. Məntiqli paylaşımlar edir, tənqid və təkliflərini açıqlayır.
Bir kəsim də var ki, yalnız təhqir dilində danışır.
O kəsimin qorxusundan partiya sədri mübarizə taktikasında dəyişiklik etməyə cəsarəti çatmır.
Belələrini etik mübarizəyə dəvət etməyə belə riskli baxır partiya sədri.
Bilir ki, belə bir çağırış etsə, özünün yetişdirdiyi, Avropanın isti ağuşunda problemsiz həyat sürən sığınmaçısı təhqir silahını ona sarı tuşlayacaq.
Siyasi dialoq tərbiyəsi olmayanların iqtidar-müxalifət münasibətlərinin gərgin qalmasında önəmli rolu var.
O adamlar nədən təhqir dilində danışır? Cəmiyyətin bəlli bir kütləsi var ki, təhqiri ürəkdən alqışlayır. Təhqirlə danışanı cəsarətli hesab edir. Ancaq bir kəsim də var ki, təhqir dilindən iyrənir.
Bunu bir kənara qoyub, digər suala cavab axtaraq.
Təhqir dili danışanın tərbiyəsizliyidir, ya ağuşuna sığındığı dövlətin təhlükəsizlik orqanlarının sifarişidir?
10:90 nisbətini mən yazdım.
Razılaşmaya bilərsiz. Amma onunla razılaşmaq zorundasız ki, sosial şəbəkələrdə öz dövlətinə qarşı savaş açanların əksəriyyəti xüsusi xidmət orqanlarının büdcəsindən yemlənir.
İmperialist dövlətlər istismar etdiyi dövlətlərdə vətəndaş həmrəyliyindən əsla məmnun deyil. İqtidara təsir gücünü artırmaq üçün o qüvvələr azsaylı "demokrat"lara münbit şərait yaradır. Nəticədə iqtidar-müxalifət münasibətləri tarıma çəkilmiş vəziyyətdə qalır.
Bu gərginlik onların nəyinə lazımdır? Evimizin içində özümüzün həll edə biləcəyimiz problemlərin çözülməsi üçün nədən somurucu arbitrə ehtiyac olmalıdır?
Biriləri inandırmağa çalışır ki, Qərb demokratiyanın tərəfindədir.
Bu, iyrənc bir təfəkkür məhsulu.
Qərb heç vaxt əxlaqlı bir mübarizəni məqbul saymadı.
Onların İraqa, Liviyaya, Əfqanıstana, Misirə, Hindistana, Nigeriyaya... gətirdikləri demokratiyanı xatırlayın.
O gərginlikdə daha çox qazanır.
Ardı olacaq...